İkinci Dünya Müharibəsi bitib. İntriqalar davam edir
Polşada İkinci Dünya Müharibəsinin başlanmasının yubileyinə həsr olunmuş tədbirlər həyata keçirilir. 80 il əvvəl bu günlərdə Hitler Almaniyası bu ölkəyə hücum edib.
Harada və necə qeyd edirlər?
İlk olaraq sentyabrın 1-də bu tarix Polşanın Velyun şəhərində qeyd olunub – 1939-cu ildə ən birinci bu şəhər hava hücumuna məruz qalıb.
Daha sonra iştirakçılar və qonaqlar Varşavaya yollanıblar.
Almaniya prezidenti Ştaynmayerin çıxışı xüsusilə yaddaqalan olub. O, Polşadan “nasist tiranlığına” görə üzr istəyib – BBC xəbər verir.
Eyni zamanda matəm tədbirləri İkinci Dünya Müharibəsi zamanı əhalisinin demək olar ki, dörddə birini itirən bütün Polşa ərazisində keçirilib.
•İkinci Dünya Müharibəsində Qələbə Gününü Qafqazda necə xatırlayır və qeyd edirlər?
Kim gəlib, kim gəlməyib?
İkinci Dünya Müharibəsinin başlanmasının 80 illiyində qırx ölkənin rəhbərliyi Polşaya gəlib. Amma əsas iki ölkə – ABŞ və Rusiya liderlərinin tədbirlərdə iştirak etməməsi hər kəsin diqqətini çəkib.
Prezident Tramp bir neçə gün əvvəl Polşa səəfrini təxirə salıb. O, bunu yaxınlaşmaqda olan güclü “Dorian” qasırğası ilə əlaqədar olaraq ölkədə olmasının vacibliyi ilə izah edib. Onun əvəzinə tədbirdə ABŞ-ı vitse-prezident Maykl Pens təmsil edir.
Prezident Putinin iştirak etməməsi planlaşdırılmışdı. Polşa onu dəvət etməkdən imtina edib. Polşa xarici işlər nazirinin müavini bildirib ki, Rusiya faciəvi hadisələrin ildönümünü tarixi həqiqət ruhunda qeyd etməkdə maraqlı deyil.
•Putin Avstriyanın XİN rəhbərinin toyuna kazak xoru ilə gedib
“Dünya hələ də İkinci Dünya Müharibəsindən dərs çıxarmayıb”, – Polşa prezidenti Anjey Duda deyib və Moskvanın revanşizminin dünyanı yeni hərbi fəlakətlərlə təhdid etdiyinə diqqət çəkib.
Duda deyib ki, Rusiya Gürcüstan və Ukraynaya hücum edib və bu ölkələrin ərazilərinin böyük hissəsini işğal edib.
Polşa prezidenti Avropa İttifaqı və NATO üzvləri olan ölkələri İkinci Dünya Müharibəsinin təkrarlanmasına imkan verməməyə və bunun üçün “istənilən hərbi təcavüzə qəti müqavimət göstərməyə” çağırıb.
“Son zamanlar biz görürük ki, bəzi ölkələr imperializmə meyllənir, o cümlədən də Avropada. Biz sərhədlərin yenidən nəzərdən keçirilməsi, digər dövlətə hücum və başqasının ərazilərinin zəbt edilməsi cəhdlərini müşahidə edirik”, – o bildirib.
Pərdə arxasında nələr baş verir?
Yubiley tədbirlərinin pərdə arxasında qızğın diplomatik fəaliyyət həyata keçirilir.
Ən mühüm iqtisadi və siyasi hadisə ABŞ, Polşa və Ukrayna arasında qaz alveri sahəsində üçtərəfli memorandumun imzalanması olub.
Polşa maye qazın ABŞ-dan Şərqi Avropa və Baltikyanı ölkələrə ən böyük təchizatçısı olmağa can atır.
İmzalanmış memoranduma əsasən, 2021-ci ildən Ukrayna maye qazı Polşadan alacaq ki, bu da onun Rusiyadan alınan qazdan asılılığını azaldacaq.
Ukrayna prezidenti Vladimir Zelenski və ABŞ-ın vitse-prezidenti Maykl Pens arasında görüş baş tutub və sonuncu bildirib ki, onun ölkəsi “Ukraynanı fəal şəkildə dəstəkləməyə davam edir”.
Düzdür, müşahidəçilər eyni zamanda prezident Trampın Ukraynaya hərbi sahədə ayrılan 250 milyon dollar həcmində yardımın “vəsaitlərin xərclənməsinin yoxlanması məqsədilə” saxlanması haqda verdiyi qərara diqqət yönəldirlər.