Gürcüstanın Twitter-ə hücumu. Tədqiqatçılar hökumətyönlü “trolları” aşkarlayıblar
Facebook vacitəsilə Qərb əleyhinə və hökumətyönlü təbliğat aparmağa çalışan və Gürcüstan hakimiyyəti ilə əlaqəli olduqları aşkarlandığı üçün profilləri silinən gürcüstanlı istifadəçilər Twitter-ə keçib və orada şübhəli akkauntlar yaradıblar – Gürcüstanın Atlantik Şura yanında rəqəmsal kriminalistik laboratoriyanın (DFRLab) tədqiqatçısı Eto Buziaşvili deyib.
Belə akkauntlar Gürcüstanda 2020-ci ilin oktyabrında baş tutacaq parlament seçkiləri ərəfəsində yaranıb. İndi “trollar” Gürcüstan hökumətini tənqid edən xarici siyasətçilərə hücum edir, həmçinin Gürcüstanda gedən hazırkı prosesləri müsbət göstərməyə çalışır, eyni zamanda müxalifəti süni şəkildə vəziyyəti gərginləşdirməkdə ittiham edirlər.
Niyə Twitter?
Gürcüstanda ən populyar sosial şəbəkə Facebook-dur. Twitter-dən əhalinin yalnız 10 faizi istifadə edir. Buna görə də bu sosial şəbəkədə şübhəli akkauntlar indiyə qədər fəal olmayıb. Bununla belə Twitter Amerika və Avropa siyasətçiləri arasında çox populyardır, onlar çox vaxt fikirlərini məhz bu platformada bölüşürlər.
Amerikalı və avropalı siyasətçilər və rəsmi şəxslər məhz Twitter vasitəsilə yaranmış vəziyyətdən narahatlıqlarını bildiriblər. Onlar Gürcüstn hakimiyyətini demokratik islahatlar keçirməklə bağlı götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə və dinc nümayişçilərə qarşı zor tətbiqinə görə tənqid edirlər.
Facebook iqtidar partiyası və müxalifətlə əlaqəsi olan yüzlərlə səhifəni silib
Onlar həmçinin Facebook-un “Gürcü arzusu” iqtidar partiyası ilə əlaqəli olan saxta akkauntları silmək qərarını da fəal müzakirə edirlər.
Müvafiq olaraq, Qərb əleyhinə olan və hökumətyönlü istifadəçilər də öz strategiyalarını genişləndiriblər. İndi onların hədəfi Gürcüstan hökumətini tənqid edən Avropa və Amerika siyasətçiləridir. Respublikaçı konqresmen Adam Kinzinger də onların arasında olub.
Twitter-də Gürcüstan istifadəçilərinin fəallaşması
Yanvarın 21-də amerikalı konqresmen və Gürcüstanın Dostları Qrupunun sədri Adam Kinzinger Twitter-də Gürcüstan hökumətinin “siyasi məqsədlərindən” və Gürcüstanın “iqtisadi inkişafının ləngiməsindən” narahatlığını ifadə edib. O qeyd edib ki, konqresin ikipartiyalı qrupu Gürcüstanın baş naziri Giorgi Qaxariyaya məktub ünvanlayıb.
Tvit paylaşılandan az sonra gürcü adlı şərhçilər konqresmeni Gürcüstanın daxili işlərinə qarışmaqda və müxalif partiyalarla münasibətlərdə günahlandırmağa başlayıblar.
Bu məzmunda tvitlər paylaşan akkauntlardan biri Bakar (Beka) Vardosanidze kimi təqdim edilib və Medianın İnkişafı Fondunun (MDF) tədqiqatına əsasən, bu şəxs milliyyətçi anti-liberal “Gürcü marşı” təşkilatının üzvüdür, öz anti-liberal bəyanatları və nifrət dilindən istifadə etməsi ilə tanınır.
Kinzingeri tənqid edən akkauntlar əsasən 2020-ci ilin yanvarında yaradılıb.
Akkauntlardan biri – @ Pikria99437631 cəmi üç tvit paylaşıb və bunlar Kinzingerin tənqidinə həsr olunub.
Digər akkaunt – @ ninonin56919210 əsasən müxalifətə qarşı və hökumətyönlü kontentlə paylaşır.
Kinzinger Twitter-lə əlaqə qurduqdan sonra Vardosanidze bu platformada daha fəal olacağını yazıb. Onun akkauntu 2010-cu ildə yaradılıb, amma 2020-ci ilin əvvəlinə qədər aktiv olmayıb.
DFRLab-ın icmalına əsasən, Twitter-in analitik aləti Tweetbeaver onlarla şübhəli akkaunt aşkarlayıb. Onlardan əksəriyyəti 2020-ci ilin yanvarında və fevralında yaradılıb, istifadəçilərin adları isə səkkizrəqəmli işarələrlə müşaiyət olunur ki, bu da botlar üçün xarakterikdir. Bundan başqa, onların Twitter-dəki fəallığı praktiki olaraq sıfıra bərabərdir. Onların seçki ərəfəsində fəal olacağı gözlənilir.