Gürcüstanın milli azlıqlar yaşayan regionlarında Rusiya təbliğatı necə işləyir?
Gürcüstanın etnik azlıqların yaşadığı regionlarında informasiyanı haradan alırlar? Azlıqlar Avropa və Avro-Atlantika inteqrasiyası haqda nə bilirlər? Qərb əleyhinə mesajları kim və hansı formada təqdim edir və təbliğat necə işləyir? Medianın İnkişaf Fondunun iki regionda – Cavaxetiya və Kvemo-Kartlidə apardığı tədqiqat bu sualları cavablandırır.
Bu iki regionda ermənilər və azərbaycanlılar kompakt yaşayır. Əksəriyyət dövlət dilini – gürcü dilini bilmir.
Tədqiqat zamanı müəyyən edilən əsas məsələlərdən biri odur ki, uzun illər bu regionlarda heç nə dəyişməyib, əhali informasiyanı əsasən Gürcüstan kanallarından daha çox baxdığı Rusiya kanallarından alır, ən populyar sosial şəbəkə isə “Odnoklassniki”dir.
Gürcüstanda 233 min azərbaycanlı və 168,1 min erməni yaşayır ki, bu da ümumi ölkə əhalisinin 11 faizini təşkil edir.
•Gürcüstan mediası müsəlmanlardan yetəri qədər bəhs etmir – tədqiqat nəticəsi
•Gürcüstan Rusiya təbliğatının təsiri altındadırmı?
•Gürcüstan, Cavaxetiyadan 25 foto: kəndlər, göllər, quşlar
•Gürcüstan-Azərbaycan sərhədindəki minalar
İnformasiya mənbələri
Milli azlıqların kompakt yaşadığı regionlarda siyasi informasiyanı əsasən Rusiya kanallarından alırlar – əksəriyyət Rusiyanın Birinci kanalına baxır, ardınca RT və Rossiya-1 gəlir.
Gürcüstan telekanallarına bu regionlarda praktiki olaraq heç kim baxmır. Müxalif “Rustavi-2” və hökumətyönlü “İmedi” kanallarına etibar səviyyəsi burada təxminən eynidir. Respondentlər mərkəzi KİV-in regional problemlərə az diqqət ayırdığından şikayətlənirlər. İctimai yayımçıya qarşı etibar səviyyəsi də aşağıdır.
2018-ci ilin dekabrına olan məlumata əsasən, bu regionların əhalisinin 16 faizi İctimai kanalı yalnız etnik azlıqların dilində hazırlanan verilişlər efirə getdiyi saatlarda açır. Məsələn, “Çoxsimalı Gürcüstan” onlayn radio və internet televiziya, həmçinin “Moambe” informasiya buraxılışı Azərbaycan və erməni dillərində yayımlanır.
Faktdır ki, sadalanan verilişlər etnik azlıqların tələbatlarını yetəri qədər ödəmir və İctimai kanalın özü də qanunvericiliklə üzərinə qoyulan milli azlıqların informasiya təminatı ilə bağlı vəzifələrin öhdəsindən lazımi səviyyədə gələ bilmir.
Fokus-qrupların iştirakçıları informasiya mənbəyi kimi Gürcüstan və Rusiya kanallarından başqa erməni, Azərbaycan və türkdilli KİV-lərin də adlarını sadalayıblar.
Gürcüstan vətəndaşları Rusiya kanallarından nə əldə edir?
Respondentlərin sözlərinə görə, Rusiya kanallarının əsas mesajlarından biri Suriya münaqişəsində ABŞ-ın zorakılıq və terroru dəstəkləyən qüvvə kimi mənfi obrazının möhkəmləndirilməsidir. Bu növ mesajlar:
•ABŞ-ın rəhbərlik etdiyi koalisiya zorakılığı, münaqişələri, terroru dəstəkləyir;
•Suriyada kimyəvi hücuma görə məsuliyyət Bəşər Əsəd rejiminin üzərində deyil; kimyəvi hücum ABŞ və koalisiyanın təxribatıdır;
•ABŞ Suriyada humanitar yardımın həyata keçirilməsinə mane olur;
•ABŞ etibarlı tərəfdaş deyil;
•Amerika çevrilişləri dəstəkləyir, başqa dövlətlərin daxili işlərinə müdaxilə edir.
Rusiya kanallarında ikinci düşmən Böyük Britaniyadır. Bu istiqamətdə üç mesaj diqqəti çəkir: 1) Skripalların zəhərlənməsi ilə bağlı məsələ; 2) Britaniya xüsusi xidmət orqanları sərf eləməyən adamları aradan götürür; 3) London çirkli pulların yuyulduğu şəhərdir.
Avropa İttifaqı ilə bağlı əsas mesaj isə miqrasiya böhranıdır. Aİ-nin liberal siyasəti iblisləşdirilib və ksenofobiya kimi təqdim olunur. Bütün bunlarla yanaşı miqrantlar da çox vaxt kriminal element və ya terrorçu kimi təsvir edilir.
Rusiya telekanallarında ən çox xatırlanan üçüncü ölkə isə Ukraynadır. Ukrayna məsələsində Qərb kəskin tənqid olunur. Mesaj belədir: Ukrayna Pravoslav Kilsəsinin müstəqilliyi Amerika layihəsidir, Ukrayna dövlətçiliyi isə uydurulmuş tarixdir.
Qərbə münasibətdə Rusiya telekanalları bu mesajları ötürür: Qərb zorakılığı, münaqişələri dəstəkləyir, Qərb böhran içindədir, Qərb ikili standartlarla davranır və süni şəkildə təhlükələr yaradır. Qərb ənənəvi kimliklə mübarizə aparır və qəbulolunmaz dəyərləri təbliğ edir.
Həmçinin Corc Soros da bir fiqur olaraq populyardır. O, hazırkı inqilabların dəstəkçisi kimi təqdim olunur ki, bu da xarici dövlətlərin daxili işinə müdaxilə deməkdir.
Rusiya təbliğatının əks üzündə bunlar var – Rusiya terrorla mübarizə aparır, Rusiya digər dünya ölkələri ilə müqayisədə mübahisəsiz üstün hərbi gücə malikdir, Rusiya dünya təhlükəsizliyi sistemində həlledici rol oynayır.
Gürcüstanın milli azlıqları Rusiya telekanallarının təqdim etdiyi informasiyaya inanırmı?
Burada da vəziyyət o qədər də yaxşı deyil.
Məsələn, sorğu edilənlərin 60 faizi artıq neçə illərdir ki, Rusiya telekanallarının Luqara laboratoriyası haqda yaydığı dezinformasiyaya inanır. [Rusiya Gürcüstanda açılan Luqara adına laboratoriyanın əslində elmi işlə yox, bakterioloji silah hazırlamaqla məşğul olduğu, kütləvi xəstəliklər və epidemiyalar törətdiyi haqda məlumatlar yayır – JAMnews].
Sorğuda iştirak edənlər həmçinin “Amerikanın şərqdəki terrorçuları dəstəklədiyinə” inandıqlarını bildiriblər. Respondentlərin çoxu ona da əmindir ki, Rusiya bazarı Avropa İttifaqı bazarından daha stabildir.
Sorğu edilənlərin yarıdan çoxu (56,2 faiz) Avropa İttifaqının Gürcüstanı Suriya qaçqınlarını qəbul etməyə məcbur etdiyinə də inanır.
Cavaxetiyada respondentlərin 46 faizi Gürcüstan NATO-ya daxil olandan sonra ərazidə Türkiyə ordusunun yerləşdiriləcəyinə inandıqlarını da dilə gətirib.
Məlum olub ki, regionda ən az Kars sazişinin müddəti bitəndən sonra, 2020-ci ildə Türkiyənin Acariyanı geri tələb edəcəyi haqda informasiyaya etibar olunur.
Tədqiqat 2018-ci il mayın 1-dən noyabrın 15-ə qədər aparılıb.
Tədqiqatda 64 nəfərin daxil olduğu 8 fokus qrupu iştirak edib.