Hərbi polis batalyonu İnquşetiyadan Suriyaya yollanıb
Hərbi polis batalyonu İnquşetiyadan Suriyaya yola düşüb. Bu haqda fevralın 13-də İnquşetiya başçısı Yunus-Bek Yevkurov məlumat verib.
“Tərəflərin ayrıldığı, sülh razılaşmalarının imzalandığı şəhərlərdə, yaşayış məntəqələrində işləmək üçün respublika sakinlərindən ibarət bizim hərbi polis batalyonumuz Suriyaya yola düşüb”, – Yevkurov bildirib.
O, izah edib ki, İnquşetiyadan olan batalyon Suriyaya sülhməramlı məqsədlə, Rusiya aviaqruplarının və düşmənçilik edən tərəflər arasında barışığın yaradılması üzrə mərkəzin əməkdaşlarının təhlükəsizliyini qorumaq üçün yollanıb.
“Əminəm ki, bizim uşaqlar Ali Baş Komandan, müdafiə nazirinin onlar qarşısında qoyduğu vəzifələri layiqincə yerinə yetirəcəklər”, – Yevkurov bəyan edib.
Rusiya agentlikləri güc strukturlarındakı mənbələrə istinadən xəbər verir ki, İnquşetiyadan gedən batalyon Suriyada hazırda Xmeymim hərbi bazasının və digər obyektlərin qorunmasında iştirak edən Çeçenistan hərbçilərini əvəz edəcək. Mənbələrin bildirdiyinə görə Çeçenistanın hərbi polis batalyonu ötən ilin dekabrından Suriyadadır.
Suriyaya göndərilmək üçün Çeçenistanda respublika DİN-in əməkdaşlarından ibarət iki batalyonun formalaşdırılması haqda ötən ilin dekabrında “Novoya qazeta”da dərc olunmuş xəbərdən sonra məlum olmuşdu. Çeçenistan başçısı Ramzan Kadırov çeçen hərbmilərinin Suriyada olduğunu ancaq yanvarın sonunda rəsmən təsdiqlədi.
Rusiya Suriyada prezident Bəşər Əsədə sadiq olan hakimiyyət qüvvələrinin dəstəklənməsi üzrə hərbi əməliyyatları 2015-ci ilin sentyabrından həyata keçirir. Əməliyyatlar RF hava-kosmik qüvvələri tərəfindən aparılır, quru qoşunları isə əsasən bazaların qorunmasında iştirak edir.