Haykanuş adlı qız və ya 10 bənzərliyi tapın
Azərbaycanlılar və ermənilər: “düşmən obrazı”ndan qurtulmaq
Rəssam qız animasiya köməyilə erməni və Azərbaycan xalqları arasında oxşarlığı göstərməyə və “düşmən obrazı”ndan qurtulmalarına kömək etməyə çalışır
Fidan Axundova Berlində yaşayan bakılı rəssamdır. Bir müddət əvvəl ermənilər haqda stereotiplərdən qurtula bilib və başqalarına da bu yolu keçməkdə kömək etmək qərarına gəlib. İndi Fidan azərbaycanlılara və ermənilərə aralarında nə qədər çox oxşarlıq olduğunu göstərməyi hədəfləyən animasiya layihəsi üzərində işləyir.
“Uşaqlıqları 1990-cı illərdə keçən əksər azərbaycanlılar kimi mən də Xocalı sakinlərinin amansızlıqla, vəhşicəsinə qətlə yetirildikləri haqda eşitmişdim; məktəbdə və televizorda həmin hadisələri əks etdirən kadrları görmüşdüm, böyüklərdən dəhşətli hekayələr dinləmişdim.
Demək olmaz ki, bu, içimdə nifrət yetişdirib, amma hər halda qərəz formalaşmışdı.
Bakıda yaşadığım zaman mən heç vaxt ermənilərlə qarşılaşmamışdım, onlarla ünsiyyətdə olmamışdım və ümumiyyətlə müasir Ermənistanın və oradakı insanların mahiyyətindən bixəbər idim. İnternetdə hardasa “yan” sonluqlu soyad görəndə, özümdən asılı olmayaraq, panika həddində kin və qorxu hiss edirdim.
Azərbaycanlıların yaşadığı Xocalı şəhərində birinci Qarabağ müharibəsi zamanı, 1992-ci ildə bir gecənin içində Azərbaycan tərəfinin rəsmi məlumatına əsasən, 600 nəfərdən çox dinc şəhər sakini qətlə yetirilib, yüzlərlə insan yaralanıb və ya əsir düşüb.
Xocalı faciəsi birinci Qarabağ müharibəsinin ən qanlı səhifəsi hesab olunur. Azərbaycan dünya ictimaiyyəti tərəfindən bu hadisənin soyqırım kimi tanınmasına nail olmağa çalışır. Ermənistan günahını inkar edir və qırğını Azərbaycan müxalifətinin hakimiyyəti devirmək üçün törətdiyini iddia edir.
Faciə Azərbaycanda iki xalq arasında “vendetta” tərəfdarları tərəfindən arqument kimi istifadə olunur. Ermənilər 1988-ci ildə Sumqayıtda, 1990-cı ildə Bakıda törədilən iğtişaşları Xocalı faciəsinə qarşı əks-arqument olaraq gətirir.
Ətraflı buradan oxumaq mümkündür.
Uşaq dərnəyində rəssamlıq dərsi dediyim zaman, hardasa iyirmi yaşımda ilk dəfə münaqişə haqda ciddi düşünməyə başladım və vəziyyəti analiz etməyə çalışdım. Bir dəfə, fevral idi, Xocalı faciəsinin növbəti ildönümündən sonra, şagirdlərimdən biri dərsə çox kədərli gəlmişdi və kandardan ayağını atan kimi ermənilərə nifrət etdiyini dedi, “çünki onlar bizim uşaqlarımızı öldürüblər”.
Mən onun bunlarla harada dolduğunu anlayırdım: yəqin ki, uşaq bağçasında ona ermənilərin kim olduğunu və onlara necə münasibə göstərmək “lazım olduğunu” danışmışdılar. Amma beş yaşlı qızdan bunu eşitmək xoş deyildi və qorxuducu idi.
Bu anda mən bədahətən Haykanuş adlı qız haqda hekayə uydurub, danışmağa başladım. Onun da beləcə qıvırcıq saçları və tünd rəngli gözləri var, o da rəsm çəkməyi öyrənir, onun da anası yatmazdan əvvəl ona kitab oxuyur. Sonda da əlavə elədim ki, ona bu qədər çox oxşayan bu qız Ermənistanda yaşayır.
Çətin ki, bunun çox böyük təsiri oldu, amma ümid edirəm ki, uşağın bütün ermənilərin nifrətə layiq vəhşi və qatil olduğuna əminliyini az da olsa sarsıda bildim.
Hə, elə mənim özümün də həqiqətən bunu dərk etməyim hələ irəlidə baş verəcəkdi.
25 yaşımda təqaüdlə Almaniyaya köçdüm. Əvvəlcə rəssamlıq ixtisadı üzrə magistraturanı bitirdim, sonra pedaqoji fakültəyə daxil oldum. Bir dəfə təqaüdçülərin görüşündə təsadüfən rusdilli bir qızla danışırdım. Sən demə erməni imiş.
Kimin kim olduğu aydınlaşandan sonra o, çox gərildi, elə mən də çaşqın idim. Amma yenə də biz vəziyyəti yumşalda və dinc şəkildə sağollaşa bildik.
Bu mənim “əsl” erməni ilə ilk ünsiyyət təcrübəm idi. Növbəti dəfə bir neçə ildən sonra belə bir imkanım yarandı.
İkinci Qarabağ müharibəsi başlayan zaman özümə yer tapmırdım. Vətənim mənim mğnəvi tələbatlarımı təmin etməsə də, mən ordan getmiş olsam da, Berlində özümü çox yaxşı hiss etsəm də, bütün bunlara rəğmən belə məqamlarda laqeyd qalmaq mümkün deyil. İndi orada kimlərinsə həlak olduğunu, əzab çəkdiyini, qorxduğunu düşünmək çox ağırdır.
Bütün bunlar haqda kiminləsə danışmaq istəyirdim. Rəfiqəm mənə Facebook-da ermənilərin və azərbaycanlıların necə deyərlər, “insan kimi” söhbətləşdiyi bir qrupu tövsiyə etdi.
Mən bu qrupa daxil oldum və bu mənim təfəkkürümü yaxşı “təzələdi”. Məsələn, mən öyrəndim ki, Azərbaycan təbliğatının bizə sırıdığı bəzi qorxunc miflər elə mifdən savayı bir şey deyil. Ermənilər də öz növbələrində azərbaycanlılardan elə həmin Xocalı faciəsi haqda əvvəl heç vaxt eşitmədikləri təfərrüatları öyrənirdilər.
Keçmişi müzakirə edərək, bizdə olan məlumatları müqayisə edərək, bizim üçün xoş olmayan faktları öyrənərək (onlar Xocalı faciəsi, biz Sumqayıt iğtişaşı haqda), getdikcə daha aydın anlayırdıq ki, birincisi, bizim xalqlarımızı sadəcə maraqlı qüvvələr bir-birinə düşmən edib. İkincisi isə bütün günahı qarşı tərəfə yükləmək və inkara sığınmaq olmaz.
Xocalı faciəsi azərbaycanlılar üçün çox ağır travmadır. Amma o vaxt millətçilərin elədiklərini bütöv bir xalqa qarşı nifrət kultuna çevirmək olmaz.
Bu qrupda olan bir neçə erməni qızla biz hətta Berlində əyani də görüşmüşük. Mən çox sayda kəsişən nöqtələrimizin olduğu əla qızları tanımış oldum. Faktiki olaraq mən bir zamanlar uydurduğun həmin Haykanuş adlı qıza rast gəlmişdim.
Bundan sonra təbliğat pərdəsi gözlərimin önündən tamam qalxdı və “düşmən obrazı” yox oldu.
Beləcə animasiya hazırlamaq və iki – erməni və azərbaycanlı ailəsinin nümunəsində iki xalq arasındakı bənzərliyi göstərmək ideyası yarandı. Mən erməni cəmiyyəti, insanların gündəlik həyatı haqda informasiya toplayıram və azərbaycanlılarla paralellər aparıram.
İdeyaya görə, tamaşaçıya pəncərə yox, daha çox güzgü açılmalıdır, onlar bu güzgüyə baxanda bizim bir-birimizə nə qədər oxşadığımızı, problemlərimizin, mentallığımızın nə dərəcədə eyni olduğunu görəcəklər, baxmayaraq ki, biz bunu qəti şəkildə rədd edirik.
Animasiya yaratmaq prosesi çox zəhmət tələb edir, mən isə hər şeyi özüm edirəm, odur ki, yəqin hardasa iki il çəkəcək. Mənim üçün bu, müəyyən mənada həm də həmvətənlərim Azərbaycanda müharibə də daxil olmaqla ən müxtəlif problemlərin içində yaşadıqları halda mənim Berlində rahat həyat sürdüyüm üçün keçirdiyim günahkarlıq hissini boğmaq cəhdidir.
Qarabağ münaqişəsinin həllinə verə biləcəyim yeganə töhfə mənim yaradıcılığımdır. Hərçənd əlbəttə ki, incəsənət – istər animasiya, istər kitab və ya başqa bir şey – bu cür münaqişələri həll etməyə qadir deyil.
Yaradıcı insanlar bununla ilk növbədə özləri üçün məşğul olurlar. Ən yaxşı halda onların yaradıcılığı yüzlərlə insanı düşünməyə vadar edəcək. Vəssalam.
Münaqişəni yalnız siyasətçilər həll edə bilərlər, onlarla bağlı isə çox da xəyal qurmuram. Dövlət təbliğatı da marjinal yaradıcı layihələrdən həmişə daha güclü olacaq.
Amma yenə də mən bacardığımı edirəm, çünki heç olmasa nəsə etmək istəyirəm. Birinci növbədə özüm üçün. Əgər bu, başqalarına da təsir edəcəksə, daha yaxşı”.
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.