Gürcüstanda oğru dünyası ilə əlaqələr cəzalandırılacaq
Gürcüstanda “oğru dünyasına aid olmağa” görə cəza sərtləşdiriləcək, bu aləmlə əməkdaşlığa görə isə cinayət məsuliyyəti tətbiq olunacaq. Hökumət qanunvericilik təşəbbüsləri paketini baxılması üçün artıq parlamentə təqdim edib.
Düzəlişlərə əsasən, “oğru dünyasına aid olmaq” hazırkı 5-8 illik cəza əvəzinə 7 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalanacaq. “Qanuni oğrular” üçün də cəza sərtləşdirilir – hazırkı 7-10 illik cəza 9-15 illə əvəzlənəcək.
Qanunvericiliyin sərtləşdirilməsi yalnız “oğru dünyasına” aid edilməyəcək. “Oğru dünyası” ilə istənilən şəkildə əməkdaşlıq məsuliyyət nəzərdə tutacaq. Məsələn, Gürcüstanda “qanuni oğruların” iştirakı ilə “razborka” adlanan təcrübə geniş yayılıb. İndən belə ortaya çıxmış hər hannsı mübahisəni çözmək üçün oğru dünyasının nümayəndəsinə müraciət edən şəxs özü də Cinayət Məcəlləsinin təsiri altına düşəcək. Hazırda mövcud olan qanunda isə cəza yalnız arbitr rolunu üzərinə götürmüş “qanuni oğruya” şamil edilir.
Qanunvericilik təşəbbüsü başqa yenilikləri də özündə birləşdirir. Məsələn, əgər “qanuni oğru” xüsusi ağır və ya ağır cinayətin istintaqında əməkdaşlığa razı olarsa, o zaman o, cinayət məsuliyyətindən azad olunacaq.
Daxili işlər naziri Giorgi Qaxariyanın sözlərin görə, “oğru dünyası” ilə əlaqələrə görə, cəzanın sərtləşdirilməsi Gürcüstanın son zamanlar qarşı-qarşıya qaldığı problemlərlə diktə olunub. “Kriminal mentalitet və mütəşəkkil cinayətkarlıq ölkə qarşısında maneələr yaradır. O cümlədən də iqtisadiyyatın inkişafını, sağlam həyat tərzinin aşılanmasını və digər istiqamətləri əngəlləyir”, – o hesab edir.
Qanunvericilik təşəbbüsünün müzakirəsi zamanı baş nazir Giorgi Kvirikaşvili bəyan edib ki, “Gürcüstanda oğru mentaliteti heç vaxt kök salmayacaq”. “Bu, istisna edilir. Bu məsələnin həllində biz güzəştə getməyəcəyik və mərhəmətsiz olacağıq, çünki problem vətəndaşlarımızın maraqlarına, onların dinc həyatına, ölkəmizin gələcəyinə toxunur”, – Kvirikaşvili bildirib.
- Gürcüstanda 2005-c ilin dekabrında parlament Cinayət Məcəlləsinə dəyişiklikləri təsdiqləyəndən və “Mütəşəkkil cinayətkarlıq və reket haqda” qanun qəbul etdikdən sonra “oğru dünyasına” aid olmaq və “qanuni oğru” adı daşımaq cinayət məsuliyyəti nəzərdə tutur.
- Rusiyanın məşhur saytlarından biri olan “Praym-krim”də yayılan məlumatda bildirilir ki, bu gün postsovet məkanında 431 “qanuni oğru” var və onların 57 faizi gürcülərdir.