Gürcüstanda xarici nömrəli avtomobillərin sığortalanması artıq məcburidir
Martın 1-dən Gürcüstan ərazisinə gələn və burada 15 gündən artıq qalmaq niyyətində olan xarici nömrə nişanlı bütün avtomobillərin sürücüləri nəqliyyat vasitəsini sığortalamalıdır.
Sürücülər sığortanı nəzarət-keçid məntəqəsindəcə rəsmiləşdirə bilər. Qiymət nəqliyyat vasitəsinin növündən və sığorta müddətindən asılıdır. Sənədi 15, 30 və ya 90 günlük, həmçinin 1 illik almaq mümkündür.
Məsələn, minik avtomobilini 15 günlük sığortalamağın qiyməti 30 lari (12 dollara yaxın), bir aylıq 50 lari (20 dollara yaxın), bir illik isə 295 laridir (120 dollara yaxın).
Sığorta yol qəzası zamanı zərərçəkənə dəyən həm fiziki, həm də maddi ziyanı qarşılayacaq. Bununla belə sağlamlığa dəymiş ağır zərər tam, az ağır zərərin isə 60 və ya 30 faizi qarşılanacaq.
Sığorta sığortalanmışın qəsdən törətdiyi əməllərdən yaranan, təhlükəli maddələrin daşınmasından, terror aktları, hərbi əməliyyatlar və hərbi manevrlər, həmçinin yarışlar, təlimlər və sınaqlar zaman ortaya çıxan ziyanı qarsalamayacaq.
Sığortalanmamış motosikletə və yüngül avtomobilə görə cərimə 100 lari (40 dollardan çox), avtobuslar və yük maşınları üçün isə 200 laridir (80 dollardan çox).