Çimərliyə getmək üçün icazə almaq – Azərbaycanda belə bir sistem tətbiq etmək istəyirlər
Bakı İcra Hakimiyyəti başçısı Eldar Əzizov çimərliklərdə yerlərin elektron sistem üzrə bron edilməsini təklif edir. Yəni çimərliyə getmək üçün insanlar əvvəlcədən xüsusi elektron sistem üzrə yer bron etməli olacaqlar. Məmurlar ümid edirlər ki, bu yolla çimərliklərdə hədsiz çox sayda insanın toplaşmasının qarşısını almaq mümkün olacaq – “1news” xəbər verir
Şəhər sakinləri bu xəbəri əsasən ironiya ilə qəbul ediblər. Məmurların özləri də daxil olmaqla, hələlik heç kim anlamır ki, bu ideyanı texniki olaraq necə həyata keçirmək mümkündür. Elektron sistem hələlik hazırlanmayıb, nüanslar düşünülməyib. Məsələn, Bakı ətrafında “nizamlanan” pullu çimərliklərdən başqa pulsuz ictimai çimərliklər də var ki, onlara heç kim nəzarət etmir, xilasediciləri saymasaq. Adətən məhz bu çimərliklərdə insan çox olur. Aydın deyil ki, hakimiyyət bu çimərliklərə gəlib-gedənləri necə nəzarətdə saxlayacaq.
- “Səhərə qədər rəqs edəcəm və döymə döydürəcəm” – bakılılar karantindən sonrakı planları ilə bölüşürlər
- Art-əyalət: Azərbaycanın regionlarında gənclər mədəni həyatı necə inkişaf etdirir?
Əzizovun ideyası pullu çimərliklərdən birinin inzibatçısı Amil Məmmədovun ürəyincə olub.
“Əgər elektron icazə sistemi tətbiq olunsa, biz əvvəlcədən konkret gündə nə qədər insanın gələcəyini əvvəlcədən planlaşdıra və gələnlərin sayının mövcud limitdən daha çox olmasının qarşısını ala bilərik”, – o deyib.
Məmmədovun sözlərinə görə, onların çimərliyi eyni zamanda 1000 nəfərdən 1500 nəfərə qədər insan qəbul edə bilir.
Deputat Fazil Mustafanın fikrincə isə belə sistem narahatlıqlar yaradacaq və ən yaxşısı sadəcə çimərliklərdə məsafənin qorunmasına nəzarət etməkdir.
“Sadəcə yerlərdə qaydalara əməl olunmasına nəzarət etmək lazımdır. Mən düşünürəm ki, mürəkkəb həll yolları tətbiq etməkdənsə, bu, daha asandır”, – deputat hesab edir.
Adətən Azərbaycanda çimərlik mövsümü rəsmən iyunun ortasında açılır. Amma bu il bu, hələlik sual altında qalır. Bu arada isə bəzi şəhər sakinləri artıq dəniz kənarına getməyə başlayıblar.
Azərbaycanda elektron icazə sistemini karantin dövründə “sınaqdan çıxarıblar”. İnsanlar evdən çıxmaq üçün çıxış məqsədlərini göstərməklə hakimiyyətdən icazə almalı idilər. İcazə gün ərzində 2-3 saatlıq verilirdi. Amma bu tədbirə baxmayaraq, Bakı küçələrində bütün karantin dövründə çox sayda insan olub.