“Hələlik Qarabağ münaqişəsinin nizamlanması mexanizmi haqda təsəvvür yoxdur”, - Ermənistanın baş naziri
Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında çıxış edib. Başqa məsələlərlə bir sırada o, Ermənistanın qonşu ölkələrlə münasibətlərinə də toxunub.
Qarabağ münaqişəsi haqda
Nikol Paşinyan bildirib ki, prezident İlham Əliyevlə görüşü zamnı iki ölkə lideri çox səmimi və açıq ünsiyyət qurub:
“Biz istisnasız şəkildə münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq. Azərbaycan prezidenti İlham Əliyevlə konstruktiv və müsbət dialoqa başlaya bilməyimiz çox vacibdir. Amma həll üçün bu yetərli deyil. Cəmiyyətlər arasında dialoqun başlaması lazımdır ki, biz xalqları müharibəyə yox, sülhə hazırlayaq”.
O, həmçinin bildirib ki, Qarabağ üzrə danışıqlar prosesində Ermənistan rəhbərliyinin əsas məqsədi sülhün əldə edilməsi formulunu təklif etməkdir. Amma bu məqsədə hələlik nail olunmayıb:
“Təəssüf ki, hələlik bizim Qarabağ münaqişəsinin nizamlanmasına dair nüanslarla, mexanizmlərlə bağlı ümumi təsəvvür yoxdur”.
Ermənistanın baş naziri danışıqlar prosesinin yalnız Dağlıq Qarabağın iştirakı ilə təkmil ola biləcəyi haqda tezisini təkrarlayıb:
“Suallardan biri ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin sülh yolu ilə nizamlanması prosesində Dağlıq Qarabağın iştirakını nəzərdə tutan tam anlamlı danışıqlar formatının başlanmasıdır. Bütün danışıqlar prosesi boyunca Dağlıq Qarabağ danışıqlar masasında təmsil olunub. Və bizim məqsədimiz bu dialoqun dayanmaması üçün şərait yaratmaqdır”.
Qonşularla münasibət
Paşinyan həmçinin qonşu dövlətlərlə münasibətləri də şərh edib və vurğulayıb ki, rəsmi Yerevan sülh çərçivəsində münasibət qurur:
“Bizim ancaq münasibətlərimizin o qədər də yaxşı olmadığı qonşularımız yoxdu. Həmçinin gözəl münasibət qurduğumuz qonşularımız da var – bunlar İran və Gürcüstandır. Bu ölkələrlə münasibətlərimizi inkişaf etdirməyə çalışırıq.
Təəssüf ki, Azərbaycan və Türkiyə ilə münasibətlərimiz yoxdur. Azərbaycanla hesab edirəm ki, hər şey aydındır. Türkiyə ilə isə fərqlidir. Türkiyə Ermənistanla münasibətlərini Azərbaycanla əlaqələndirir”.
Avropa ölkələrinin yüksək vəzifəli şəxsləri ilə görüşlər göstərdi ki, həmkarlar Ermənistan-İran münasibətlərinin önəmini anlayır – Nikol Paşinyan belə hesab edir:
“Onlar bizim İranla yaxşı münasibətlərin qorunub, saxlanması və inkişaf etdirilməsinə dair konsepsiyamızla razıdırlar”.
Baş nazir ümid edir ki, İran ətrafında yaranmış vəziyyət çözüləcək:
“Dialoq XXI əsrdə, sivilizasiyanın hazırkı inkişaf mərhələsində problem həlli zamanı haqqında düşünülən yeganə yoldur”.
AŞPA-da çıxışı zamanı Paşinyan Ermənistan-Rusiya münasibətlərinə də toxunub. O, bir daha bu münasibətlərin strateji əhəmiyyət daşıdığını bildirib.
O qeyd edib ki, ölkədə inqilab daxili problemlərin həllinə istiqamətlənib. Və bu inqilab Ermənistan sakinlərinin iradəsi ilə, heç bir xarici qüvvənin müdaxiləsi, digər ölkələrin iştirakı olmadan həyata keçib:
“Ermənistan xalqı öz azad gələcəyi naminə inqilab edib”.