Gürcüstanda Pasxa: Patriarx deyib ki, “hətta pandemiya dövründə də həyat və ölüm Tanrının iradəsindədir”
Çoxsaylı tövsiyələrə baxmayaraq, Gürcüstan pravoslav kilsəsi hökumətlə razılaşma əldə edərək, yenə də dindarların iştirakı ilə Pasxa liturgiyasını keçirib.
Əslində, qanunvericiliyin pozulması ilə keçirilən ayin zamanı Katolikos İkinci İliya bildirib ki, yevxaristiya olmadan səmavi çarlığa çatmaq mümkün deyil və hətta pandemiya dövründə belə həyat və ölüm Tanrının iradəsindədir.
Aprelin 19-u tarixinə Gürcüstanda 394 koronavirusa yoluxma halı qeydə alınıb, 86 nəfər sağalıb, 4 nəfər ölüb.
Kilsə və monastırlara keşişlər maşınlarla, möminlər isə piyada gəliblər
Aprelin 17-dən hökumətin sərəncamı ilə bütün ölkədə minik avtomobillərinin hərəkəti qadağan edildi. Bundan dərhal sonra patriarxlıq öz bəyanatı ilə çıxış etdi və bildirdi ki, bu tədbir onlarla razılaşdırılmayıb və ruhanilərdə ciddi narazılıq doğurub.
Bundan dərhal sonra kilsə xadimləri avtomobillə hərəkət etmək üçün icazə aldılar. Təbii ki, möminlərə belə güzəşt edilmədi.
Möminlər məbədlərə piyada yollandılar ki, oraya komendant saatının başlamasına – 21:00-a qədər çata bilsinlər. Bir çoxları bunun üçün onlarla kilometr yol qət etməli oldu.
“Məsihin dirilişi ən böyük bayramdır. Mən onu buraxa bilməzdim. Allahdan qorxuram, virusdan yox”, – Marina adlı mömin qadın deyir, sevimli kilsəsinə çatmaq üçün o, Tbilisinin kənarında yerləşən Varketili rayonundan Gürcüstan paytaxtının mərkəzində olan Vakeyə piyada gəlib.
Gürcüstanda fövqəladə vəziyyətin qüvvədə olmasına və üç nəfərdən artıq insanın bir yerdə toplaşmasına qadağa qoyulmasına baxmayaraq, Müqəddəs Üçlük kafedral məbədində liturgiyaya yüzlərlə mömin toplaşıb – Pasxa ayinini İkinci İliyanın özü aparırdı.
Ayinin gedişi zamanı o bəyan edib ki, “insanın başından bir tük də əskik olmaz”, “həyat və ölüm Tanrının iradəsindədir”.
İkinci İliya Tanrıya minnətdarlığını bildirib ki, “Gürcüstanda möminlərlə birlikdə kilsə ayinləri dayandırılmayıb”.
Epistolda isə o vurğulayıb ki, “yevxaristiyasız insan səmavi çarlığa çata bilməz” və “Allahın iradəsi, həkimlərin köməyi, hökumətin fəaliyyəti və əhalinin məsuliyyəti ilə Gürcüstanda pandemiya ilə bağlı çox böyük problemlər yoxdur”.
Katolikos-patriarx özünün epistolunda koronavirusun kilsəyə də müdaxilə etməsi faktından yan keçib – ölkənin müxtəlif məbədlərində bir neçə keşişin yoluxması təsdiq edilib.
Möminlərin bir hissəsi, komendant saatını pozmamaq üçün kilsələrə saat 21:00-a qədər gəliblər və buranı saat 6:00-dan sonra tərk ediblər. Digərləri isə məbədlərə səhər. saat 7:00-dan sonra gəlib.
Xəstələnənlərə görə məsuliyyət patriarxın üzərinə düşəcək – “Facebook”da belə yazırlar.
Baxmayaraq ki, ötən illərlə müqayisədə bu Pasxa gecəsində kilsələrdə daha az insan vardı, bəzi məbədlərdə insan axınının öhdəsindən gələ bilməyiblər.
Patriarxlığın nümayəndələri iddia edirlər ki, liturgiya vaxtı Səhiyyə Nazirliyinin bütün tövsiyələrinə əməl olunub: bütün möminlər maska taxaraq gəliblər və sosial məsafəni gözləyiblər, xüsusi qeyd olunmuş yerlərdə durublar.
Lakin müxalif “Mtavari arxi” teleşirkətinin nümayiş etdirdiyi kadrlarda yaxşı görünür ki, Kutaisidəki Baqrati məbədində inanclı insanlar sosial məsafəni gözləməyiblər.
Bundan əlavə, ruhanilərin bir hissəsi maska taxmaqdan imtina edib və bildiriblər ki, kilsələrdə bu tələb keşişlərə aid edilmir – “onların Allahla bilavasitə birbaşa əlaqəsi var”.
Bununla yanaşı, epidemiloqların fikrincə, maskaların taxılması və sosial məsafə kilsələrdə, doğrudan da, xüsusi əhəmiyyətə malik deyil, çünki dini rituallar icra edilərkən insanlar eyni xaçı öpürlər, bütün gələnlər üçün eyni kilsə qab-qacağından istifadə olunur.
“Tbilisidə, Kutaisidə, Ruis-Urbnisidə, Şuaxevidə, Qoridə və ümumiyyətlə, bütün Gürcüstanda faciə baş verib. Yalnız patriarx inanclı insanların kilsələrə kütləvi axınının qarşısını ala bilərdi. Lakin o, bunu etmədi və indi yoluxmuş möminlər tamamilə onun məsuliyyətindədir”, – keçmiş dyakon Basil Kobaxidze sosial şəbəkələrdə yazıb.
Mütəxəssislər ehtimal edirlər ki, Pasxadan iki həftə sonra Gürcüstan koronavirus epidemiyasının yeni partlayışı ilə üz-üzə qalacaq.
Gürcüstanda 394 nəfər koronavirusa yoluxub. Epidemioloqlar və infeksionistlər əhalini özünütəcrid rejiminə riayət etməyə çağırırlar və xəbərdarlıq edirlər ki, Gürcüstanın səhiyyə sistemi xəstələrin çoxluğunun öhdəsindən gəlməyə bilər.
Pandemiyanın qarşısının alınması məqsədilə Gürcüstanda fövqəladə vəziyyət elan olunub və komendant saatı tətbiq edilib. Ticarət obyektləri, bazarlar bağlanıb.
İctimai nəqliyyat işləmir. Biznes dayanıb, yüzlərlə özünüməşğulluq sahibkarı vəsaitsiz qalıb.
Üç və daha çox insanın bir yerə toplaşmağı qadağandır. Fövqəladə vəziyyət qaydalarını pozmuş minlərlə şəxs hərəsi 3000 lari (təxminən 1000 dollar) cərimə ediliblər.