Gürcüstanda münaqişə: Dmanisi şəhərində etnik azərbaycanlılarla gürcülər dalaşıb
Dünən, mayın 16-da yerli əhali – etnik gürcülər və etnik azərbaycanlılar arasında toqquşma yaşanan Dmanisi şəhərində (Tbilisidın 100 km məsafədə, Gürcüstan-Ermənistan sərhədinə yaxın) gərginlik davam edir. Şəhərə əlavə polis qüvvələri cəlb olunub.
Etnik azərbaycanlılar və Svaneti regionundan köçən ekomiqrantlar arasında mağazalardan birinin qarşısında mübahisə düşüb və böyüyərək iki qrupun əlbəyaxa davasına keçib.
Davanın müşahidə kameralarına düşən kadrları mayın 16-da media və sosial şəbəkələrdə yayılıb. Kadrlardan görünür ki, cavan adamlar bir-birlərini dəyənəklərlə vururlar.
Münaqişə səhəri gün də davam edib. “Palitranews” agentliyinin verdiyi məlumata əsasən, növbəti əlbəyaxa davada bir neçə nəfər, o cümlədən də bir polis əməkdaşı zərər çəkib. Hadisə yerinə təcili yardım briqadası gəlib.
Münaqişə davam edir, telekanallar iki müxtəlif etnik qrupun arasındakı toqquşmadn kadrlar yayımlayır. Çoxlarının əlində çapaq, bel, dəyənək və digər ağır alətlər var. Polislər ortada mövqe tutun və toqquşmanın qarşısını almağa çalışırlar.
Dmanisi meri bildirib ki, cavanlar arasında ziddiyyət məişət xarakteri daşıyır və mövzunu etnik və dini qarşıdurma müstəvisinə çəkmək doğru deyil.
“Davanı milli və dini mövzuya çevirmək olmaz. Kimlərsə bu mövzuda spekulyasiya edir. İstintaq orqanları mübahisəyə nəyin səbəb olduğunu aydınlaşdıracaq. Bu, kədərli xəbərdir, nəyisə bölüşdürə bilməyiblər”, – Giorgi Tatuaşvili Azadlıq Radiosuna bildirib.
Daxili İşlər Nazirliyi hadisə ilə bağlı bəyanat yayıb:
“Daxili İşlər Nazirliyinin həyata keçirdiyi istintaq tədbirləri hazırkı mərhələdə müəyyən edib ki, Dmanisidə yerli sakinlər arasında məişət zəminində toqquşma baş verib, bu da qruplar arazənda zorakılığa çevrilib”.
Bəyanatda həmçinin bildirirlir ki, polis artıq toqquşmada iştirak edən şəxsləri müəyyən edib.
DİN-dən bildirilib ki, regiona polis əməkdaşları səfərbər edilib və onlar “münaqişənin təkrarlanmasına və vəziyyətin süni eskalasiyasına imkan verməmək üçün” ictimai asayişi qoruyurlar.