Hərbi əsirlər və Ermənistanda yeni AES inşası: Moskvada Putin-Paşinyan danışıqları
Moskvada Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putinin görüşü baş tutub.
Kremldə keçirilən görüşün ilkin, açıq hissəsində Ermənistanın baş naziri bildirib:
- Yerevan Moskva ilə iqtisadi əməkdaşlığı dərinləşdirmək niyyətindədir və xüsusən də yeni atom stansiyasının inşasında dəstəyə ümid edir,
- Qarabağda müharibə başa çatandan sonra Azərbaycanın saxladığı erməni hərbi əsirləri məsələsi nizamlanmayıb.
Cavabında Vladimir Putin əmin edib ki, Moskva Yerevanın müzakirə etmək istədiyi bütün məsələlərə diqqətlə yanaşacaq.
Bu arada Ermənnista və Rusiyada ekspertlərr hesab edirlər ki, Nikol Paşinyan Ermənistanın iyunun 20-də keçirilməsi planlaşdırılan növbədənkənar seçkilər ərəfəsində Vladimir Putinin dəstəyini almaq üçün Moskvaya gəlib.
- Ehtiyatlı olun, seçkilər: Ermənistanda böhran həll olacaq, yoxsa dərinləşəcək?
- Müttəhimlər kürsüsündən seçkilərə: Ermənistanın eks-prezidenti Robert Koçaryanın planları
Danışıqlarda müzakirə olunan mövzular haqda ətraflı
“İkitərəfli münasibətlər planında bizim danışacaq mövzularımız var və əlbəttə ki, ən aktuallar, ən kəskin problemlər həm Dağlıq Qarabağda, həm də ətrafında vəziyyətin normallaşdırılmasıdır”, – görüşün ən başında Rusiya prezidenti bildirib.
Ermənistanın baş naziri də Rusiya prezidentinə xatırladıb ki, ikinci Qarabağ müharibəsindən sonra indiyə qədər Azərbaycanda qalan əsirlər məsələsi hələ də nizamlanmayıb:
“Qeyd etmək istəyirəm ki, 9 noyabr bəyanatına [2020-ci ilin payızında Qarabağda hərbi əməliyyatların dayandırılması haqda Ermənistan, Rusiya və Azərbaycan rəhbərlərinin imzaladığı sənəd] əsasən bütün girovlar, hərbi əsirlər, digər saxlanılan şəxslər vətəninə qaytarılmalı idi. Amma təəssüf ki, indiyə qədər Azərbaycanda saxlanılan şəxslər var”.
Bununla belə Nikol Paşinyan deyib ki, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda olması regionda vacib stabillik və təhlükəsizlik amilidir:
“Bu baxımdan ümid edirəm ki, sizinlə regionumuzda, Dağlıq Qarabağda, ətrafında, Ermənistanda və emumiyyətlə bütün regionumuzda təhlükəsizlik sisteminin memarlığına sizin baxışlarınızı müzakirə edəcəyik”.
Görüşün əvvəlində Putin Rusiyanın Ermənistan iqtisadiyyatında rolunu da vurğulayıb:
“Ermənistan iqtisadiyyatına bütün kapital yatırımlarının 40 faizi Rusiya mənşəlidir. Bizim mal dövroyyəmiz böyükdür. Bununla yanaşı ötən il müxtəlif səbəblərdən, ilk növbədə koronavirusa görə biz müəyyən azalma müşahidə edirik”.
Ermənistanın baş naziri cavabında Rusiya ilə iqtisadi əlaqələri dərinləşdirmək niyyəti haqda bildirib:
“Mən ümid edirəm ki, bu gün biz strateji investisiyalarla əlaqədar bəzi məsələləri müzakirə edəcəyik, o cümlədən də Ermənnistan Respublikasında yeni atom elektrik stansiyasının inşasının mümkünlüyünü sizinlə müzakirə etmək istəyirəm”.
Ekspert şərhi
Siyasi şərhçi Hayk Xalatyan hələ görüş ərəfəsində bu fikirləri ifadə edib:
“Maraqlıdır ki, köhnə Ermənnistan hakimiyyətini Rusiya ilə sıx münasibətlərə görə kəskin tənqid edən, onları suverenliyi təhvil verməkdə günahlandıran Paşinyan 9 noyabrdan sonra Ermənistanı faktiki regional siyasət subyektindən obyektə çevirib, bu da özünü erməni əsirlərinin qaytarılmasının heç cür əks olunmadığı 11 yanvar [2021-ci il] yeni üçtərəfli bəyanatda xüsusilə biruzə verdi. Baxmayaraq ki, Moskvaya səfərinə qədər Paşinyan əmin etmişdi ki, bu onun üçün prioritet məsələdir.
Bununla belə aşkardır ki, Paşinyan və onun komandası son zamanlar Rusiya yönlü bəyanatlarına baxmayaraq, yenə də siyasi keçmişləri və cəmiyyətin gözündə Rusiyanı Qarabağ müharibəsindəki məğlubiyyətin əsas günahkarlarından biri kimi göstərmək məqsədilə Rusiyanın ünvanına mütəmadi səsləndirilən qallmaqallı ittihamları nəzərə alınaraq Moskvada yad element kimi qəbul olunurlar.
İndi Paşinyanın əsas ümidi Kremlin hazırkı Ermənistan hakimiyyətinə qarşı bütün antipatiyasına rəğmən 9 noyabr bəyanatının [Rusiyanın vasitəçiliyi ilə imzalanan Qarabağda atəşkəs haqda sənəd] qeyd-şərtsiz həyata keçirilməsinin qarantının məhz o olduğunu Putinə yeritməkdir”.
“Avrasiya İnkişafı” Ekspert Mərkəzinin icraçı direktoru Stanislav Pritçin də Moskva görüşü ərəfəsində bildirib:
“Mən düşünürəm ki, Rusiya-Ermənistan münasibətləri kompleks şəklində müzakirə olunacaq. Siyasi planda Nikol Paşinyan Ermənistanda keçiriləcək seçkilərdə Vladimir Putinin dəstəyini qazanmalı, xarici legitimlik almalıdır. […]
Paşinyanın Ermənistanda reytinqi azalıb. Nikol Paşinyanı dəstəkləyən “nüvə” elektoratı var, amma 2018-ci ildə Paşinyan hakimiyyətə gəldiyi zamanla müqayisədə çox azdır. Onun üçün yeni reallıq var və əlbəttə ki, seçkilərə əminliklə yanaşmaq üçün burada dəstək vacibdir”.
Politoloq Qaqik Ambaryan da Nikol Paşinyanın Moskvaya seçkilərdə Putinin dəstəyini almaq üçün getdiyini istisna etmir:
“Paşinyan Putinə çox şeyi borcludur və indi onun ölkədəki mövqeləri zəifdir. Bu, strateji müttəfiqin onu dəstəklədiyini və Putinlə yaxşı münasibətlərinin olduğunu göstərmək cəhdidir. Amma bu, Ermənistan diplomatiyasının necə acınacaqlı vəziyyətdə olduğunu göstərir. Paşinyan və onun komandası ilk gündən Ermənistan-Rusiya münasibətlərinin təməlini dağıtdılar.
Amma müharibədən və onun nəticələrindən sonra Artsaxa Rusiya sülhməramlıları gəldiyi zaman Ermənistan-Rusiya münasibətlərinin əleyhinə olan Paşinyan qəfil Rusiya yönlü siyasətçiyə çevrildi. İndi o, Kremlin əlində oyuncaqdır. O, Moskvanın dediyi hər şeyi yerinə yetirir”.