Gürcüstanda məhdudiyyətlərin çoxu aradan qaldırılır. Hələ də vaksin yoxdur
Gürcüstanda koronavirus pandemiyasına görə tətbiq olunan məhdudiyyətlərin əksəriyyəti aradan qaldırılır.
Amma komendant saatı hələlik 21:00-dan 5:00-a qədər davam edəcək.
Bu haqda Gürcüstanın baş naziri İrakli Qaribaşvili Qurumlararası Koordinasiya Şurasının iclasının yekunları üzrə bildirib.
Məhdudiyyətlərin aradan qaldırılması haqda qərar Gürcüstanda vaksinasiyanın hələ başlamamasına rəğmən verilib.
İndi nələr işləyəcək:
Dağ kurortları
Fevralın 25-dən otellər açılacaq, amma epidemioloji normalara əməl olunmaq şərtilə.
Kanat yolları və qaldırıcılar martın 8-dən işə düşəcək.
Restoranlar
Martın 1-dən Batumidə qapalı məkanlı restoranlar da açılacaq (buna qədər ancaq kafe və restoranların açıq məkanları işləməyə başlamışdı).
Ölkənin qalan hissəsində restoranların daxili məkanlarını martın 8-dən ziyarət etmək mümkün olacaq.
Amma istirahət günlərində məhdudiyyətlər qüvvədə qalacaq – bütün ölkə ərazisində kafe və restoranlar əvvəlki kimi bağlı olacaq.
İdman və fitnes
Martın 15-dən idman zalları fəaliyyətini bərpa edəcək.
Nəqliyyat
Fevralın 25-dən şəhərlərarası ictimai nəqliyyat işə başlayacaq.
Uşaq bağçaları
Martın 1-dən dövlət və özəl uşaq bağçaları açılacaq. Əməkdaşlarının 20 faizi iki həftədən bir testdən keçiriləcək.
Ali təhsil müəssisələri
Martın 1-dən ali və peşə təhsil müəssisələri tələbələrin təcrübi hazırlığı üçün vacib olan fənlər, məsələn, laboratoriya işi və ya tibb tələbələri üçün təlimlər üzrə tədrisi bərpa edəcək. Amma imtahanlar distant rejimdə aparılacaq.
Martın 15-dən bilavasitə auditoriyalarda əyani leksiyalar bərpa olunacaq.
Konfranslar
Martın 1-dən konfranslar və təlimlər keçirmək mümkün olacaq.
Məktəblilər üçün əlavə təhsil
Martın 15-dən məktəb dərnəkləri və seksiyaları açılıb.
Muzeylər və kitabxanalar
Martın 1-dən muzeylər və kitabxanalar açılacaq.
Mədəni-əyləncə müəssisələri
Martın 15-dən teatrlar, idman klubları, peşəkar vokal və ya rəqs ansamblları əyani məşqləri bərpa edir.
Aprelin 1-dən onların işi tam bərpa olunacaq – onlar tamaşaçıların iştirakı ilə istənilən tədbirlər keçirə biləcəklər.
Kinoteatrlar fəaliyyətində məhdudiyyətlərin aradan qaldırıldığı qurumlar sırasına düşməyib. Onların nə zaman işləyəcəyi hələlik məlum deyil.
Mağazalar
Martın 8-dən mağazalar, ticarət mərkəzləri və yarmarkalar istirahət günləri də işləyəcək. Hələlik onlar ancaq həftəiçi açıq olur.