İki addım geri, bir addım irəli
Dövlət Statistika Komitəsinin məlumatına görə, 9 milyon əhalisi olan Azərbaycan ötən il bir milyona yaxın turist qəbul edib.
Gürcüstana elə həmin il ərzində 5 milyon qonaq gəlib – yəni ölkə əhalisinin sayından daha çox.
Dünya İqtisadi Forumunun “səyahət və turizmdə rəqabətə davamlılıq reytinqində Azərbaycan 84-cü, Gürcüstan isə 71-ci yeri tutur.
Gürcüstanın iqtisadiyyatı barədə danışarkən bir çox azərbaycanlılar təkəbbürlə çiyinlərini çəkirlər. Bununla belə, bütün bu avrovijnlərə, Avropa oyunlarına və telekanallarımızın yorulmadan dediyi kimi, bütün dünyadan turistləri cəlb etmək üçün görülən digər tədbirlərə baxmayaraq, Gürcüstan xariciləri daha çox cəlb edir.
Çoxları olduqca baha qiymətlərdən sonra ikinci səbəb kimi viza rejimini göstərir.
Nəsə etmək lazımdır
Bu günlərdə Azərbaycan prezidenti İlham Əliyev elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza sisteminin yaradılması haqda fərman imzaladı. Fərman Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativliyi və şəffaflığı təmin edən elektron viza sisteminin yaradılması məqsədi ilə imzalanıb.
Bu yeniliklər nəyi nəzərdə tutur?
“ASAN Viza sistemi vasitəsilə əcnəbilər elektron viza ala, onun rəsmiləşdirilməsinə görə dövlət rüsumu ödəyə, ASAN qurumundan lazımi məlumatı əldə edə bilərlər. Viza üç iş günü ərzində veriləcək.
Bu, xoş xəbər olsa da, xatırladaq ki, altı il əvvəl əcnəbi Azərbaycanda vizanı hava limanında, ölkəyə gələndən sonra alırdı. Vizaların hava limanında verilməsi də prezidentin fərmanı ilə ləğv edilib. Həmin vaxtdan etibarən də əcnəbilər vizaları Azərbaycanın öz ölkələrindəki səfirliklərindən alırlar.
İyunun 1-də Aİ nümayəndəliyinin Azərbaycandakı rəhbəri Malena Mard konfrans zamanı bildirib ki, bu yenilik “Avropa İttifaqı ölkələrindən Azərbaycana turist axınının artmasına imkan yaradacaq.
Əvvəllər
Amma addımların ardıcıllığına nəzər yetirsək, bunun geriyə atılan bir neçə addımdan sonra irəli atılan bir addım olduğunu görərik.
2013-cü ilin aprel ayından etibarən Azərbaycanda üç gündən artıq qalmalı olan bütün əcnəbilər mütləq qeydiyyatdan keçməli idilər. Bir il yarımdan sonra bu müddət 10 günə qədər uzadıldı. Qonaq və onu dəvət edən şəxs yaxınlıqda yerləşən poçt şöbəsində qeydiyyatdan keçməsələr, ölkədən çıxarkən turistlər 300 manatdan 400 manata qədər cərimə ödəməli olacaqlar. Əcnəbilərin qeydiyyatı proseduru SSRİ-də mövcud olub, əksər post-sovet respublikaları onu ləğv edib. Azərbaycan da onlardan biriydi, amma sonra (2013-cü ilin aprel ayından) yenidən tətbiq etməyə başladı.
Yoxan və Marin Azərbaycana 2014-cü ildə cəmi bir həftəlik gəliblər, buradan gedərkən isə iki nəfərə görə 600 manat həcmində cərimə ödəməli olublar. “Bizə Parisdəki səfirlikdə həqiqətən də kitabça təqdim etdilər, burada başqa şeylərdən əlavə qeydiyyatdan keçməli olduğumuz da yazılmışdı, – Marin danışır, – biz orada vacib məlumatların olduğunu bilmirdik və heç oxumadıq da, qeydiyyatdan keçməli olduğumuzu isə ancaq sərhədi keçərkən öyrəndik. Cəriməni də ödəməli olduq.
Gürcü jurnalist, bloqer, səyahətçi Temo Kiquradze danışır: “Mən Aİ və ABŞ-dan olan turistlərə tez-tez rast gəlirəm, özüm də səyahət edirəm, ona görə də orada tanışlarım çoxdur. Bir çoxları isə sadəcə yazıb, qısa müddət ərzində Cənubi Qafqazda hara gedə biləcəkləri barədə məsləhət istəyir. Oturub plan quranda isə belə alınır ki, onlar vaxtlarının hardasa 70 faizini Gürcüstanda, təxminən 30 faizini isə Ermənistanda keçirirlər. Onlara Azərbaycanı gəzməyin necə maraqlı olduğunu deyəndə isə, adətən bir cavab verirlər – viza almaq prosesi çox çətindir, çox zaman və pul aparır. Təəssüflə düşünürəm ki, məhz bu viza maneəsinə görə Azərbaycan çox sayda turist itirir.
Bu, kömək edəcəkmi?
Viza rejimi kontekstində Azərbaycan inkişaf edən ölkəyə xas addımlar atmır, iqtisadçı Natiq Cəfərli belə hesab edir. “Faktiki olaraq, viza məsələsində Azərbaycan dünyada ən qapalı ölkələrdən biridir, – o deyir, – digər inkişaf etməkdə olan ölkələrdən fərqli olaraq, Azərbaycanın ancaq MDB-nin bir neçə dövləti ilə vizasız rejimi var. Bu zaman iqtisadçının sözlərinə görə, ölkə indiyə qədər yüksək turist potensialı olan ABŞ, Qərbi Avropa, İran və Türkiyə üçün viza rejimini ləğv etmir. “Belə söhbətlər gəzirdi ki, Türkiyə və İran üçün vizalar aradan götürüləcək, amma vəziyyət dəyişməz olaraq qalır, – Cəfərli deyir. – Qonşu Gürcüstanla müqayisə etsək, orada yüzdən çox ölkə üçün vizasız rejim mövcuddur, bu il də rekord vuruldu – Gürcüstana hələ ilin əvvəlindən 2,5 milyon turist gəlib. İqtisadçı hesab edir ki, vizalara nəzarətin ASANa verilməsi vəziyyəti dəyişməyəcək.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə çox nikbindir. Onun sözlərinə görə, ötən illər ərzində nazirlik xarici turistlərin diqqətini cəlb edə, onlara Azərbaycan və onun turizm sahəsindəki imkanları barədə məlumat verə bildi. Qarayevin sözlərinə görə, nazirlik Nazirlər Kabinetinin müzakirəsində olan yaxın on il ərzində ölkədə turizmin inkişaf strategiyasına diqqət yetirir.
Yəni hər şey plan üzrə gedir.
- ASAN (Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi) vahid pəncərə prinsipi ilə operativ işləyən və vətəndaşların sevgisini qazanmış orqandır. Təşkilat başqa qurumların bir sıra funksiyasını yerinə yetirir, amma müasir xidmət və rüşvətxorluğun olmaması ilə seçilir.
- Azərbaycanlı turistlər arasında populyar olan Gürcüstan 108 ölkəyə vizasız giriş təmin edir. Azərbaycanın isə 9 ölkə – Rusiya, Belarus, Ukrayna, Moldova, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan üçün vizasız rejimi mövcuddur.
Dərc edilib: 06.06.2016