Gürcüstanda məhbus qohumlarına ruhani statusu verilir
“Bibliya təminatı” – fevralın 7-də rəsmi qeydiyyatdan keçən yeni dini təşkilat belə adlanır. Bu təşkilat orijinal xidmət – həbsxanalarda cəza çəkənlərin qohumlarına ruhani statusu təqdim edir. Bu, onlara barmaqlıqlar arxasında olan qohumunu problemsiz ziyarət etmək imkanı verir – ruhanilərin buna xüsusi icazəsi var. Bu haqda «Netqazeti» nəşri yazıb.
Gürcüstan qanunvericiliyinə əsasən, din xadimləri məhbusları daha rahat ziyarət edə bilir.
Bu gündən fəaliyyətə başlayan “Bibliya təminatı” təşkilatının əsasını vəkil Aleksandr Kobaidze qoyub. Onun sözlərinə görə, layihə yalnız yaxın insanların görüşünə dəstək olacağı üçün yox, həm də məhbusların cəmiyyətdən təcrid olunmasının qarşısını alacağına görə faydalıdır.
“Biz məhbəsdə qalmaq şərtlərini asanlaşdırmışıq. Artıq yaxın qohumlar və ya sadəcə arzu edənlər ruhani statusuna malik olduqları üçün cəza çəkən şəxsləri problemsiz ziyarət edə biləcəklər”, – Kobaidze deyir.
Bu, Gürcüstanda dinlə əlaqədar olmayan məqsədlərin reallaşdırılması üçün qeydiyyatdan keçən ilk dini təşkilat deyil.
2017-ci ilin aprelində “Qirçi” (“Qoza”) siyasi hərəkatı “Gürcüstanın Xristian, Yevangelist, Protestant Kilsəsi – Bibliya azadlığı” adı altında dini təşkilat qeydiyyatdan keçirib. Bu təşkilatın məqsədi arzu edənləri qanuni əsaslarla hərbi xidmətdən azad etməkdir.
Təşkilat aşağıdakı sistem üzrə fəaliyyət göstərir – çağırışçıya dini xadim, yuxarıda adı çəkilən kilsənin xidmətçisi olduğu haqda arayış verilir, bunun da əsasında o, hərbi xidmətdən azad edilir, çünki, Gürcüstan qanunvericiliyinə görə, ruhanilərə və seminariya tələbələrinə möhlət verilir.
“Qirçi”nin ssenarisi işləyir. Orduda xidmət etmək istəməyən çox sayda çağırışçı hərəkatın köməyindən yararlanır. “Qirçi”nin məlumatına əsasən, Gürcüstanda artıq üç mindən çox belə “din xadimi” var. Təşkilat bu gün “yaz çağırışına hazırlaşır”. Ruhani statusu almaq üçün “Bibliya azadlığına” 50 lari köçürmək lazımdır. Komissarlığa təqdim etməkdən ötrü lazım olan arayışın qiyməti də əlavə olaraq 50 laridir.