Gürcüstanda böhranın sonu? Hökumət və müxalifətin bir hissəsi razılaşmanı imzalayıb
Gürcüstanda siyasi böhranın sonu
“Salam, Gürcüstan, mən siyasi liderləri böhrandan çıxış yolu tapmağa kömək edəcək razılaşmanı imzalamaları münasibətinə təbrik edirəm”, – Avropa Şurasının prezidenti Şarl Mişel Twitter-də yazıb. Aprelin 19-da axşam hakimiyyət nümayəndələri və müxalifətin bir hissəsi Şarl Mişelin təklif etdiyi ölkənin siyasi böhrandan mərhələli çıxışı haqda maddələrin yer aldığı razılaşmanı imzalayıblar.
Bununla da Gürcüstanda hakimiyyət və müxalifət arasındakı 2020-ci ilin oktyabrında keçirilən parlament seçkilərindən sonra başlayan və uzun aylardan bəri davam edən qarşıdurmanı bitmiş hesab etmək olar. O zaman müxalifət seçkilərin nəticələrini tanımamış, parlamentdə çalışmaqdan imtina etmiş və permanent küçə etirazlarına başlamışdı. Qərbli diplomatlar tərəflər arasında vasitəçi qismində çıxış edirdi. 2021-ci ilin martından dialoqa Şarl Mişel və onun səlahiyyətli nümayəndəsi Kristian Danielson vasitəçilik edir.
Sənəd “Gürcü arzusu” iqtidar partiyası və müxalif “Lelo”, “Aqmaşenebeli Strategiyası”, “Qirçi”, “Qirçi – daha çox azadlıq” və Respublika partiyaları tərəfindən imzalanıb.
Ancaq iki müxalif partiya – Vahid Milli Hərəkat və Avropa Gürcüstanı sənədi imzalamayıb. Hərçənd bu partiyaların ayrı-ayrı üzvləri və ya keçmiş üzvləri , o cümlədən də Salome Samadaşvili, Xatuna Samnidze və David Bakradze öz imzalarını qoyublar.
Mərasim prezident Salome Zurabişvilinin iqamətgahında keçirilib. Daha əvvəl tərəflər Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyində görüşüblər.
İmzalama mərasimində çıxış edən Aİ səfiri Karl Xartsel bildirib ki, “bizim birgə fəaliyyətimizdə yeni fəsil başlayır və Gürcüstanı gələcəyə aparan parlamentdə davam edəcək”.
“Bu, çox vacib məqamdır. Mən bu prosesdə iştirak edən Avropa İttifaqının səfiri kimi vurğulamaq istəyirəm ki, bu razılaşma sadəcə burada toplananlar arasında yox, həm də Gürcüstan vətəndaşları arasında imzalanıb. Bu dövrdə apardığımız əməkdaşlığa görə təşəkkür edirəm”, – Xartsel deyib.
Aprelin 18-də Avropa Şurası prezidenti Şarl Mişel Gürcüstanın siyasi partiyalarına yeni təkliflər paketini təqdim edib.
“Sənəd Gürcüstan üçün gələcək yol” adlanır və bir sıra vacib detallarına görə martın 31-də Avropa Şurası prezidentinin şəxsi nümayəndəsi Kristian Danielsonun təklif etdiyi əvvəlki sənəddən fərqlənir. Məsələn, yeni sənəd ölkə hakimiyyəti və müxalifəti arasında ən çox mübahisə doğuran iki maddə – siyasi məhbusların azad edilməsi və növbədənkənar parlament seçkiləri üzrə fərqli yanaşma təqdim edib.
Beş kompromiss maddəsi – imzalanmış sənədin əsas tezisləri
1. Siyasiləşmiş mühakimə
Müxalifətin israr etdiyi əsas maddələrdən biri – həbsdə olan iki müxalifətçi Nika Meliya və Giorgi Rurua günahsızdır və azad edilməlidir. Sənəddə onların adları birbaşa çəkilməyib. Amma deyilir ki, “Gürcüstanın siyasi stabilliyi naminə” sənədi imzalayan tərəflər bir həftə ərzində “siyasiləşmiş mühakimə kimi dəyərləndirilən iki işə reaksiya verməlidir.
Bu reaksiya 2019-cu il 19-21 iyun etirazları ilə əlaqədar (Meliyanın həbsi bu hadisə ilə bağlıdır) bütün pozuntular və həbslər üzrə amnistiya elan edilməsi ola bilər. Digər addım saxlanılanların azad edilməsi və ya analoji nəticəsi olacaq hansısa başqa tədbirin görülməsi ola bilər”.
Bu maddənin qüvvəyə minməsi üçün başqa bir vacib şərt sənədi imzalayanların hamısının parlamentdə işləməsidir.
Müddət: Sənəd imzalanandan bir həftə ərzində.
2. İddialı seçki islahatı
Yaxın gələcəkdə Gürcüstanın seçki sisteminə ediləcək dəyişikliklərlə bağlı təkliflər:
● Növbəti parlament seçkiləri tam proporsional (partiya siyahıları üzrə) sistemlə keçirilməlidir. Növbəti iki seçki üçün keçid minimumu iki faiz təşkil edə bilər. Bir partiyadan olan minimum dörd deputatlıq qrup parlament fraksiyasını formalaşdıra bilər, bura digər partiyalardan da deputatlar daxil ola bilər.
● 2021-ci ilin payızına təyin edilmiş yerli özünüidarə qurumlarına qeçkilər aşağıdakı sistem üzrə keçiriləcək. Beş böyük şəhərdə (Tbilisi, Kutaisi, Batumi, Rustavi, Zuqdidi) yerlər proporsional və majoritar mandatlar arasından 4/1 prinsipi üzrə paylaşdırılacaq. Ölkənin bütün digər yerlərində bu proporsiya 2/1 təşkil edəcək. Tbilisidə keçid minimumu 2,5 faiz, bütün digər yerlərdə isə 3 faiz təşkil edəcək.
● Mərkəzi Seçki Komissiyasının sədri parlament deputatlarının 2/3 səsi ilə seçiləcək. MSK sədrinin müavini müxalifət partiyasının nümayəndəsi olmalıdır. Həmçinin MSK-nın, dairə və məntəqə komissiyalarının formalaşdırılması qaydalarına da dəyişikliklər təklif olunub.
Müddət: Seçki haqda qanun layihəsinin müzakirəsi müxalif deputatlar parlamentdə işə başlayan kimi bərpa olunmalıdır.
Razılaşma imzalanandan iki həftə ərzində sənəddə qeyd olunan bütün dəyişikliklər qanun layihəsində əks olunmalıdır. Daha sonra yyenilənmiş sənəd ATƏT-in Demokratya İnstitutları və İnsan Haqları Bürosuna göndərilməli və rəy alınmalıdır.
Parlament bu dəyişiklikləri yerli idarə orqanlarına payız seçkilərindən əvvəl qəbul etməlidir.
3. Qanunun aliliyi / məhkəmə islahatı
İddialı məhkəmə islahatı hökumət və müxalifət arasında geniş miqyaslı əməkdaşlıq nəticəsində hazırkı parlament müddətində qəbul olunmalıdır.
Əsas maddələr arasında Ali Məhkəmə hakimlərinin təyinat qaydalarının dəyişdirilməsi və Ali Ədliyyə Şurasında islahatların dərinləşdirilməsi var.
Dəyişikliklər Baş Prokurorluğu da əhatə etməlidir. Məsələn, növbəti baş prokurorun təyini üçün parlamentin ixtisaslı çoxluğunun razılığı lazımdır.
Sənədə baş prokurorun təyini ilə əlaqədar bir neçə mühüm tekniki detallar da daxildir.
Müddət: Bu məsələlərin müzakirəsi müxalifət partiyaları parlamentə dahil olan kimi başlayır. Hazırlanmış dəyişikliklər layihəsi iyulun 1-ə qədər rəy alınması üçün Venesiya Komissiyasına göndərilməlidir. Birinci səsvermə parlamentdə 2021-ci ilin payız sessiyasında baş tutacaq. 2022-ci ilin yaz sessiyasından gec olmayaraq parlament bu dəyişiklikləri təsdiqləməlidir.
4. Parlamentdə hakimiyyətin bölüşdürülməsi
Müxalifət nümayəndələri beş parlament komitəsinə rəhbərlik etməlidir.
Müxalifət partiyalarından olan deputatlar Gürcüstanı mühüm beynəlxalq forumlarda, o cümlədən də Avropa Şurası Parlament Assambleyasında təmsil edən nümayəndə heyətlərinə rəhbərlik etməlidir.
Müddət: Parlamentdə səlahiyyətlərin yenidən bölünməsi sənəd imzalanandan bir həftə ərzində başlamalıdır ki, dəyişikliklər 2021-ci il payız sessiyası çağırılana qədər qüvvəyə minsin.
5. Növbədənkənar parlament seçkiləri haqda qərar yerli seçkilərin nəticələrindən asılı olacaq
Əgər “Gürcü arzusu” iqtidar partiyası 2021-ci ilin payızında yerli seçkilərdə 43 faizdən az səs toplasa, Gürcüstanda növbədənkənar parlament seçkiləri elan olunacaq.
Partiyalar 31 oktyabr parlament seçkilərinə dair ATƏT / DİİHB rəyini diqqətə almalıdır. Həmin rəyə əsasən, seçki “rəqabbət mühitində cə əsas azadlıqlar qorunaraq keçirilib. Bununla belə geniş yayılan seçicilərə təzyiq; iqtidar partiyası və dövlət arasındakı sərhədin silinməsi; fomal əsasla şikayətlərin əksiriyyətinə baxılmaması halları da qəbul edilməlidir”.
Tərəflər bildirirlər ki, 2020-ci il seçkilərini fərqli dəyərləndirirlər və Gürcüstanın siyasi stabilliyi naminə və bu razılaşmanın həyata keçirilməsi məqsədilə parlamentdə işə başlamağı, o cümlədən də yuxarıda razılaşdırılmış seçki islahatları əsasında keçiriləcək seçkilərdə iştitak etməyi qəbul edirlər