Gürcüstanda müxalifət fəalları yaralanıb. İqtidar partiyasından olan namizədin oğlu həbs edilib
Bələdiyyə seçkilərinə on bir gün qalmış Gürcüstanın cənubundakı Dmanisi şəhərinə tərəfdarları ilə görüşə gələn iki müxalifət fəalı bıçaqlanaraq, xəstəxanaya yerləşdirilib. Müxalifət hadisədə iqtidar partiyasını günahlandırıb. Polis hücum edənlərdən birini – iqtidar partiyasından olan namizədin oğunu saxlayıb.
Müxalifət tərəfdarlarının Dmanisidə yaralanması faktı üzrə polis 1993-cü il təvəllüdlü David Dautaşvilini – oktyabrın 2-də keçiriləcək bələdiyyə seçkilərində “Gürcü arzusu” iqtidar partiyasının majoritar namizədi Mixail Dautaşvilinin oğlunu saxlayıb.
DİN-in məlumatına əsasən, hadisə seçkiqabağı görüş zamanı baş verib – sözlü mübahisə dava-dalaşa keçib və təqsirləndirilən Vahid Milli Hərəkat Partiyasının tərəfdarının sifətinə bıçaqla xəsarət yetirib.
Cinayət 3 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Dmanisidə nə baş verib?
Hadisə sentyabrın 21-də Dmanisi bələdiyyəsinin Qantiadi kəndində baş verib. Vahid Milli Hərəkatın merliyə namizədi Georgi Tatuaşvili və Tərəqqi və Azadlıq Partiyasının lideri Kaxa Okriaşvili seçkiqabağı kampaniya zamanıtərəfdarları ilə görüşüblər.
Kaxa Okriaşvili hücum edənlərin “Gürcü arzusu”nun fəalları olduğunu bildirib. Onun sözlərinə görə, bu şəxslər 2020-ci ildə son seçki zamanı ona və tərəfdarlarına hücum edən eyni insanlardır.
“Biz merliyə namizədlə birlikdə gəlmişdik ki, əhali ilə görüşək. Biz maşınla şəhərdən keçəndə, əvvəlcə bizi təhqir etməyə, fitləməyə başladılar. Biz qərargahın yanında dayananda… 20-30 nəfər üstümüzə atıldı, elə oradaca, qərargahın [iqtidar partiyasının] 500 metrliyində, qışqırırdılar, söyürdülər. bütün bunlar videoya çəkilib”, – Kaxa Okriaşvili “Pirveli” telekanalına müsahibəsində deyib.
Georgi Tatuaşvili bildirir ki, hücumu Dövlət Təhlükəsizlik Xidməti təşkil edib:
“Biz DTX casuslarının hücumu necə hazırladığını və həyata keçirdiyini gördük. Hamı azad seçki kampaniyasına mane olmaq və qorxu yaymaq üçün səfərbər olmuşdu”.
Dmanisi merliyinə “Gürcü arzusu”nun namizədi Mixail Dautaşvili Okriaşvilinin ittihamını rədd edib.
“Onlar siqnallarla, təhqirlərlə… gəldilər. Siz necə bildiz ki, bu mənim oğlum idi?.. bəlkə sadəcə oxşayırdı?.. Bəlkə onlar özləri bir-birini yaralayıb, onların arasında nəsə mübahisə baş verib?.. Bizə kiməə hücum etmək lazım deyil, biz qələbə qazanmışıq. Onlar öz mövqelərini itirdikləri üçün qıcıqlanırlar”, – Mixail Dautaşvili “Mtvari Arxi” telekanalına danışıb.
İqtidar partiyasının sədri İrakli Kobaxidze hadisəni qınaylb və bildirib ki, partiya konkret insanların davranışına görə cavabdeh deyil.
“Dmanisidə baş verənlər qətiyyən haqq veriləsi və qəbulolunan deyil. Məsuliyyətə gəlincə, bu, iştirak edən konkret şəxslərin məsuliyyətidir… İnsanı hansısa degenerat yaralayıb. Buna görə mən hansı məsuliyyəti üzərimə götürməliyəm?”, – İrakli Kobaxidze deyib.
Hadisədən sonra Vahid Milli Hərəkat üzvləri hadisəyə aidiyyatı olan hər kəsin seçki prosesindən uzaqlşdırılmasını və hadisə iştirakçılarının həbsini tələb ediblər.