İki nəfərlik günah: Niyə Ermənistan və Azərbaycan öz səhvlərini qəbul etməlidir?
Hazırda Ermənistan və Azərbaycan iki xalq arasındakı münaqişə müddətində baş verən qanlı faciələrə görə öz məsuliyyətini inkar edir, günahı bir-birinin üzərinə qoyur. Bəs bu mövqe nə dərəcədə xeyirlidir?
Xolokost qurbanlarının xatirə memorialı müasir Berlinin əsas görməli yerlərindən biridir. Berlin divarı kimi “Terror topoqrafiyası” da, yəhudi işçilərini nasistlərdən xilas edən fabrikant Otto Vaydın keçmiş emalatxanasındakı kiçicik muzey də.
Əlbəttə, Berlində İkinci Dünya Müharibəsi ilə heç bir əlaqəsi olmayan başqa maraqlı yerlər də var. Amma orada olduğum yeganə gün məhz bu qəbildən olan abidələrin ziyarət gününə çevrildi. Odur ki, Almaniya paytaxtı yaddaşımda öz “qara keçmişini” gözlər önünə sərən, peşmanlığını nümayişkaranə ifadə edən və bu zaman təkkəbürlü ləyaqətindən heç nə itirməyən şəhər kimi qaldı. Bütün bunlar spesifik hörmət və təəccüb qarışığı doğurur.
Sən demə, belə olurmuş. Deyə bilərik ki, bəli, biz bütün mümkün vasitələrlə milyonlarla insanı məhv etmişik, özümüzü vəhşicə apparmışıq və bu, əlbəttə ki, dəhşətlidir, amma biz bunu unutmuruq, unutmayacağıq da və bunun bir daha təkrarlanmaması üçün özümüzə və sizə həmişə xatırladacağıq. Bütün bunları demək olar və üzüyümüzün qaşı düşməyəcək. Daha keçib, tarixinin ən bərbad səhifələrini turist bələdçisinin əlavə səhifələrinə çüvirmək də mümkündür.
İndi isə təsəvvür edin ki, günlərin birində Şuşada, məsələn, 1905-ci ildən başlayaraq Ermənistan-Azərbaycan münaqişəsinin bütün qurbanlarının xatirəsinə ümumi memorial ucaldılacaq. Bütün qırğınların, artilleriya hücumlarının mülki qurbanlarının xatirəsinə. Amma əvvəlcə bütün bunları ən azından qəbul etmək lazımdır. Bizim nümunəmizdə isə həm Ermənistan, həm də Azərbaycan günahı bir-birinin üstünə atır və sovet remissiyaları zamanı verilmiş fasilə ilə yüz il müddətində baş verənlərə görə məsuliyyətin bir hissəsini belə israrla öz üzərinə götürmək istəmir. Barışığın əsas şərti kimi isə hər iki tərəf ONLARA ünvanlanmış üzrxahlığı hesab edir: deyirlər, qoy əvvəl ONLAR haqsız olduqlarını etiraf etsizlər, biz də, daha keçib, onları bağışlayarıq.
Qarabağ münaqişəsinin yekun həllinin nəzəri cəhətdən necə ola biləcəyi fikrindən uzaqlaşaq. Amma hətta əgər ideal, hamını təmin edən həll yolu tapılsa da, bu, çətin ki, bir anın içində uzun illər davam edən düşmənliyi aradan qaldırsın, çətin ki, onilliklər boyu toplanmış qarşılıqlı kin və ədavəti sıfırlasın. Əsl barışıq yolu yalnız qarşılıqlı şəkildə öz səhvlərini və haqsızlığını etirafdan keçir. Yalnız qarşılıqlı peşmanlıqdan. Ya da əgər səmimi şəkildə alınmırsa, heç olmasa, peşmanlığın imitasiyasından.
Bu zaman ən başından kimin haqsız olduğunun və münaqişəni kimin başlatdığının da önəmi yoxdur. Mütləq günahsızlıq iddiaları və tikanlı taclı, bəyaz libaslı qurban obrazı, hətta tək bir insana aid olduqda belə, olduqca gülünc görünür. Daha ölkələr və cəmiyyətlərdən danışmıram. Hətta İkinci Dünya Müharibəsindən də – Almaniyanın əsas antaqonist rolunun öhdəsindən çox gözəl gəlməsinə baxmayaraq – heç bir dövlət tamamən ləkəsiz çıxa bilmədi.
Əlbəttə, öz günahını etiraf etmək heç kimin xoşuna gəlmir. Ünvanıa səslənən ittihamları da istədiyin qədər inkar etmək mümkündür. Almaniya da 1970-ci illərin sonlarına qədər bunu edib: hər şey belə olmayıb, daha doğrusu, tam da belə olmayıb, şişirtməyin, biz də əziyyət çəkmişik, ümumiyyətlə Hitler avstriyalı olub, bizdən nə istəyirsiz?!
Müəyyən məqama qədər ziddiyyətli fikirləri yalnız ayrı-ayrı marjinallar səsləndirib. “Almanların günahının” etiraf edilməsi siyasi gündəmə çox sonra gəldi, həm də müxtəlif xarici və daxili amillərin təsiri ilə.
Əlbəttə, Almaniya nümunəsi unikaldır, göstərici deyil və Ermənistan-Azərbaycan münasibətləri kontekstində bunun xatırlanması çox da yerinə düşməyə bilər. hər ehtimala qarşı: yox, mən İkinci Dünya Müharibəsi ilə iki kiçik ölkənin cəlb oolunduğu ərazi-etnik münaqişə arasındakı paralel aparmıram və bu münaqişə iştirakçılarından heç birini nasistlərlə müqayisə etmirəm.
Məsələ Almaniyada deyil. Məsələ ondadır ki, qarşılıqlı günahların etirafı olmadan hər hansı müharibə və etnik “dava-dalaşın” izlərindən qurtulmaq mümkün deyil. Və öz səhvlərini qəbul etmək, nəhayət, “yetkin” davranışdır.
Bütün bunlardan başqa, öz günahının etirafı opponentinin “kozırlarından” birini əlindən alır – o, artıq cavab zorakılığına “ədalətin bərpası” kimi haqq qazandıra bilməyəcək. Və bu zaman ola bilər ki, nəhayət, bu qanlı estafet başa çatsın.
Prinsipcə hazırda nə Ermənistan, nə Azərbaycan hökumətlərinin “özünütənqidlə” məşğul olmaq üçün alışıb-yanmadıqları aydındır və məntiqlidir. Cəmiyyətlərin də bu istəkdən uzaq olmaları başqa mməsələdir. Günahsız olmadıqları ilə bağlı düşüncəni yaxın belə buraxmaq istəmirlər. beynəlxalq ekspertlərdən də tamamilə bu və ya digər tərəfi tutmalarını tələb edirlər.
“Hər ikisi qaynadıb” variantına görə ekspert hər iki tərəfdən nəsibini alır. Bunun dərsliyə düşəcək ən bariz nümunəsi britaniyalı jurnalist Tomas de Vaalın “Qara bağ” kitabının məhz heç bir tərəfi təmizə çıxarmağa və ya ləkələməyə çalışmadığı üçün həm Ermənistanda, həm də Azərbaycanda bəyənilməməsidir.
Bəli, mən anlayıram ki, hələ zamnı deyil. Və hələ uzun müddət zamanı gəlməyəcək (əgər cəmiyyəti və siyasətçiləri öz ritorikalarını dəyişməyə vadar edəcək hər hansı şərtlər yetişməzsə). Ağrı da, eyforiya da hələ çox yenidir.
İndi bu ağrə və eyforiyada bizim ölkələrimizin milli ideyası qurulur (mənim gəldiyim nəticə deyil, amma bununla razıyam). Bu, ən yaxşı “tikinti materialı” deyil, amma çox populyardır, həm də təkcə bizim regionda yox.
Xülasə, hələ zamanı deyil. Və hələ uzun müddət zamanı gəlməyəcək. Ümumiyyətlə nə vaxtsa gələcəyi də fakt deyil. Amma bunsuz Cənubi Qafqazda həqiqi sülh yaranmayacaq. Maksimum növbəti remissiya.
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.