Pandemiya zamanı Azərbaycana qayıda bilməyənlər – bu, yaxşıdır, ya pis?
Koronavirus pandemiyası bir çox azərbaycanlıları ölkə hüdudlarından kənarda yaxalayıb. Kimsə xaricdə işləyir, kimsə təhsil alır. Sərhədlər qəfil bağlandığı üçün çoxları evə qayıda bilməyib.
Azərbaycanda sərt karantinin ilkin mərhələsindən sonra sərhədlərin açılması haqda danışmağa başladılar, amma koronavirusla bağlı vəziyyət o qədər pisləşdi ki, ölkəni yenidən “qapatmaq” lazım gəldi.
- “Bilmirəm indən belə necə olacaq”. Bakıdan musiqi, biznes və koronavirus haqda hekayə
- Art-əyalət: Gənclər Azərbaycanın regionlarında mədəni həyatı necə inkişaf etdirirlər?
- Gürcüstanın Marneuli şəhərində 1000 qonaqlıq toysuz həyat
Pandemiyanı evində keçirməyənlər necə yaşayır və onlar qayıtmaq haqda nə düşünürlər?
Kamil. Rusiyada karantin
Kamil Rusiyada yaşayır, Rusiyaya təhsil almağa gedib. Həştərxan Universitetinin Tarix Fakültəsini bitirib və bu yaxınlarda diplom müdafiə edib. Diplom müdafiəsi, diplom praktikası ərəfəsində olduğu üçün Azərbaycana qayıtmayıb, üstəlik də Moskvada magistraturaya qəbul olmağa hazırlaşır.
“Əvvəlcə bizə gündə iki saat verirdilər ki, ərzaq almağa gedək. Yataqxanadan çıxdığımız zaman xüsusi jurnalda adımızı, soyadımızı, otağımızı, çıxış və qayıdış vaxtını qeyd edirdilər. Sonra vaxtı bir saata qədər azaltdılar. İzdiham içinə çıxmaq kimi bir istəyim də yoxdur, anlayırıq ki, vəziyyət təhlükəlidir. Sonra mağazaya getməyə də icazə vermədilər”.
Pandemiya başlayanda yataqxanadakı yerli tələbələr evlərinə dağılışıblar, çünki onsuz da tədris əyanidən distant rejimə keçirilib. Əsasən əcnabilər – Türkmənistan, Qazaxıstandan olan tələbələr və Azərbaycandan bir neçə nəfər qalıb.
2020-ci il iyulun sonunda Rusiya COVID-19 virusuna yoluxanların sayına görə dünyada dördüncü yeri tutub. Burada ən başından karantin sərt olub. Həştərxanda xüsusi buraxılış olmadan yalnız mağazaya və aptekə getmək mümkün idi, qayda pozucuları cərimələnirdi.
İyunun sonunda karantin şərtləri yumşaldılmağa başlayıb. Kamilin sözlərinə görə, tələbə yataqxanalarında təcrid qaydaları davam edib: tələbələr yalnız könüllü “fəalların” müşayiəti ilə və yalnız həyati vacib məsələlərə görə küçəyə çıxa bilirdilər.
“Kimin dost kompaniyası vardısa, onlara yaxşıdır, onlar birlikdə olurlar. Mənim dostlarım yoxdur, buna görə də hər günüm sadəcə növbəti günü gözləməklə keçir. Mənim iki qonşum vardı, biri Azərbaycana qayıtdı, ikincisi, Yəmən vətəndaşı burada qaldı. Bildiyim qədərincə, Yəmən hökuməti öz tələbələrinə təqaüd göndərir, bizim hesabımıza görə az məbləğ deyil – 600 dollar. Mənə isə valideynlərim pul göndərirlər.
Əsasən film izləməyə, diplom işimi yazmağa çalışırdım. Belə həyat tərzi ilə çətin oldu, amma seçim yoxdu.
Karantində özümə harmonika aldım. Çox darıxdırıcı idi və hər hansı musiqi alətində çalmaq istəyirdim. Öyrənmək üçün ən asanı məhz harmonika göründü, bir də ki, mən blüzü sevirəm. Təəssüf ki, sonra onu bir az zəbələdim”.
Kamil diplom işini bitirib, uğurla müdafiə edib və magistraturaya qəbula hazırlaşır. Hələlik elə həmin yataqxanada qalır.
“Əlbəttə, mən Həştərxandan Moskvaya plaskart vaqonda getməyə qorxuram – at arabasında belə daha təhlükəsiz olardı. Orada yaşayan və görüşməli olacağım babamı yoluxdurmaqdan qorxuram”.
Kamil Bakı üçün darıxsa da, orada vəziyyətin Rusiyadan daha təhlükəsiz olduğunu düşünmür.
“Bakının istisi və ilıq rütubətli küləyi üçün hərdən darıxıram. Həştərxanda külək nadir hadisədir.
Mən Azərbaycandakı pandemiya ilə mübarizə metodları və məmurların məsuliyyətsizliyindən dəhşətə gəlirəm. Aydın məsələdir ki, insanlar mənasız tədbirlərdən beziblər və hər kəs bacardığı kimi vəziyyətdən çıxır, amma məsələ həmin bu virusa inanmamağa və “hakimiyyət sahiblərinin oyunu” versiyasına gələndə, bu, çox məyus edir.
Hətta burada, bizim yataqxanada da yerlilərim var ki, sui-qəsd nəzəriyyəsi tərəfdarlarıdır. Onlara izah etməyə və maarifləndirməyə artıq gücüm çatmır, elə bil daşa-divara danışırsan”.
Azərbaycana necə qayıtmalı?
İndi Azərbaycanda sərt karantin rejimi qüvvədədir – gün ərzində insanlara sms icazə alandan sonra üç saat çıxmağa icazə verilir. Həm quru, həm hava sərhədləri rəsmən avqustun 31-ə qədər bağlı olacaq, amma İstanbul, Berlin və Londona “xüsusi reyslər” həyata keçirilir. Bu uçuşları Azərbaycanın dövlət şirkəti – AZAL reallaşdırır (Belavia aviaşirkətinin Bakı-Minsk-Bakı reysi də mövcuddur).
Yəni xaricdə “ilişib qalan” azərbaycanlılar qayıda bilərlər, amma AZAL-ın reyslərinə onlar yalnız koronavirus testindən keçəndən və mənfi nəticə əldə edəndən sonra buraxılırlar. Daha sonra onların iki həftə təcrid vəziyyətində olacaqları yerin ünvanı götürülür – yəni onlar evdən çıxamaq üçün üç saatlıq sms icazədən istifadə edə bilməyəcəklər.
Xəstələri Azərbaycan ölkəyə qəbul etmir.
Karantin rejiminin ilk mərhələsində, hələ yaz aylarında evinə qayıdan yerli vətəndaşlar xəstəxanalarda və mehmanxanalarda təcrid rejiminə yerləşdirilirdi və ən azı iki dəfə testdən keçirilirdi.
Nərgiz. Fransada karantin
Nərgiz Fransada Paris Nanter Universitetinin Təşkilati Psixologiya Fakültəsinin birinci kursunda təhsil alır.
“Evə qayıtmadım, çünki sonra işlərimin dalınca Fransaya qayıtmalı olsam, sərhədlər bağlı olduğu üçün gedə bilməyəcəyimdən qorxdum. Mən hələ burada staj keçməliyəm və vizanın uzadılması üçün müraciət etməliyəm, odur ki, hələ buradayam”.
Fransada karantin martın 17-dən başlayıb və mayın 11-ə qədər davam edib. Bu müddətdə yalnız apteklər, marketlər və banklar işləyirdi. İyulun sonunda Fransada gündəlik yoluxma hallarının artımını saxlamaq və COVID-19 xəstələrinin ümumi sayını təxminən 70 min nəfərdə sabitləşdirmək mümkün olub.
“Biz “attestation de déplacement” yazaraq və evdən çıxış səbəbini (təklif olunanlardan: ilk ehtiyac ərzaqlarını almaq üçün marketə getmək, ailəvi məsələlərə görə, evin 1 kilometrliyində fiziki avtivlik), çıxış saatını və ünvanı göstərərək evdən çıxa bilirdik.
Hər gün axşam saat 8-də insanlar pəncərələrə, balkonlara çıxırdı, tibb işçilərini alqışlayırdı”.
Nərgiz tək olmadığı üçün sevinir. O, rəfiqələri ilə birlikdə yaşayır. Hətta ad gününü də “bütün qaydalara uyun” qeyd edə bilib.
“Ənənəyə uyğun olaraq gecəyarısı ailəm mənə zəng vurub, təbrik etdi, axşam isə bəzəndik, süfrə açdıq, musiqi qoşduq. Qızlar mənə tort, şampan şərabı, Normand şirniyyatı hədiyyə etdilər. Mən onlara Azərbaycan və rus sağlıqları öyrətdim. Hər şeyin təcrid şəraitində keçməsinə baxmayaraq, çox əyləndik, axı yaxın insanlar yanımda idi.
Çoxları karantində idmanla, daha dəqiqi qaçışla məşğul olmağa başladı, o cümlədən də mənim ev yoldaşlarım. Distant rejimdə oxuyur və işləyirdik. Semestrin qalan hissəsini onlayn oxudum, beləcə imtahanları da verdim.
Mayın 11-də isə karantini mərhələli şəkildə ləğv etməyə başladılar.
Çox ümid edirəm ki, Azərbaycanda vəziyyət, məsələn, Fransada olduğu həddə çatmayacaq. Sosial şəbəkələrdə mütəmadi olaraq karantinə rəğmən bir yerdə toplaşan, gəzməyə çıxan insanları görürəm.
Azərbaycandakı ailəm və yaxınlarım üçün narahat oluram, amma düşünürəm ki, orada olmadığım üçün bəxtim gətirib.
Digər tərəfdən isə hələ də ümid edirəm ki, avqustda bir neçə həftəlik Bakıya gələ biləcəm, hətta təcrid rejimində qalmaq lazım olsa da, çünki ailəmi görmək istəyirəm”.
“Qayıdış” əməliyyatı necə keçir?
Xaricdə qalan bütün Azərbaycan vətəndaşlarını “geri toplamaq üçün” “Еvə gedirəm” xüsusi portalı yaradılıb. Burada qeydiyyatdan keçib, yardım gözləmək mümkündür – amma bu, hələlik sadəcə mütəmadi reyslərin olmadığı Rusiyada qalanlar üçündür, oradan insanları vaxtaşırı çarter reysləri ilə daşıyırlar.
Saytdakı statistikaya əsasən, bu yolla artıq 500 nəfər evə qayıdıb, daha 500 nəfər öz növbəsini gözləyir.
Hələ aprel ayında, “ilk karantin” zamanı müxtəlif ölkələrdən minlərlə insan çarter reysləri ilə vətənə gətirilib.
Amma Azərbaycan vətəndaşlarının Türkiyə və Rusiyadakı qədər çox olmadığı ölkələrdən bir çoxları heç kimin köməyi olmadan müstəqil şəkildə vətənə qayıtmalı olublar. Bu, çox vaxt bahalı biletlərin təkrar alınması və reyslərin qəfil təxirə salınması riski hesabına başa gəlib. Amma yenə də vətənə qayıtmaq qərarına gələnlər karantini olduğu ölkədə keçirməyi üstün tutanlardan qat-qat daha çox olub.