“Hələlik Dağlıq Qarabağda hər şey Rusiyanın ssenarisi üzrə gedir” – Bakıdan şərh
Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi hissəsində hakimiyyət tam şəkildə Moskvaya tabe edilib – azərbaycanlı siyasətçi İqbal Ağazadə belə hesab edir. Onun sözlərinə görə, əgər heç nə dəyişməsə, tezliklə bu regionda Rusiya pasportları paylanacaq və hər şey bizə Abxaziya və Cənubi Osetiyadan tanış olan ssenari üzrə başa çatacaq. Sadəcə Ukraynada müharibənin nəticəsi regionda güc balansını dəyişə bilər – Ümid Partiyasının lideri əmindir.
- Bağlı sərhədlər: Azərbaycan hakimiyyəti qonşularla quru sərhədlərini niyə açmaq istəmir?
- “Cənubi Qafqaz Federasiyası”: müzakirənin mənası varmı?
- Gürcüstanda rusiyayönlü sağçı radikal qruplaşmanın 26 üzvü saxlanılıb
Azərbaycanlı siyasətçi, Ümid Partiyasının lideri İqbal Ağazadə hesab edir ki, Rusiyanın Cənubi Qafqazda apardığı siyasət Azərbaycan və Ermənistanı Qarabağın Rusiya sülhməramlılarının yerləşdiyi hissəsi ilə bağlı məsələlərdən uzaqlaşdırır.
“Dağlıq Qarabağ haqda heç kim danışmır”
“Fikir verin, son zamanlar nə Azərbaycan, nə də Ermənistan ikitərəfli danışıqlar zamanı Qarabağın Rusiya qoşunlarının nəzarəti altında qalmış hissəsinin gələcək taleyi ilə bağlı məsələ qaldırmır. Belə təəssürat yaranır ki, Rusiya hər iki ölkəni bu xırda regionun məsələlərinin həllindən uzaqlaşdırıb.
Rusiya sanki Azərbaycana və Ermənistana sərhədyanı məsələlərin – delimitasiya, demarkasiya və s. həllini buraxıb. Dağlıq Qarabağ haqda heç kim danışmır. Bu, çox təhlükəli tendensiyadır”, – Ağazadə qeyd edib.
“Hələlik hər şey Kremlin ssenarisi üzrə gedir”
Onun sözlərinə görə, biz bu cür məsələlərin həllini Dnestryanıda da, Abxaziyada da, Cənubi Osetiyada da görmüşük:
“Kreml nə istəyir? İstəyir ki, nə Azərbaycan, hə də Ermənistan Dağlıq Qarabağla iddia irəli sürməsin.
Açıq deyək, bu gün Azərbaycan Xankəndi, Ağdərə, Əsgəran, Xocavənd və Xocalı üzərində öz suveren haqlarını faktiki həyata keçirmir. Baxmayaraq ki, beynəlxalq hüquqa əsasən, hamı oranı Azərbaycan ərazisi kimi tanıyır.
Ermənistan da Qarabağın bu şəhər və rayonlarında proseslərin tənzimlənməsindən uzaqlaşdırılıb.
Nə Azərbaycan, hə Ermənistan bu məsələdə səmimilik nümayiş etdirmir. Belə təəssürat yaranır ki, hər iki tərəf bunu mümkün qədər dərinə basdırmaq istəyir. Sanki belə məsələ mövcud deyil və bu, aktual deyil.
Əgər hər şey beləcə davam etsə, məsələ Rusiyanın xeyrinə həll olacaq. Orada Rusiya pasportları paylanacaq, əhalinin Rusiya hakimiyyəti altında yaşamaq istədiyinə dair yalandan referendum keçiriləcək. Hələlik hər şey Kremlin ssenarisi üzrə bu yöndə gedir”.
“Rusiyada hakimiyyət tezliklə dəyişəcək”
Bu problemin beynəlxalq hüquq çərçivəsində həlli Ukrayna müharibəsi nəticəsində mümkün ola bilər – azərbaycanlı siyasətçi əmindir.
“Əgər tezliklə hətta Ukraynada müharibənin davam etdiyi halda region ölkələri – Moldova, Gürcüstan, Ermənistan, hətta Qazaxıstan da Avropa modeli üzrə demokratikləşməyə qoşulsalar, Azərbaycan bundan kənarda qala bilməyəcək.
Hələlik Azərbaycan hakimiyyəti Qarabağın məlum hissəsinin əhalisi ilə birbaşa kontakta girməkdən çəkinir, çünki Rusiyanın Ukraynaya təcavüzünün mümkün nəticələri ilə bağlı tərəddüdlər var.
Amma şəxsən mənim üçün bu, həlli məlum məsələdir: Rusiyada hakimiyyət tezliklə dəyişəcək. Putin hakimiyyətdə qala bilməyəcək və bu ölkədə liberallaşma prosesi başlayacaq.
Ancaq bundan sonra Cənubi Qafqazda sülhün real perspektivi və region ölkələri arasında əməkdaşlıq haqda danışmaq mümkün olacaq”, – İqbal Ağazadə “ReaksiyaTV” YouTube kanalına müsahibəsində bildirib.