Gürcüstanda protestantlar necə yaşayır
İnkişafı dəstəkləyən və Qərb dəyərlərini müdafiə edən mühafizəkarlar, – teoloqlar Gürcüstandakı protestantları bu cür xarakterizə edir. Ölkədə dominantlıq edən pravoslav kilsəsi ilə qarşılıqlı münasibətlərə gəlincə, protestantlar bildirir ki, onların arasında açıq münaqişə yoxdur, amma gərginlik var – hər halda Gürcüstan üçün ənənəvi konfessiyalarla müqayisədə protestantlara qarşı dözümsüzlük daha çoxdur.
Reformasiyanın 500 illiyi ərəfəsində – protestantlığın yaradılması tarixi – JAMnews Gürcüstanda protestant kilsələrinin nümayəndələrinin necə yaşaması ilə maraqlandı.
Gürcüstanda protestant kilsələri təxminən bir əsr yarımdır ki, mövcuddur. Bu gün ölkədə protestantlığın təkcə bir qolunun nümayəndələri deyil, həm də yevanqelistlər – pentekostallar, xristian adventistlər, yevanqelist-lüteran kilsələri və Müqəddəs Üçlüyün protestant kilsəsinin nümayəndələri yaşayır.
Protestant axınlarına teoloqlar Gürcüstanda kifayət qədər çoxsaylı dini qrup olan İyeqova Şahidlərini də aid edir.
Gürcüstanda ən qədim protestant kilsələri Gürcüstana XIX əsrdə, Rusiya İmperiyasının dövründə Qafqaza köçən almanlarla birlikdə gələn yevanqelist-lüteran və yevanqelist-baptist kilsələridir.
Sovet dövründə Gürcüstanda protestantlıq digər dini qrupların keçdiyi yolu keçib, zorakılıq, repressiyalar və təzyiqlərlə üzləşdi. Kilsələrin dağıdılması və pastorların təqibi ilə Stalin dövrü xüsusilə fərqlənib.
Protestantlar yenidənqurma dövründə az-çox rahat nəfəs aldılar, çoxsaylı maneələrə baxmayaraq, öz kilsələrinin tam mənada bərpasına onlar ancaq 90-cı illərdə nail oldular.
Gürcüstanda protestantlar neçə nəfərdir və onlar harada yaşayır?
Gürcüstanda protestantların sayı haqqında dəqiq statistik məlumat yoxdur. 2014-cü ilə olan əhalinin siyahıya alınmasına görə, protestantlığı dini etiqad kimi 2500-ə yaxın adam, yəni əhalinin 0,1 faizi göstərib. Bura rəsmi statistikanın məlumatına görə, sayı 12 mindən çox olan İyeqova Şahidləri daxil deyil.
Beləliklə, statistikaya görə, protestantlar Gürcüstanda ən azsaylı dini qruplardan biri sayılır. Bu zaman pravoslav kilsəsinə aid olduğunu əhalinin 83,4 faizi – üç milyondan çoxu bildirir. Sayına görə ikinci böyük qrup müsəlmanlar sayılır – 10,7 faiz.
Amma ekspertlər və din xadimləri rəsmi statistikaya skeptik yanaşır. Belə ki, teoloq Beka Mindiaşvilinin məlumatına görə, əslində İyeqova Şahidlərinin sayı 30 minə qədər, yevanqelist-pentekostalların sayı isə Gürcüstanda 10 minə qədərdir.
Gürcüstanın xalq müvəkkilinin ofisi yanında tolerantlıq mərkəzinin hesabatına görə, 2008-ci il məlumatında bildirilir ki, Gürcüstanda təkcə Yevanqelist-baptist kilsəsinin beş min xaç suyuna çəkilmiş davamçıları varıydı, tərəfdarlar və rəğbət bəsləyənləri isə 17 minə yaxın idi.
Bura Abxaziya və Cənubi Osetiya ərazisində yaşayan dindarlar da daxildir. Həmin mənbəyə görə, Gürcüstanın yevanqelist-lüteran kilsəsinin mindən bir az çox üzvü var.
Yevanqelist-baptist kilsəsinin yepiskopu Malxaz Sonqulaşvili Gürcüstanda protestantların ümumi sayının 30-40 min olduğunu bildirir.
Protestant kilsəsinin dindarları Gürcüstanın müxtəlif regionlarında – həm şərqdə, həm də qərbdə yaşayırlar. Protestantlığın mərkəzi Tbilisidir, Rustavi və Qoridə də kiçik icmalar var. İstiqamətlərdən biri olan Müqəddəs Üçlüyün protestant kilsəsi isə təkcə Batumidə, Qara dəniz sahilində var.
Bir qayda olaraq, protestant kilsələrinin hərəsinin bir fəaliyyətdə olan ibadətgahı olur: Tbilisidəki Barışıqlıq kilsəsi Gürcüstanda yeganə yevanqelist-lüteran kilsəsidir. 2005-ci ildə Tbilisidə həm də yevanqelist-baptist icmasının əsas mərkəzi olan yeganə ibadətgah açıldı.
Qəbuledilməzlik
Yüz ildən çox tarixində baxmayaraq, Gürcüstandakı protestant icmaları hələ də dominant olan dinlərin nümayəndələri tərəfindən qəbuledilməzlik və dözümsüzlüklə bağlı çox sayda problemləri dəf etməli olur.
Yevanqelist-baptist kilsəsinin yepiskopu Rusudan Qotsiridze JAMnews-la söhbəti zamanı bildirib ki, pravoslav kilsəsinin nümayəndələri tərəfindən açıq-aşkar aqressiv hücumlar artıq keçmişdə qalıb, amma cəmiyyət tərəfindən qəbuledilməzlik və neqativ münasibət hələ də var.
“Yaxın keçmişdən qəsdən hədəfi olaraq protestant kilsələrinin nümayəndələrini seçən keçmiş pravoslav keşişi Basili Mkalavişvili tərəfindən təşkil olunan hücumları yada salmaq olar. Bu gün bu qəbildən olan aqressiyalar problemi çətinliklə də olsa həll olunub. Amma cəmiyyət tərəfindən hələ də dini azlıqların qəbuledilməzliyi var ki, bu da ölkə üçün əsas təhdidlərdən biridir.
Misal üçün, məktəblərdə baptistlərin ailələrindən olan uşaqlar həm şagirdlər, həm də müəllimlər tərəfindən təqiblərə məruz qalır”, – Rusudan Qotsiridze deyir.
Digər problemlər arasında o, dini qrupların siyasiləşməsini, büdcə maliyyələşdirməsinin sağlam olmayan modelini (pravoslav kilsəsi büdcədən ildə 10 milyon dollara yaxın alır, bir neçə “ənənəvi” konfessiya xeyli daha az maliyyə alır ki, protestantlar onlara daxil deyil – red.) və dinlər haqqında qanunun olmamasını göstərir. Onun sözlərinə görə, “2014-cü ildə yaradılan dinlərlə iş üzrə agentlik dini qruplara siyasi təsirin qurulmasına xidmət edir” və dini azlıqların inteqrasiyasına kömək etmir.
Teoloq Beka Mindiaşvili protestantlara pravoslav kilsəsinin münasibətini düşmən münasibəti adlandırır.
Onun sözlərinə görə, bir tərəfdən, patriarxiya nümayəndələri protestantları “günaha batan” hesab edir, digər tərəfdən də, onların aqressiv münasibəti protestantların konkret Qərb yönlü oriyentasiyasına görə daha da güclənir. Mindiaşvili izah edir ki, patriarxiya üçün ancaq “ənənəvi” konfessiyalarla (müsəlmanlar, katoliklər və s.) normal münasibətlər mümkündür, digər hallarda isə patriarxiya sərt və düşmən mövqe tutur.
Protestantlıq vs pravoslavlıq
Pravoslav və protestant kilsələrinin görüşləri nə dərəcədə fərqlənir? Gürcüstan ictimaiyyətinin böyük hissəsi üçün Gürcüstan pravoslav kilsəsinin baxışları daha çox mühafizəkar və radikaldır. Amma teoloq Mirian Qamrekelaşvilinin fikrincə, Gürcüstan pravoslav kilsəsini ultra-mühafizəkar adlandırmaq o qədər də doğru deyil, çünki bu təşkilat çox böyükdür və daxilində ziddiyyətli proseslər gedir.
“Gürcüstan pravoslav kilsəsi həm teoloji, həm də siyasi mənada çox ziddiyyətlidir. O, ancaq formal olaraq ultra-mühafizəkardır, çünki adətən onun mövqeyi çox səthi olur. Teoloji nöqteyi-nəzərdən baxsaq, (kilsə) çox vaxt inkişaf və təkamülü inkar edir, təcrübədə isə çox vaxt başqa cür olur”, – Qamrekelaşvili deyir.
Gürcüstan pravoslav kilsəsinə “kiçik inkişafın” xas olduğuna nümunə kimi, teoloq Gürcüstanın Katolikos-patriarxı tərəfindən ölkənin Avropaya inteqrasiyasının açıq dəstəyini göstərdi.
Bundan başqa, Qamrekelaşvili hesab edir ki, ultra-mühafizəkar baxışlar kilsə nümayəndələrinə “ən yeni texnologiya məhsullarını tez mənimsəməyə” mane olmur.
Protestant kilsələrinə gəlincə, teoloqun fikrincə, orada nadir istisnalarla, dəqiq ifadə olunmuş və təcrübədə tətbiq edilən konservativ baxışlar dominantlıq təşkil edir. Onların kiçik olmaları səbəbindən pravoslav kilsəsindən fərqli olaraq, orada daxili ziddiyyətlər müşahidə olunmur və Gürcüstanın protestant kilsələrinin böyük hissəsi çox mühafizəkardır.
“Öz növbəsində, yevanqelist-baptist və yevanqelist-lüteran kilsələri o nadir istisnalardandır ki, orada (dinlər) teoloji və siyasi planda inkişafa can atır. Bu, həmin kilsələrin liderlərinin və iyerarxiyalarının sayəsindədir”, – Qamrekelaşvili belə hesab edir.
Beka Mindiaşvili də Gürcüstanda əksər protestant kilsələrinin mühafizəkar olduğunu bildirir. Amma onun sözlərinə görə, pravoslav kilsəsi ilə fundamental fərqlər göz qabağındadır – Gürcüstanda protestantlar Qərb dəyərləri və Qərb yönlü meylləri açıq dəstəkləyir.
“Gürcüstan patriarxiyasındakı Rusiya yönlü meyllərdən fərqli olaraq, protestant kilsələri Qərb dəyərlərini dəstəkləyir. Onlar çox vaxt azlıqların hüquqları uğrunda mübarizənin ön dəstələrində olur. Misal üçün, yevanqelist-baptist kilsəsi həmişə qadınların və müxtəlif azlıqların hüquqlarını açıq müdafiə edib.
Həm də mühafizəkar baxışları olan protestant kilsələrinin ksenofobiya, homofobiya və təqibin hər hansı elementləri ilə bağlılığı yoxdur. Bu mənada kilsələr (pravoslav və protestant) arasında fərq çox böyükdür”, – Mindiaşvili deyir.
O həm də hesab edir ki, pravoslav kilsəsi ilə müqayisədə protestant kilsələri xeyli daha “nonkonformistdir”.
Yevanqelist-baptist kilsəsinin yepiskopu Malxaz Sonqulaşvili JAMnews-a bildirib ki, onun kilsəsi cəmiyyətin bütün problemlərinə görə “sosial məsuliyyət hiss edir”:
“Kilsə cəmiyyət qarşısında duran bütün çağırışları bölüşməlidir. Bu, gender və ya hər hansı başqa qeyri-bərabərlik, azlıqların təqibi, ayrı-seçkilikdir. Bütün bu mövzular bizim üçün vacibdir”.
2014-cü ildə yevanqelist-baptist kilsəsinin yepiskopu Rusudan Rotsiridze tolerantlıq, bərabər imkanlar və bərabərhüquqluluq uğrunda mübarizəyə verdiyi töhfəyə görə ABŞ Dövlət Departamentinin “Qadınlara cəsarətə görə beynəlxalq mükafatı”na layiq görüldü.