Gürcüstanda fövqəladə vəziyyət elan olunur
Gürcüstan hökuməti prezidentə bütün ölkə ərazisində bir aylıq, yəni aprelin 21-nə qədər koronavirus pandemiyasına qarşı durmaq məqsədilə fövqəladə vəziyyət tətbiq etmək təklifi ilə müraciət edib.
Gürcüstanın baş naziri Giorqi Qaxariya bildirib ki, fövqəladə vəziyyət şəraitində hökumət bir sıra əlavə hüquqlar əldə edir:
- Təcridolunma qaydalarının pozulduğu halda pozuntuya yol verən şəxsi məcburi karantinə gətirmək və ona qarşı bu halda nəzərdə tutulan sanksiyalar tətbiq etmək;
- Yükdaşımaları xaric hava, dəniz, quru sərhədlərinin keçilməsi ilə bağlı məhdudiyyət qoymaq;
- İctimai xidmət və inzibati fəaliyyətə xüsusi müddət və qaydalar tətbiq etmək;
- Hökumətə karantin, təcridolunma, tibbi tapşırıqlarla bağlı xüsusi hallarda hüquqi və fiziki şəxslərin mülkiyyəti və başqa maddi vəsaitlərindən istifadə hüququ verilir;
10 nəfərdən artıq insanın eyni vaxtda bir yerə toplaşması qadağan edilir;
- Hökumət özəl qurum və təşkilatların fəaliyyətinə məhdudiyyət qoymaq və ya onlara konkret fəaliyyətlə məşğul olmaq göstərişi vermə hüququ əldə edir;
- Zərurət yarandığı halda hökumət dərman, tibbi xidmət və ilkin tələbat mallarına qiymətlərin nizamlanmasını öz üzərinə götürür;
- Hökumət təhsil sahəsində, qanunvericilikdə təsdiq olunmuş qaydalardan fərqlənən müvəqqəti qaydalar qoya bilər;
- Zərurət yarandığı halda hökumət tibbi təhsilli və ya tibb sahəsində işləmə hüququ olan şəxslərin səfərbərliyini elan edə bilər;
- Məhkəmə iclasları məsafədən keçirilə bilər;
- Bütün fiziki və hüquqi şəxslər fövqəladə vəziyyətin qaydalarına riayət etməyə borcludurlar. Əks təqdirdə inzibati tədbirlər tətbiq olunacaq. Fiziki şəxslər üçün 3 min lari (təxminən min dollar) və hüquqi şəxslər üçün 15 min lari cərimə tətbiq olunacaq. Eyni pozuntular təkrar olunduqda bu cinayət məsuliyyəti – 3 ilə qədər azadlıqdan məhrumetmə cəzasına qədər gətirib çıxara bilər.
Martın 20-nə olan məlumatlara görə, Gürcüstanda koronavirusa yoluxanların sayı 47 nəfərdir, karantində 1966, stasionar müşahidə altında 259 nəfər var.