Hakimiyyət və pul
1. Abxaziyaya hələ də gəlib çıxmayan maliyyə dəstəyi
Raul Xadjimba və Vladimir Putin
Bu artıq adət halına çevrilib ki, abxaz hökumətinin nümayəndəsinin Moskvaya səfəri və ya Kremlin hansısa məmurlarından birinin gəlişi yerli sakində ancaq pul marağı oyadır. “Pul nə vaxt olacaq? – bu, ancaq ötən il deyil, həm də əvvəlki bir neçə il ərzində Rusiya-Abxaziya münasibətləri kontekstində yaranan ən populyar sualdır.
2008-ci ilin avqustunda Rusiya tərəfindən müstəqilliyi tanınan bir gündən Abxaziya Moskvanın yerli büdcəyə maliyyə qoyuluşundan daha da asılı vəziyyətə düşdü. Büdcəyə daxil olan pulun demək olar ki, yarısı Rusiyanın dəstəyinin nəticəsidir. Amma bu il Abxaziya Kremldən vəd edilən və rəsmi şəkildə qeyd olunan dörd milyard rubl [təxminən 57 milyon dollar] həcmində dotasiyanı elə də ala bilmədi. Planlaşdırılmış köməkdən Suxuma bu məbləğin ancaq 7 faizi çatdı (o da ilin axırına yaxın). Nəticədə dekabrda yerli parlament təcili surətdə büdcəni korrektə edərək, onu əməlli-başlı azaltmalı oldu.
Hazırda Kreml “kəsiri gələn il ödəməyi və onu 2016-cı ilə nəzərdə tutulan dörd milyard dollar həcmində tranşlara əlavə etməyi vəd edir. Əgər əvvəl dörd milyard dollar gözləyirdilərsə, indi Suxum elə bil ki, səkkiz milyard dollara ümid edə bilər.
Rusiya Federasiyası prezidentinin köməkçisi Vladislav Surkov Abxaziyaya Rusiyanın köməyi haqqında
2. Müxalifətin etiraz dalğası
Suxumda mitinq
Yerli ekspert cəmiyyəti Abxaziyanı bütün il boyu müşayiət edən daxili siyasi qeyri-sabitliyinin yüksək həddə çatmasını məhz büdcədəki kəsirə, eyni zamanda da ciddi iqtisadi problemlərə gətirən bu gəlib çatmayan köməklə izah etdi.
Blokda birləşən müxalif siyasi təşkilatlar bir neçə qurultay və konfrans keçirərək, ortaq məxrəcə gəldilər ki, Abxaziyanın özünün seçkiqabağı vədlərini yerinə yetirməyən indiki prezidenti Raul Xadjimba vaxtından əvvəl, səlahiyyət müddətinin bitməsinə üç il yarım qalmış öz postunu tərk etməlidir.
Oktyabrda Suxumun “Dinamo stadionunda baş verən müxalifət forumunda Xadjimbaya qarşı irəli sürülən iradlara daha bir ittiham əlavə olunaraq bildirildi ki, o hakimiyyətə 27 may 2014-cü ildə baş tutan dövlət çevrilişi nəticəsində gəlib.
Hazırda müxalifət prezident Raul Xadjimbaya qarşı etimad referendumunun keçirilməsi üçün imza toplamağa başlayıb. Qüvvədə olan konstitusiyaya əsasən, plebsisitin baş tutması üçün on min imza toplamaq lazımdır.
Müxalifət liderlərindən biri Aslan Bjaniya çıxış edir
3. Uğurlu kurort mövsümü
Yola saldığımız 2015-ci il Abxaziya tarixində Sovet İttifaqı dağılan gündən ölkəyə səfər edən turistlərin sayına görə rekord il kimi qalacaq. Hökumətin məlumatına görə, ötən yay Abxaziyaya ya istirahət, ya da qonşu Soçiden ekskursant kimi üç milyondan çox adam gəlib.
Yerli mehmanxana və sanatoriyalarda yayda boş yer tapmaq demək olar ki, mümkün deyildi. Bundan başqa, turistlərin böyük əksəriyyəti köhnə sovet ənənəsi ilə özəl sektorda dincəlirdilər.
Abxaziyanın iki ən gəlirli turist obyekti olan Ritsa gölü və Novoafon mağarasının ötən illərlə müqayisədə turist səfərlərindən alınan gəlirləri təxminən iki dəfə çox oldu.
Suxumda sahil
4. Anti-türk sanksiyaları
Türkiyə-Rusiya sərhədində Rusiyanın bombardmançı təyyarəsi Su-24-ün vurulmasından sonra Rusiya-Türkiyə münasibətlərində yaranan ciddi gərginlik Abxaziyaya da öz təsirini göstərməyə bilməzdi. Suxum Moskva tərəfindən tətbiq edilən anti-türk sanksiyalarını iqnoq etməyə bilməzdi. Müttəfiqlik borcu Rusiyanı dəstəkləməyə məcbur etdi. Abxaziya elə belə də etdi və bu zaman ciddi iqtisadi və siyasi itkilər verdi.
Suxumun bütün xarici iqtisadi fəaliyyətinin iyirmi faizi Türkiyə ilə münasibətlərə düşür. Bundan başqa bu ölkədə XIX əsrdə baş verən Qafqaz müharibəsi nəticəsində didərgin düşən mühacirlər nəslindən olan təxminən 500 min etnik abxaz yaşayır.
5. Qarışıq seçki sisteminə keçid
Bu il islahatların keçirilməsi məsələsində kifayət qədər səmərəli oldu. Parlament məhkəmə hakimiyyəti və yerli idarəetmə orqanlarına aid dəyişikliklər paketi qəbul etdi, yeni orqan olan Xəzinə yaradıldı. Amma ən əlamətdar və müzakirələrə səbəb olan dəyişiklik majoritar sistemdən qarışıq seçki sisteminə keçid oldu. Abxaz siyasi sistemi daxilində çoxsaylı kompromislər bu keçidin çox baha başa gəlməsinə gətirib çıxardı və buna görə də böyük tənqidə səbəb oldu. İctimai narazılığa yeni seçki sisteminə keçiddən daha çox gələcək parlamentdə deputat yerlərinin 35 mandatdan 55-ə qədər qaldırılması haqqında qərar oldu.