Qarabağda törədilən hərbi cinayətlərə görə Azərbaycanda dörd hərbçi həbs edilib
Azərbaycan ordusunun dörd hərbçisi ikinci Qarabağ müharibəsi günlərində törədilən hərbi cinayətlərə görə həbs ediliblər. Onlardan ikisi həlak olan erməni hərbçilərin meyitlərini təhqir etməkdə, digər ikisi isə erməni qəbirlərinin dağıdılmasında təqsirləndirilir.
- “Rusiya sülhməramlıları Qarabağda mandatlarının çərçivəsini aşırlar”, – Bakıdan şərh
- Qarabağ: kəndlər tamam işıqsız yaşayır. Bir hekayə, video
- Qarabağda gərginlik – Azərbaycan və Ermənistan tərəfinin versiyaları
Azərbaycanın Baş Prokurorluğu ikinci Qarabağ müharibəsi günlərində Azərbaycan ordusunun bəzi hərbçilərinin əməllərinə hüquqi qiymət verildiyi bəyanatla çıxış edib.
“Hərbi Prokurorluq tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 115.2 (işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işləri başlanaraq iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
İstintaqla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində kiçik gizir kimi xidmət aparan Rəşad Əliyev və Qardaşxan Abışovun Zəngilan rayonu ərazisində döyüş əməliyyatları zamanı öldürülmüş erməni hərbi qulluqçularının meyitlərinin üzərində təhqiredici hərəkətlərə yol vermələrinə, etdikləri hərəkətləri smartfon tipli mobil telefonla videoqeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərmələrinə əsaslı şübhələr müəyyən olunub.
Həmçinin, istintaqla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsinin əsgərləri Arzu Hüseynov və Ümid Ağayevin Xocavənd rayonunun Mədətli kəndi ərazisində yerləşən qəbiristanlıqda ermənilərə məxsus qəbir daşlarını dağıtmaqla üzərlərində təhqiredici hərəkətlərə yol vermələrinə, etdikləri hərəkətləri smartfon tipli mobil telefonla videoqeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərmələrinə şübhələr üçün əsaslar müəyyən olunub.
R.Əliyev, Q.Abışov, A.Hüseynov və Ü.Ağayev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”, – bəyanatda deyilir.
“Hazırda sosial mediada yayılmış digər videogörüntülərlə bağlı zəruri araşdırmalar aparılmaqla nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək”, – Baş Prokurorluqdan bildirilib.