Gürcüstanda fövqəladə vəziyyət dövründə 7 milyon dollar həcmində cərimə yazılıb
Gürcüstanda martın 31-dən mayın 22-ə qədər davam edən fövqəladə vəziyyət qaydalarının pozulmasına görə polis səkkiz minə yaxın insanı 23 milyon lari [7 milyon dollara yaxın] cərimə edib.
Müxalifət hökumətin cərimələri ləğv etməsini tələb edir. Amma baş nazir Giorgi Qaxariya bildirib ki, parlamentə belə bir xahişlə müraciət etmək niyyətində deyil. Öz növbəsində parlament çoxluğunun nümayəndələri bu məsələnin müzakirəsini istisna etmirlər.
Müxalifət hakimiyyətin bu cərimələri cari ilin payızında keçiriləcək parlament seçkilərinə yaxın siləcəyindən şübhələnir. Bununla da əlavə elektoratın səsini qazanmış olacaqlar.
Fövqəladə vəziyyət qüvvədə olarkən, qadağaların pozulmasına görə fiziki şəxslər 3 min lari [970 dollara yaxın], hüquqi şəxslər isə 15 min lari [4,8 min dollara yaxın] cərimə olunurdu. Bu dövr – 31 mart – 23 may ərzində7974 nəfər ümumilikdə 23922000 lari [7,7 mln. dollara yaxın] həcmində cərimələnib. Eyni dövr ərzində hüquqi şəxslər 150000 lari [4,8 min dollara yaxın] həcmində cərimələnib.
Bununla belə, baş nazir Giorgi Qaxariya cərimələrin ləğvi ilə bağlı təşəbbüslə çıxış etməyəcəyini bildirsə də, ölkə parlamentinin belə bir qərar qəbul edəcəyini istisna etməyib.
“Tətbiq etdiyimiz cərimələr intizamın dəstəkləməsi və epidemioloqların tövsiyyələrinə əməl olunması üçün effektiv rıçaq olub… Amma pandemiya başa çatmayıb, buna görə də cərimələrin ləğv edilməsi əhalinin intizamsız hissəsində özbaşınalqıq və cəzasızlıq hissi yarada bilər”, – Qaxariya öz mövqeyini izah edib.
Müxalifət öz növbəsində hakimiyyətin kəsdiyi cərimələri əhalinin gəlirlərinə proporsional hesab etmir. Gürcüstanda adam başına düşən aylıq gəlir orta hesabla 336 lari [105 dollara yaxın] təşkil edir. Beləliklə, fiziki şəxslərin cərimələri bu göstəricini doqquz dəfə üstələyir.
Müxalif “Avropa Gürcüstanı” partiyası hələ mayın 27-də parlamentdə fövqəladə vəziyyət dövründə kəsilən üç min lari həcmində cərimələrin ləğvi ilə bağlı qanun layihəsini qeydiyyatdan keçirib.
“Bütöv bir ailənin öz maşınında olduğu zaman cərimələndiyi halları haqda bizə məlumdur. Ya da qüvvədə olan komendant saatının bir neçə dəqiqə pozulmasına və başqa xırda xətalara görə”, – “Avropa Gürcüstanı” partiyasının liderlərindən biri Sergi Kapanadze deyib və xatırladıb ki, pandemiya onsuz da insanların maddi vəziyyətini pisləşdirib.
Əgər Gürcüstan epidemiyanın ikinci dalğası ilə üz-üzə qalsa, cərimələrin silinməsi pis presedentə çevrilə bilər, insanlar arasında məsafənin gözlənilməsi daha da müşkülə çevrilər – parlament çoxluğunun lideri Mamuka Mdinaradze əmindir.
“Bizim məlumatımıza əsasən, cərimələnənlərin 90 faizi bu üç mini ödəmək iqtidarında deyil. Buna görə də biz ifrata varmadan hansısa düşünülmüş bir qərar qəbul etməliyik”, – Mdinaradze hesab edir.
“Ola bilər ki, seçkilərə yaxın hakimiyyət əlavə səs əldə etmək üçün bu cərimələri ləğv etsin və bu mövzu ilə spekulyasiya etməyə başlasın”, – Milli Hərəkatın nümayəndəsi Roman Qotsiridze hesab edir.
Gürcüstanda ilk koronavirusa yoluxma halı 2020-ci il fevralın 26-da qeydə alınıb. Epidemiya ilə mübarizə üçün ölkədə martın 21-dən mayın 23-ə qədər fövqəladə vəziyyət elan olunub.
Gürcüstan hakimiyyəti fövqəladə vəziyyətlə bağlı məhdudiyyətləri aprelin 27-dən mərhələli şəkildə aradan qaldırmağa başlayıb. İyunun 15-dən daxili turizmin bərpa olunması, iyulun 1-dən isə sərhədlərin xarici turistlərin üzünə açılması planlaşdırılır, düzdür, bəzi şərtlər çərçivəsində.