Gürcüstanın baş naziri yenilənmiş hökumətin tərkibini təqdim edib
Gürcüstanın tezliklə yeni hökuməti olacaq. Ölkənin baş naziri Mamuka Baxtadze bu gün yenilənmiş kabinetin tərkibini elan edib. Burada cəmi üç yeni nazir var.
Dəyişikliklər əsasən iqtisadi bloka toxunub. Yeni maliyyə naziri bu vaxta qədər “Geocell” mobil əlaqə şirkətində maliyyə və kommersiya postunu tutan İvane Maçavariani olacaq. Amerikanın “McKinsey & Company” konsaltinq şirkətinin Moskva ofisində işləmiş Georgi Kobuliya isə iqtisadiyyat və davamlı inkişaf naziri olacaq.
Son səkkiz ay ərzində artıq üçüncü dəfədir ki, təhsil naziri dəyişir. Bu qurumun yeni rəhbəri Biznes və Texnologiya Universitetinin (BTU) rektoru Mixail Batiaşvili olacaq.
Yeni hökumətin tərkibinin əsas intriqası ədliyyə naziri Teya Sulukianinin fiquru olub. Artıq bi neçə həftədir ki, vətəndaş cəmiyyəti nümayəndələri və müxalifət onun işdən çıxarılmasını tələb edir. Bir sıra qeyri-hökumət təşkilatı da ona qarşıdır. Onların hamısı hesab edir ki, Sulukianinin vaxtında Gürcüstanın məhkəmə sistemində çox sayda problem yığılıb, bunlar da Xorava küçəsində məktəbliklərin qətli məsələsində özünü daha aydın biruzə verib.
Amma baş nazir Sulukianini vəzifədə saxlayıb.
Gürcüstan parlamenti yenilənmiş hökumətə etimadını ifadə etməlidir. Səsvermənin həftənin sonuna qədər keçiriləcəyi gözlənilir.