“Kameranı söndürdüm, guya internet getdi”. Gürcüstanlı uşaqlar onlayn-dərslər haqda danışırlar
Bir aydan çoxdur ki, Gürcüstanda uşaqlar koronavirus pandemiyasına görə məktəbə getmirlər və distant rejimdə təhsil alırlar. Onların danışdıqlarını və təəssüratlarını paylaşırıq.
Saba, 8 yaş, Tbilisi
Koronavirus milyonlarla insanı öldürə bilər. Məsələn, nənəmin rəfiqəsi öldü. Onun 86 yaşı vardı. Çox təhlükəlidir.
Bütün bunların içində mənim xoşuma gələn ancaq odur ki, məktəbə getmək lazım deyil.
Mənim onlayn dərslərim səs-küylüdür. Bəzi sinif yoldaşlarım tez-tez balkona çıxır və kimləsə danışırlar. Bu cür kənar səsdən başım ağrımağa başladı.
Dərslər üçün anamın telefonundan istifadə edirəm. Telefonda isə nə qədər dərsdə iştirak etdiyini qeyd edən Microsoft Team proqramı yoxdur. Lazım olan dərs sayı olmadan növbəti semestrə keçmək mümkün deyil. Buna görə də müəllimlə Skype-la da ünsiyyətdə oluram. Skype-da videokameranı və ya səsi söndürmək mümkündür. Az əvvəl mən kameranı söndürdüm, guya internet getdi. Əslində isə komiks çəkirdim.
Dostlarım üçün darıxıram – Sandro, Mate, Levan üçün. Tənəfüsdə qaçmaq istəyirəm.
Mən raketləri yapışdırıram. Amma yapışqan qurtarıb, almağa isə yer yoxdur – mağazalar bağlıdır. Kağızdan top düzəltmişəm. Yapışqan lent də qurtardı, birini də hazırlaya bilmədim.
İstəyirəm ki, hakimiyyət dezinfeksiya aparsın, həyətləri və küçələri təmizləsinlər, onda məni evdən çölə buraxacaqlar.
Sofo və Tamuna, 11 və 12 yaş, Krtsanisi
Biz beş bacı-qardaşıq. İnternet anamın telefonundadı. Hər gün iki-üç dərsimiz olir. Bəzən vaxtları üst-üstə düşür və bu zaman hansımızsa dərsi buraxmalı oluruq. Buna görə də dalaşırıq.
Ən yaxşısı məktəbə getməkdir. Orada rəfiqələrim, müəllimlərim var. Onların nə haqda danışdıqlarını daha yaxşı dərk edirsən. Distant daha pisdir, üstəlik də internet tez-tez zaylayır.
Bizə semestrin sonunda qiymət verəcəklər. Mənim sinfimdə üç uşaq ümumiyyətlə oxumur – internetdən istifadə edə bilmirlər. Tamunanın da sinfində iki belə uşaq var.
Anam söz verib ki, pandemiya qurtaran kimi piknik təşkil edəcək.
Giorgi, 9 yaş, Tbilisi
Koronavirus bizə Çindən gəlib. İndi İtaliyada, Türkiyədə və ABŞ-da vəziyyət pisdir. Mən xəstələnməkdən qorxmuram, çünki heç yana çıxmıram.
Anamın da, atamın da kompüterləri var. Onlayn dərslər üçün onlardan istifadə edirəm. Əvvəlcə mənim dərslərimdi, sonra bacımın. Onun beş yaşı var, o, dərs vaxtı ağac çəkir.
Çox istəyirəm ki, əvvəlki həyata tez qayıdaq. Dostlarımın yanına gedəcəm. Ya da onlar mənim yanıma gələcəklər. İndi isə ancaq dərslər vaxtı Zoom proqramı ilə ünsiyyətdə oluruq. Belə təhsil xoşuma gəlir. Üstəlik həmişə sakitcə dostlarla çatlaşmaq mümkündür.
Amma məktəbdə daha yaxşıdır. Tənəfüslər, səhər yeməkləri… İndi isə həmişə təkəm.
Kaş ki, bu koronavirus qışda gələydi. Səhərlər soyuq olur, məktəbə getmək üçün adam oyanmaq istəmir.
Anako, 10 yaş, Tbilisi
Məktəbdə təhsil daha çox xoşuma gəlir. Onlayn zamanı çoxları gicləyir, başqalarına və müəllimlərə mane olurlar. Bizə qiymət yazmırlar. Mən onlayn rejimə tez öyrəşdim. Bu kompüter əvvəl anamın idi, indi o, bunu mənə bağışlayıb.
Tennisə də getmirəm, rəfiqələrimi də görmürəm, heç gəzməyə də çıxmıram. Yaxşıdır heç olmasa, teatr studiyasında dərsləri distant davam etməyə başladılar. Az əvvəl sevimli kitab qəhrəmanının şəklini çəkmək lazım idi, mən də “Harri Potter”dən Hermionanı çəkdim.
Giorgi, 10 yaş, Kareliya rayonunun Dirsi kəndi
Bizim kəndimizdə heç kim xəstə deyil, buna görə də mən qorxmuram. Heyif ki, dostlarımı az görürəm. Kompüterlə demək olar ki, məşğul olmuram – internet çox zəifdir. Messenger vasitəsilə müəlliməylə əlavə məşğul olmaq lazım gəlir – tapşırıqlar verir, izah edir. Tapşırıqları dəftərə yazıram, elədiyim dərslərin şəklini çəkib, göndərirəm.
Əlbəttə, məktəbə getmək daha yaxşıdır. Orada dostlarım var – Luka və Datuna. İdman dərsində futbol oynayırıq. Rəsm dərsləri üçün darıxmışam.
Anano, 10 yaş, Tserovani
Biz ikimiz yaşayırıq – mən və anam. Buna görə də qorxulu olur. Amma qorxmaq olmaz – qorxudan adamın saçı ağarır.
Günorta saat birə qədər dərslərim olur, sonra isə internetdə informasiya axtarıram ki, dərslərimi eləyim, kimsə zəng vurur, danışıram. Beləcə gün keçir.
Bir tərəfdən onlayn dərslər maraqlıdır. Amma, məsələn, qızıl medala iddialı olanlar necə olsun, bilmirəm – neçə il oxuyublar, indi nə olacaq? Mən də qızıl medal arzulayıram.
Az əvvəl ürəyimdən gələn bəzi şeyləri yazdım. “İki günlük darıxmaq” adlandırdım.
“Sakitlik nə öyrətdi… Tək əyləncə – kitab oxumaq. Biz ancaq ikimizik. Televizor da yoxdur. Buna görə də bizdə həmişə ideal sakitlikdir. Kitab oxumağıma da heç nə mane olmur. Mən və anam tez-tez qüssələnirik, xüsusən də indi… Bugünkü sakitlik, dostlarla, qonşularla görüşə bilməmək bizə həyatı daha yaxşı dəyərləndirməyə kömək edir. Bütün bunlar bircə tez bitsəydi, küçələr insanlarla dolsaydı…”