Gürcüstanda təqib: ictimai fəal təhlükədə olduğunu deyir
Azərbaycanın sərhəd tanımayan repressiyaları
Azərbaycanlı hüquq müdafiəçisi Nemət Abbasov “JAMnews”a Gürcüstanda yaşadığı təhdid hallarını danışır, deyir ki, bir müddətdir kimliyini bilmədiyi şəxslər tərəfindən təqibə məruz qalır.
Dedikləri təkcə Nemətin deyil, Gürcüstanda sürgündə yaşayan bir çox fəalın ortaq təcrübəsidir.
Azərbaycanda vətəndaş cəmiyyəti və müstəqil mediaya qarşı artan təzyiqlər, həbslər və hədələr təkcə ölkə daxilindəki fəalları deyil, həm də xaricdə sığınacaq axtaran şəxsləri hədəf alır. Azərbaycanda başlayan repressiya dalğasından sonra yerli fəalların “təhlükəsiz cənnəti” olan Gürcüstan, artıq bu funksiyasını itirib.
Bir çox hüquq müdafiəçisi və jurnalist Gürcüstanda təqib olunduqlarını, fiziki izləmələrə və psixoloji təzyiqlərə məruz qaldıqlarını bildiriblər. Ən son nümunə kimi azərbaycanlı media mənsubu Əfqan Sadıqovun həbsi göstərilə bilər. Bir neçə gün əvvəl azadlığa çıxan Sadıqov Azərbaycanın tələbi ilə Gürcüstanda həbs edilmiş, ölkəyə ekstradisiyası tələb edilmişdi.

Nemət Abbasov danışır ki, 2024-cü il dekabrın 4-də hüquq müdafiəçisi Rüfət Səfərovun həbsindən bir gün sonra o, “Meydan TV”-yə Azərbaycandakı repressiyalar və insan hüquqları ilə bağlı müsahibə verib. Müsahibənin yayımlanmasından bir neçə gün sonra onun bütün sosial şəbəkə və şəxsi hesablarına qarşı kiber müdaxilə cəhdləri başlayıb:
“Əvvəldən bu cür cəhdləri gözləyirdim, kiber təhlükəsizliyə riayət etdiyim üçün bu müdaxilələr uğursuz oldu”.
Fiziki izləmə: Qaranlıq küçələr, tanımadığım adamlar
2025-ci ilin yanvar ayında isə hadisələr daha təhlükəli mərhələyə keçib. Abbasov bildirir ki, yanvarın ilk həftələrində onun yaşadığı ərazidə daha əvvəl görmədiyi şəxslər dəfələrlə ona yaxınlaşaraq Azərbaycan dilində təqib xarakterli suallar veriblər:
“Haralısan? Niyə Gürcüstana gəlmisən? Harada qalırsan?”
Bu dialoqları üç dəfə fərqli şəxslərlə yaşadığını deyən hüquq müdafiəçisi həmin ərazini tərk etməyə məcbur olub:
“Təqiblər artdığı üçün oradan köçdüm”.
Martın 30-da təqib şübhələri əminliyə çevrilib
2025-ci il martın 30-da baş verən hadisə isə onun təqib olunduğuna dair şübhələrini gücləndirib. Abbasov dostu ilə küçədə söhbət etdiyi zaman qarşı tərəfdə dayanan bir şəxsin onları müşahidə etdiyini və telefonla görüntü almağa çalışdığını sezib. O, həmin istiqamətə doğru getməyə başlayanda həmin şəxs də tələsməyə başlayıb və sonda qaçaraq yoxa çıxıb:
“Onun hərəkətləri, qaçmağı məndə artıq əminlik yaratdı ki, bu təsadüf deyil. Arxasınca dəfələrlə səslənsəm də o, dayanmadı”.
Hadisənin ertəsi günü həmin əraziyə qayıdan Abbasov müşahidəni dəqiqləşdirməyə çalışsa da, nəticə əldə edə bilməyib.
Fəallar üçün təhlükəli coğrafiya
Abbasovun yaşadıqları sürgündəki azərbaycanlı fəalların üzləşdiyi ümumi təzyiq və təqib hallarının tək nümunəsi deyil. O xatırladır ki, Gürcüstanda daha əvvəl də bir çox ictimai-siyasi fəal, hüquq müdafiəçisi və jurnalist oxşar təzyiqlərlə qarşılaşıb:
“Azərbaycan hökumətinin xaricdəki tənqidçiləri izləməsi, onlara planlı şəkildə təsir göstərməsi uzun müddətdir aktual mövzudur”.
Nemət Abbasov həmçinin Azərbaycan rəhbərliyinin — xüsusilə prezident İlham Əliyevin — dəfələrlə xaricdəki fəallara ünvanladığı təhdid dolu çıxışlarını xatırladır:
““Onlar cavablarını alacaqlar” ritorikası ilə səsləndirilən bu çıxışlar, ölkə daxilindəki repressiv siyasətin xaricdəki fəallara da şamil edildiyini göstərir”.
Azərbaycanlı fəalların xaricdə təqibi, təhdidləri və qətlləri
- Azərbaycanlı fəallar xaricdə, xüsusilə Gürcüstanda, Fransa, Türkiyə, Belçikada və Almaniyada təqib, təhdid və qətllərlə üzləşirlər.
- Bu halların Azərbaycan hökumətini tənqid etmələri ilə əlaqəli olduğu ehtimal olunur, bəzi hadisələr oğurlama, hücum və şübhəli ölümləri əhatə edir.
- Dəlillər Azərbaycan hakimiyyətinin xaricdəki repressiyasına işarə edir, lakin bəzi hallarda dövlətin iştirakına dair aydın dəlillər yoxdur və mübahisələr var.
Gürcüstanda Hadisələr
Gürcüstanda azərbaycanlı fəallar, xüsusilə mühacirətdə olanlar, təhdidlərlə üzləşirlər.
Məsələn, Əfqan Muxtarlı 2017-ci ilin may ayında Tbilisidə oğurlanaraq Azərbaycana aparılıb və həbs edilib. 2016-17-ci illərdə Vidadi İsgəndərli bir neçə dəfə hücuma məruz qalıb.
Bu hallar onların hökuməti tənqid etmələri ilə əlaqələndirilir.
Digər ölkələrdəki hadisələr
Fransada Vidadi İsgəndərli 2024-cü ilin oktyabrında, Mulhuzda bıçaqlanaraq qətlə yetirilib, Məhəmməd Mirzəli isə bir neçə dəfə hücuma məruz qalıb.
Türkiyədə Bayram Məmmədov 2021-ci ildə İstanbulda şübhəli şəraitdə ölüb. Belçikada Vüqar Rza 2020-ci ilin dekabrında yoxa çıxıb, cəsədi 2021-ci ilin yanvarında tapılıb.
Almaniyada Qabil Məmmədov 2020-ci ildə hücuma məruz qalıb.
Bu hallar azərbaycanlı fəalların qlobal risk altında olduğunu göstərir, Gürcüstan və Fransa isə xüsusi qaynar nöqtələrdir. Dəlillər dövlət tərəfindən dəstəklənən repressiyaya işarə edir, lakin bəzi hallar qeyri-müəyyən motivlər səbəbindən mübahisəli qalır.
Azərbaycanda repressiyalar
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan media mühiti məhdudlaşdırılıb və dissidentlərə qarşı repressiya artıb, bu da “Freedom House”un bir neçə hesabatında qeyd olunub. Hesabatda yazılır ki, repressiya ölkə sərhədləri ilə məhdud qalmayaraq, xaricdəki fəalları, jurnalistləri və müxalifət nümayəndələrini hədəf alır, xüsusilə qonşu ölkə Gürcüstanda və Avropada.
Bu fenomen, transmilli repressiya kimi bilinir, oğurlama, hücum və təqib kimi taktikalardan ibarətdir. Avropa Parlamentinin 2024-cü ilin 24 oktyabr tarixli qərarı Azərbaycanın COP29-dan əvvəlki “uzun illik yerli və sərhəd tanımayan repressiyasını” qınayıb, qlobal narahatlığını dilə gətirib.
Azərbaycanın sərhəd tanımayan repressiyaları