“Aİ Direktivi xaricdən maliyyə alan qurumları, vətəndaş cəmiyyətini və ya medianı hədəf almır”, – Aİ sözçüsü Peter Stano Gürcüstanın hakim partiyası tərəfindən yenidən irəli sürülmüş “xarici agentlər haqqında” qanunla Aİ Direktivi arasındakı fərqi belə izah edib.
Peter Stanonun izahı:
● “Avropa Komissiyasının “Üçüncü ölkələrin maraqlarının təmsil olunmasında fəaliyyətin şəffaflığı haqqında” Direktiv layihəsi Gürcüstanın qanun layihəsindən çox fərqlidir.
● Aİ Direktivi xarici müdaxilə və dezinformasiya ilə mübarizə səylərini dəstəkləmək üçün yaradılıb. O, yalnız üçüncü ölkələrin (məsələn, lobbiçilərin) maraqları naminə fəaliyyət göstərən qurumlara qarşı hədəflənib və ilk növbədə Avropa İttifaqında şəffaflığın ümumi standartlarını təmin etmək üçün Aİ-yə üzv dövlətlər arasında yanaşmaların uyğunlaşdırılmasına yönəlib.
● Direktiv xaricdən maliyyə alan təşkilatları və xüsusən vətəndaş cəmiyyəti və medianı hədəf almır.
● Bundan əlavə, Aİ Direktivi tədbirlərin mütənasib olacağına, heç bir quruma ayrı-seçkilik və ya damğa vurmayacağına, ifadə və ya birləşmək azadlığı kimi mühüm fundamental hüquqlardan istifadəni heç bir şəkildə məhdudlaşdırmayacağına dair ciddi təminatları ehtiva edir. Layihədə həmçinin müstəqil milli institutlar üçün aydın şəkildə müəyyən edilmiş nəzarət imtiyazları və səmərəli məhkəmə nəzarəti hüququ daxildir.
● Aİ Direktivi layihəsi fəaliyyətləri qadağan etməyən və ya cinayət sanksiyaları daxil etməyən hesabatlılığın təkmilləşdirilməsi üçün şəffaflıq alətidir.
● Aprelin 15-də Gürcüstan parlamentinin Hüquq Komitəsi xalq arasında “xarici agentlər haqqında qanun” adlandırılan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib. Müxalifətin təşəbbüsü ilə irəli sürülmüş alternativ qanun layihələri rədd edilib.
● Qanun layihəsi ikinci dəfə hakim “Gürcü Arzusu” partiyası tərəfindən irəli sürülüb. 2023-cü ilin martında minlərlə insanın etirazı və Qərb tərəfdaşlarının qəti tənqidi hakimiyyəti layihəni parlamentdən geri çağırmağa məcbur etmişdi, baxmayaraq ki, artıq birinci oxunuşda qəbul edilmişdi.
● Hökumətin əsas arqumenti ondan ibarətdir ki, Gürcüstanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının şəffaflığı sual altındadır və bu, ölkənin təhlükəsizliyini təhdid edir. Lakin nə müstəqil ekspertlər, nə müxalifət, nə də vətəndaş cəmiyyəti bu arqumentə inanmır və hesab edir ki, bu yolla “Gürcü Arzusu” hakimiyyətinin ömrünü uzatmağa çalışır və ölkədə alternativ rəyi sıxışdırmaq üçün 2024-cü ilin oktyabrında keçiriləcək parlament seçkilərinə zəmin hazırlayır.