Gürcüstanda vaksinasiya əleyhdarlarının 37,5 faizi sonsuzluqdan və ya ölümdən qorxur
Gürcüstanda vaksinasiya əleyhdarlarının 37,5 faizi vaksinə bu münasibətlərini sonsuzluq və ya ölüm qorxusu ilə izah edir.
Gürcüstanın Milli Statistika İdarəsi ölkədə vaksinasiya prosesini öyrənməyə başlayıb. Sorğu nəticələrinə görə, respondentlərin 28,8 faizi koronavirusa qarşı peyvənd vurdurmağa hazırdır. 10,4 faiz deyir ki, böyük ehtimalla vurdurmayacaqlar, 31,4 faiz bunu qəti istisna edir, 29,5 faiz isə hələ fikrini müəyyənləşdirməyib.
Sorğu 2021-ci il fevral-mart aylarında – Gürcüstanda vaksinasiya prosesi başlayan zaman keçirilib.
Vaksinasiyadan keçmək istəyinin olmamasının səbəbi kimi əsasən vaksinin yat təsirləri, ölüm və ya sonsuzluq təhlükəsi göstərilib.
Statistika İdarəsinin məlumatına görə, Gürcüstanda respondentlərin 57,7 faizi vaksinə etibar edir. Bu göstərici yaşadığı yerdən asılı olaraq dəyişir: şəhərlər üçün 60,7 faiz, kəndlər üçün 53,4 faiz.
Gürcüstanda vaksinin təbliği üçün “Peyvənd vurdur və qalib ol” kampaniyası başladılıb. Milli Lotereya şirkətinin dərc etdiyi bəyanata əsasən, ən azı bir dəfə peyvənd vurduran hər kəs pul mükafatları udmaq imkanı əldə edir.
Gürcüstanda QR-kod vasitəsilə vətəndaşın covid-statusunu müəyyən edəcək əlavə hazırlanır. Əlavə PCR testin və ekspress-testin nəticələri və vaksinasiya haqda tam məlumatla təchiz olunacaq.
Son aylarda Gürcüstanda gündəlik 4 minə qədər koronavirusa yoluxma və 80 ölüm halı qeydə alınırdı, vaksinasiya prosesi isə əhəmiyyətli dərəcədə ləngiyib.
Son 24 saat ərzində ölkədə 2 515 yeni koronavirusa yoluxma halı qeydə alınıb, 60 nəfər ölüb.
Sentyabrın 15-ə olan məlumata əsasən 1 561 228 peyvənd vurulub:
919 876 nəfər ən azı bir dəfə peyvənd vurdurub – bu, yetkin yaşda əhalinin 32,2 faizidir.
641 352 nəfər tam vaksinasiyadan keçib – yəni yetkin yaşda əhalinin 22,5 faizi.