Gürcüstanın Avropa İttifaqından 500 milyon avro alması müxalifətlə razılaşmasını yerinə yetirməsindən asılıdırmı?
Gürcüstan koronavirus böhranının öhdəsindən gəlmək üçün Avropa İttifaqı və beynəlxalq tərəfdaşlarından 500 milyon avro alacaq – Euronest Parlamentlərarası Assambleyasında Avropa Parlamenti nümayəndə heyətinin rəhbəri Andryus Kubilyus bəyan edib.
Onun sözlərinə görə, ön şərt olaraq bu yardımın alınması üçün Gürcüstan hökuməti üzərinə götürdüyü öhdəlikləri, xüsusən də seçki sistemi və qanunun aliliyi ilə bağlı öhdəliyi yerinə yetirməlidir.
Avropa Parlamentinin nümayəndə heyətinin rəhbəri Gürcüstanın iqtidar partiyasına martın 8-də müxalifətlə seçki islahatı ilə bağlı əldə edilən razılaşmanı və bunun son günlərdə doğurduğu sərt mübahisələri də xatırladıb.
Kubilyus öz bəyanatını Twitter-də paylaşıb.
“Sizin diqqətinizi Aİ və beynəlxalq tərəfdaşlarının Gürcüstana islahatlar keçirmək, COVID-19 pandemiyası və onun yaratdığı sosial və iqtisadi fəsadlarla mübarizə aparmaq üçün 500 milyon avrodan çox həcmdə böyük dəstəyə çəkmək istəyirəm”, – Kubilyus yazıb.
Kubilyusun sözlərinə görə, Avropa İttifaqı Aİ-nin bütün qonşularına 3 milyard avro həcmində yardım ayıracaq. Bunun 962 milyonu Gürcüstan da daxil olmaqla Şərq Tərəfdaşlığına üzv ölkələr üçün nəzərdə tutulub.
“Bu dəstəyin həlledici məqamı Gürcüstanın öz öhdəliklərini, xüsusən də qanunun aliliyi, korrupsiya ilə mübarizə, seçki islahatı, iqtisadi idarəetmə və şəffaflıqla bağlı olan öhdəlikləri yerinə yetirməsi ilə əlaqədardır”, – Kubilyus yazıb.
Avropa Parlamenti üzvünün sözlərinə görə, birbaşa yardımdan başqa Avropa İttifaqı Gürcüstana verilən kreditlərin həcminin artırılması üçün beynəlxalq təşkilatlarla danışıqlar aparır.
Kubilyus qeyd edib ki, Beynəlxalq Valyuta Fondu Gürcüstana 345 milyon avro ayırmağa razılaşıb və bu vəsaitin 280 milyonu 2020-ci ildə ayrılacaq.
Bəyanatın sonunda Andris Kubilyus bir daha hökumətin öz öhdəliklərini yerinə yetirməsinin vacibliyini vurğulayıb.
“Biz birlikdə etimad atmosferində işləməliyik ki, demokratiyanı qoruya bilək və hədəflərimizə çataq. Bu əminliyi yalnız götürülən öhdəlikləri və verilən vədləri, o cümlədən də 2020-ci il martın 8-də Gürcüstanda bütün əsas siyasi partiyaların iştirakı ilə əldə olunan razılaşmanı yerinə yetirməklə möhkəmləndirmək mümkündür”, – o yazıb.
2020-ci il martın 8-də imzalanmış memoranduma əsasən, iqtidar partiyası və müxalifət arasında aşağıdakı razılaşma əldə edilib:
2020-ci ilin oktyabrına planlaşdırılmış parlament seçkilərində 150 deputatdan 120 nəfəri partiya siyahıları üzrə, 30 nəfəri isə majoritar sistem üzrə birmandatlı dairələrdən seçiləcək.
Partiyalar üçün 5 faizlik seçki baryeri birdəfəlik 1 faizə qədər endiriləcək.
Həmçinin 40 faizlik blok tətbiq ediləcək ki, bu da 40 faiz səs toplayan partiyanın parlamentdə təkpartiyalı çoxluğu formalaşdıra bilməyəcəyi anlamına gəlir.
Bundan başqa, görüşdə iştirak edən müxalifət nümayəndələrinin qeyd etdiyinə görə, siyasi məhbusların azad edilməsi haqda da razılaşma əldə edilib.
Amma hakimiyyət bildirir ki, müxalifət yalan danışır, razılaşmada belə şərt yoxdur, çünki Gürcüstanda siyasi məhbuslar mövcud deyil.