Gürcüstanda yoxa çıxan jurnalist Əfqan Muxtarlı Bakıya gətirilib
Dünən Tbilisidə yoxa çıxan azərbaycanlı jurnalist Əfqan Muxtarlı vəkili ilə əlaqə saxlayıb. Vəkil Nemət Kərimlinin sözlərinə görə, dünən 18.30-da Muxtarlı ona zəng vurub və bildirib ki, Bakıda Dövlət Sərhəd Xidmətinin mərkəzi idarəsindədir.
Kərimli Muxtarlının oğurlanmasını və onun gizlincə Azərbaycana gətirilməsini beynəlxalq normaların pozulması kimi dəyərləndirib. Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti jurnalisti təhvil verməməli idi, çünki beynəlxalq normalara görə, əgər hər hansı şəxsi vətənində həbs təhlükəsi gözləyirsə, onu təhvil vermək olmaz.
Bu gün, mayın 31-də Muxtarlının işi üzrə məhkəmə baş tutmalıdır. O, Azərbaycan Cinayət Məcəlləsinin iki maddəsi ilə – dövlət sərhədini qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham edirlər. Vəkilin sözlərinə görə, Muxtarlının üzərində özlərinin qoyduqları 10 min avro nağd pulu “aşkarlayıblar”.
Tanınmış araşdırmaçı jurnalist, keçmiş siyasi məhbus Xədicə İsmayıl sosial şəbəkədəki statusunda Muxtarlının həbsi və Azərbaycana təhvil verilməsini şərh edib:
“Əfqan Muxtarlı vəkilinə deyib ki, dünən onu Tbilisidə, onun yaşadığı rayonda oğurlayıblar. Onu maşına basıb, əllərini bağlayıblar və döyməyə başlayıblar. Üzündə və bədənində zorakılıq izləri var. Qabırğasının sındığından şübhələnir.
Maşın onu Tbilisinin kənarına aparıb. Orada onun başına torba keçiriblər. O, deyib ki, onun ürəyində problem var və nəfəs almağa çətinlik çəkir. Bundan sonra onlar onun köynəyini başına çəkib skotçla bərkidiblər. Boş bir ərazidə onlar maşını dəyişiblər. Daha sonra maşını bir dəfə də dəyişiblər. Sonuncu maşındakı adamlar azərbaycan dilində danışırmış. Maşından onu SKM-da çıxarıblar. Orada onun üzərinə pul qoyublar – onun cibindın 10 min avro tapılıb. Ona 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini müvafiq sənədlər olmadan keçmək) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə ittiham edirlər. Əfqan deyib ki, onu saxlayan adamlar özlərini təqdim etməyiblər, hərçənd onlar gürcü hüquq mühizəçilərinə oxşayırmışlar. Vəkil Elçin Sadıqov tələb edib ki, (Əfqanın) bədənindəki zorakılıq izlərinin qeydə alınması üçün məhkəmə-tibbi ekspertizası keçirilsin və keçid məntəqəsindəki nəzarət kameralarının video-yazıları ona təqdim olunsun”.
İnsident gürcü cəmiyyətində ciddi müzakirələrə səbəb olub.
Gürcüstan hakimiyyətinin nümayəndələri Əfqan Muxtarlının Azərbaycan ərazisində olması faktını hələ ki, heç cür şərh etməyiblər. Azərbaycanlı jurnalistin harada olması hələ aydınlaşmamışdan əvvəl Gürcüstan DİN-i bütün Gürcüstan ərazisində onun axtarışlarının getdiyini bəyan etmişdi.
Baş verənlərlə bağlı Gürcüstanın Jurnalist Etikası Xartiyası Şurası fövqəladə bəyanatla çıxış edib və hakimiyyəti dərhal istintaq tədbirləri görməyə çağırıb.
Şura hüquq-mühafizə strukturlarınıTbilisidə “yoxa çıxmış” jurnalistin necə gedib Azərbaycan ərazisinə çıxdığını, Tbilisidə qalan müvafiq sənədləri olmadan sərhədi necə keçə bildiyini cəmiyyətə izah etməyə çağırıb.
“Regionda insan haqlarının ağır vəziyyətdə olması nəticəsində hakimiyyətə qarşı tənqidçi mövqedə olan jurnalistlər və fəallar onların öz ölkələrindən sıxışdırılıb çıxarılır, Gürcüstan isə onlar üçün peşəkar fəaliyyətlərini davam etdirə biləcəkləri bir sığınacaqdır. Buna görə də vacibdir ki, yaşadıqları belə bir ölkədə onların haqları müdafiə olunsun. Müvafiq olaraq, hökumət üzvlərinin baş verənlərlə maraqlanması lazımdır.
Bununla yanaşı Şura jurnalistləri həmrəylik nümayiş etdirərək, hadisəni fəal işıqlandırmağa və hakimiyyətin bu faktla bağlı mövcud olan sualları cavablandırmasını tələb etməyə çağırıb”, – xartiyanın yayılmış bəyanatında deyilir.
Human Rights Watch təşkilatının Cənubi Qafqazdakı nümayəndəsi Giorgi Qoqiya “Liberal” nəşri ilə söhbətində bildirib ki, Tbilisinin mərkəzində azərbaycanlı jurnalistin yoxa çıxması, bir müddət sonra isə onun Bakıda olduğunun aydınlaşması çox təəccüblüdür.
“Əgər aydınlaşsa ki, jurnalsist Tbilisidə oğurlanıb, bunun da nəticəsində qeyri-insani rəftara münasibətə, işgəncəyə məruz qala və ya siyasi motivli məhkəmə qarşısına çıxarıla bilər, bu, bizim ölkəmiz üçün çox pisdir”, – hüquq müdafiəçisi deyir.
Azərbaycanlı jurnalistin yoxa çıxması və Azərbaycana keçirilməsi Gürcüstanda sosial şəbəkə istifadəçilərinin də qəzəbinə səbəb olub.
“Azərbaycanlı jurnalistin başına gələnlər son beş ildə baş verənlərin ən ağılasığmazıdır”, – Facebook səhifəsində “Avropa Gürcüstanı” Partiyasının üzvü Şota Utiaşvili yazır.
Jurnalist Qela Mşivlişvili Facebookda yazır: “Azərbaycanlı jurnalistin Tbilisidə oğurlanması və onun Bakıda “peyda olması” elə dəhşətli hadisədir ki, buna nə Avropa İttifaqı ilə assosiasiya haqda sazişlə, nə viza rejiminin sadələşdirilməsi ilə, ümumiyyətlə heç nə ilə haqq qazandırmaq mümkün deyil!”
Gündən-günə bizdə hakimiyyətin olmadığı ilə bağlı əminlik artır! – jurnalist Eliso Canaşiya yazır.
Jurnalist Manana Vardiaşvili: “Azərbaycanlı jurnalistlər Gürcüstana sığınacaq tapmaq, repressiyalardan xilas olmaq ümidi ilə gəliblər. Hakimiyyətimizə görə utanıram”.
“Mitinqlər zamanı yetişib!!! Küçələrə çıxaq! Biz bu rəzilliyə necə dözəcəyik – bilmirım”, – onun həmkarı Nino Zuriaşvili yazır.
Sabah saat 11.00-da gürcü jurnalistlər Jurnalist Etikası Xartiyası Şurasının çağırışı ilə hökumət dəftərxanasının yanında toplaşmağa və baş verənlərlə bağlı hökumətdən cavab tələb etməyə hazırlaşır.