Gürcüstanın yeni baş naziri Mamuka Baxtadze barədə nə bilmək lazımdır
Gürcüstan parlamenti iyunun 20-də “Gürcü arzusu” partiyası tərəfindən baş nazirliyə namizəd irəli sürülən Mamuka Baxtadzeyə və onun təqdim etdiyi hökumət heyətinə etimad göstərib.
99 deputat “lehinə”, 6 nəfər “əleyhinə” səs verib.
“Gürcü arzusu” iqtidar partiyası iyunun 14-də Gürcüstanın baş naziri vəzifəsinə maliyyə naziri Mamuka Baxtadzenin namizədliyini irəli sürüb. Bu, əvvəlki baş nazir Giorgi Kvirikaşvili istefaya gedəndən sonra baş verib.
Baxtadze “Gürcü arzusu” partiyasının altı illik hakimiyyəti dövründə dördüncü baş nazir olacaq.
JAMnews onun şəxsiyyəti və haqqında məlum olanlar haqda qısaca yazır:
MDU-nun subay məzunu
Gürcüstanın yeni baş nazirinin 36 yaşı var. Texniki elmlər doktorudur. Magistr dərəcəsini Lomonosov adına Moskva Dövlət Universitetində, MBA dərəcəsini isə Fransada INSEAD biznes məktəbbində alıb. Baxtadze evli deyil.
Hələ Saakaşvili dövründən yüksək vəzifələrdə çalışmağa başlayıb: 2010-cu ildən 2012-ci ilə qədər Gürcüstan Beynəlxalq Energetika Korporasiyasının baş direktoru olub. “Gürcü arzusu” hakimiyyətə gələndən sonra əvvəlcə dörd il dövlət şirkəti olan “Gürcüstan Dəmiryolları” SC-ə rəhbərlik edib, 2017-ci ilin noyabrında isə maliyyə naziri təyin olunub.
Gürcüstan mətbuatı Baxtadzenin Dəmiryollarında çalışdığı zamanları xüsusilə fəal xatırlayır və həmin illəri tənəzzül dövrü adlandırır, çünki onun rəhbərliyi altında şirkətin maliyyə dövriyyəsi iki dəfədən artıq azalmışdı.
Gürcüstanda o qədər də populyar insan deyil
IRI-nin mayın sonunda dərc olunan sorğusuna əsasən, baş nazir vəzifəsinə namizədliyi irəli sürülməmişdən iki həftə əvvəl 55 faiz ümumiyyətlə Baxtadzenin adını eşitməmişdi.
NDI-ın apreldə keçirdiyi sorğu da eyni nəticəni verib – sorğu olunanların 43 faizi Mamuka Baxtadzenin kim olduğunu və ölkənin Maliyyə Nazirliyinə rəhbərlik etdiyini bilmirdi.
İvanişvilinin sevimlisi
Bir neçə il ərzində hər dəfə növbəti baş nazir istefa verəndə Baxtadzenin adı bu vəzifəyə ehtimal olunan namizədlər arasında görünürdü.
Gürcüstanda Baxtadzenin Bidzina İvanişvilinin şəxsi seçimi olduğuna az adam şübhə edər.
Gürcüstan mətbuatı yazır ki, Baxtadze İvanişvili ailəsinin yaxın dostudur, əsasən də onun oğlu ilə isti münasibətləri var.
Keçmiş baş nazir və faktiki ölkə lideri İvanişvili 2013-cü ildə Baxtadzeni “yaxşı oğlan” və “maraqlı şəxsiyyət adlandırıb” və bildirib ki, o, “baş nazir vəzifəsinə namizədlərdən biri ola bilər”.
Fəal sosial şəbəkə istifadəçisi
Baş nazir vəzifəsinə Baxtadzenin namizədliyi irəli sürüləndən sonra Gürcüstandakı bir çox sosial şəbəkə istifadəçiləri Baxtadzenin Instegram-da paylaşdığı və reklamının haqqını ödədiyi fotoları tez-tez gördüklərini xatırlamağa başladılar. Fotoların peşəkar fotoqraf tərəfindən çəkildiyi və nazirin həvəslə şəkillərdə poz verdiyi aşkar görünür. Amma bu fotolar məsələn, sosial şəbəkələrdə fəal olan digər məmur, Tbilisi meri Kaxa Kaladzenin şəkillərindən fərqli olaraq o qədər də çox “layk” toplamayıb.
Gürcüstanın on.ge informasiya saytının jurnalistləri Baxtadzenin sosial şəbəkələrdəki akkauntlarını hansı maliyyə hesabına reklam etdiyi ilə artıq maraqlanıblar. Maliyyə Nazirliyindən bildiriblər ki, reklamın xərci dövlət büdcəsindən ödənmir və bu, Baxtadzenin şəxsi vəsaitləridir.
Bu yaxınlarda Baxtadzenin Twitter-dəki statuslarından biri sosial şəbəkə istifadəçilərinin qəzəbinə səbəb olub. Apreldə Tkibulidə altı mədənçi həlak olandan sonra Baxtadze həmin statusda həlak olanların ailələrinə müraciət edərək onların kədərinə şərik olduğunu bildirmişdi. Mədənçi ailələrinə ünvanlanan müraciətin ingilis dilində olması qəzəb doğurmuşdu.
Gələcək planlar
Baş nazir vəzifəsinə namizəd statusunda keçirdiyi ilk mətbuat konfransında Baxtadze bildirib ki, “gürcü xalqının tarixi seçimini, Gürcüstanın Avro-atlantik məkana inteqrasiyasını” başa çatdırmaq niyyətindədir. O həmçinin öz prioritetləri sırasında “kiçik və səmərəli hökumətin” qurulmasını da sadalayıb, bu isə digər islahatlarla yanaşı nazirlərin sayının 14 nəfərdən 11 nəfərə qədər azaldılmasını nəzərdə tutur.
Ən başlıca prioritetinin isə insan haqları olduğunu bildirib. Onun sözlərinə görə, “insan “Gürcü arzusu” partiyasının əsas dəyəridir, olub və olacaq”.
Yeni baş nazir təhsilə, innovasiyalara və gənclərin ölkənin həyatına fəal şəkildə cəlb olunmasına da xüsusi diqqət yetirmək niyyətindədir.
“Məhz motivasiyalı, təhsilli, işgüzar təşəbbüskarlıq dolu və ən əsası da öz imkanlarına əmin olan gənclik Gürcüstanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələr sırasına daxil olmasına şərait yaradacaq. Və məhz bu cür Gürcüstan abxaz və osetin qardaşlarımıza edəcəyimiz yeganə və alternativsiz təklifimiz olacaq ki, onlar da vahid ailəyə geri dönsünlər”, – Mamuka Baxtadze bəyan edib.
O nə qədər tab gətirəcək?
Opponentlərin iqtidar qüvvəsini tənqid etdiyi əsas məqam kadrların Bidzina İvanişvilinin şəxsi simpatiyası əsasında seçilməsi ilə bağlıdır.
Amma əsas sual açıq qalır – onun baş nazir kürsüsündə dövrü nə qədər olacaq? Burada ekspertlərin proqnozları Baxtadzenin xeyrinə deyil. Siyasi şərhçilər son altı ilin təcrübəsinə istinad edirlər. Bu təcrübə isə göstərir ki, İvanişvilinin təyin etdiyi şəxslər qəfildən siyasi səhnədə peyda olduqları kimi elə qəfildən də yoxa çıxırlar.
- “Gürcü arzusu” partiyasının ilk baş naziri 2012-ci ildə partiyası parlament seçkilərində Saakaşvilinin “Milli Hərəkat” partiyasına qalib gələn Bidzina İvanişvili olub. Bu vəzifədə 13 ay qalandan sonra İvanişvili istefa verib və bildirib ki, siyasətdən gedir.
- Növbəti baş nazir İrakli Qaribaşvili bu vəzifədə iki il və bir ay çalışıb, 2015-ci ildə yeni ilə bir həftə qalmış gözlənilmədən istefa verib.
- “Gürcü arzusunun” üçüncü baş naziri Giorgi Kvirikaşvili iki il yarım vəzifədə qala bilib. İyunun 14-də istefaya getdiyi zaman o bildirib ki, onunla “Gürcü arzusu” partiyasının lideri Bidzina İvanişvili arasında fikir ayrılıqları var.