Gürcüstanda əlillərə qarşı zorakılıqla mübarizə üçün nə lazımdır? Tədqiqat
Əlil qadınlar
Gürcüstanda əlil qadınlar tez-tez cinsi zorakılığın və təqiblərin qurbanı olurlar. Eyni zamanda, zorakılıq haqqında danışmaqda çox çətinlik çəkirlər. Əlil qadınlar çox vaxt sadəcə olaraq “qadın hesab edilmir” və hətta boşanma zamanı məhkəmə çox vaxt uşağı ataya verir – bunlar əlillərə qarşı zorakılığa dair araşdırma zamanı ortaya çıxan problemlərin kiçik bir hissəsidir. Bu araşdırma Gürcüstan da daxil olmaqla Şərq Tərəfdaşlığının beş ölkəsində aparılıb.
Ümumilikdə, əlilliyi olan şəxslərə qarşı zorakılığın nə qədər tez-tez və hansı formada təzahür etdiyi, gender əsaslı zorakılığın nə qədər tez-tez baş verdiyi, niyə əlilliyi olan qadınların xüsusilə həssas olduğu öyrənilib.
Araşdırmanın nəticələrini əks etdirən hesabatda həll yollarının tapılmasına və məsul orqanlar üçün tövsiyələrə ayrıca fəsil həsr olunub.
Tədqiqat nəyi göstərdi?
Araşdırmalar göstərir ki, əlillərə qarşı müxtəlif formalarda zorakılıq halları tez-tez təkrarlanır və bu hallardan nə qadınlar, nə kişilər, nə də uşaqlar sığortalanmayıb. Ən çox rast gəlinən məişət zorakılığıdır. Buraya həm fiziki, həm psixoloji, həm də iqtisadi zorakılıq daxildir.
“Hər gün eşidirsiz ki, ailə üzvləriniz sizin üçün hər şeyi fəda edib, canlarından keçiblər. Bu kimi şeylər əlilləri öz iradəsini boğmağa və ailə üzvlərinin rəyi ilə hesablaşmağa məcbur edir. Bu, çox vaxt onlrın öz pensiyasından imtina etməsi ilə nəticələnir”, – araşdırmada deyilir.
Sənədə əsasən, əlil qadınlara qarşı cinsi qısnama və cinsi zorakılıq adi haldır. Bununla belə, əlil qadınlar üçün zorakılıq haqqında danışmaq çox çətindir və bunun bir çox səbəbləri var – sui-istifadə edəndən maddi asılılıq, adekvat dəstək xidmətlərinin olmaması, müstəqil yaşamaq üçün bacarıqların və müvafiq maddi resursların olmaması və s.
Əlilliyi olan qadınların cəmiyyət tərəfindən qəbul edilməsi haqda danışan bir neçə fokus-qrup iştirakçısı qeyd edib ki, birincisi, əlilliyi olan qadınlar qadın hüquqları təşkilatları və müxtəlif dövlət qurumları tərəfindən “qadın kimi qəbul edilmir”. Beləliklə, onlar qadın hüquqlarının müdafiəsi, qadınların səlahiyyətlərinin artırılması və s. proqramlardan kənarda qalırlar.
“Əlil qadınlara ana, evdar qadın kimi baxılmır. Bu rol ümumiyyətlə qadınlar üçün nəzərdə tutulub. Əgər bunu bacarmırsansa, deməli, bu sənə yaraşmır. Məsuliyyət onsuz da ananın üzərinə düşdüyü üçün övladın başına bir iş gəlsə, hər pis işdə ana günahkar sayılır. Bu təzyiq əlilliyi olan qadınlarda daha çox hiss olunur”, – fokus qrup iştirakçılarından biri deyir.
Digər iştirakçı deyir ki, kişilər çox vaxt əlil qadınları uşaqlarını əlindən alaraq bu mövzunu manipulyasiya etməklə qorxudurlar:
“Məhkəmə çox vaxt əlil qadınların uşaqlarını əlil olmayan ərlərin öhdəsinə buraxır. Burada da əlil qadınlarla sağlam qadınların təcrübələri arasındakı fərq önə çəkilir. Əgər əksər hallarda məhkəmə boşandıqdan sonra uşağın əsas qəyyumluq hüququnu anaya verirsə, əlil qadınlarda bu, daha az baş verir və iştirakçılar bunu stereotipik münasibətlə izah edirlər”.
Araşdırmaya görə, əlil qadınlar arasında işsizlik və təhsilsizlik geniş yayılıb. Bundan əlavə, informasiyanın mövcudluğu da mühüm məsələdir. Araşdırmaya görə, əlilliyi olan qadınlar və qızlar arasında zorakılığın müxtəlif forma və təzahürləri barədə məlumatlılıq səviyyəsi həyəcanverici dərəcədə aşağıdır ki, bu da onlara qarşı zorakılığın vaxtında aşkar edilməsinə və adekvat reaksiya verilməsinə mane olur.
Hesabat zorakılığın qurbanı olan əlil qadınlar üçün dövlət xidmətlərinin nə qədər az olduğunu vurğulayır. Orada həmçinin bildirilir ki, zorakılığa məruz qalan qadınlar üçün mövcud dövlət sığınacaqları əlil qadınlar üçün uyğunlaşdırılmayıb.
Problemlərin həlli üçün tövsiyələr
Tədqiqat nəticəsində hazırlanmış tövsiyələrin siyahısı genişdir.
Tövsiyələrdən biri əlilliyi olan qadınlar/qızlar və onların ailələri üçün qadınlara qarşı zorakılığın müxtəlif formaları haqqında əlçatan formatda (o cümlədən asan oxunan vizual təqdimat, həmçinin erməni və azərbaycan dillərində məlumat materialları) aktiv müntəzəm məlumat kampaniyalarının aparılmasıdır.
Bundan əlavə, tövsiyələrdə göstərilir ki, dövlət əlilliyi olan qadın və qızların cinsi və reproduktiv sağlamlıq xidmətləri haqda məlumatlılığını və onlar üçün əlçatanlığını artırmalıdır.
Əlilliyi olan qadınları iqtisadi cəhətdən gücləndirmək üçün də təsirli addımlar atılmalıdır. Bu, onların müstəqillik dərəcəsini artıracaq.
Sığınacaqların ayrı problemi var. Burada əsas tövsiyə zorakılığa məruz qalmış qadınlar üçün sığınacaqların və əlaqəli xidmətlərin əlilliyi olan insanların ehtiyaclarına uyğunlaşdırılmasıdır.
Polis əməkdaşlarının bu mövzuya həssaslığının artırılması üçün onların hazırlanması vacibdir.
Bu araşdırma nəyi dəyişəcək? Tbilisidə konfrans
Bu araşdırmanın nəticələri iyunun 9-da Tbilisidə qeyri-hökumət sektoru və Gürcüstan hökumətinin nümayəndələrinin iştirakı ilə keçirilən konfransda müzakirə olunub.
Görüşdə layihə çərçivəsində fokus qruplarda aparılan işlərin nəticəsi olaraq aşkar edilənlər müzakirə olunub. Layihə çərçivəsində hazırlanmış tövsiyələrin müzakirəsinə daha çox vaxt ayrılıb.
“Bu tövsiyələrin həyata keçirilməsi, əlilliyi olan qadınlara və qızlara qarşı zorakılığın qarşısının alınması və aradan qaldırılması üçün dövlət yaxın gələcəkdə zəruri, minimum addımlar atması vacibdir”, – “Şərq Tərəfdaşlığının beş ölkəsində əlil qadınlara qarşı gender əsaslı zorakılıqla mübarizə” layihəsinin rəhbəri Ketevan Çelidze deyir.
Layihənin koordinatoru, Əlil Qadınların Milli Şəbəkəsinin rəhbəri Tamar Maçaraşvili də yerli özünüidarəetmə orqanlarının gender bərabərliyi şuralarının qadın icmasında zorakılığın azaldılması və qarşısının alınmasında rolu və əhəmiyyətinə xüsusi diqqət yetirir.
“Əlilliyi olan qadınların cəlb edilməsi ilə əlil qadınlara qarşı zorakılığın qarşısının alınması və aradan qaldırılması baxımından bələdiyyə səviyyəsində yaradılmış gender bərabərliyi şuralarının səmərəliliyinin artırılması vacibdir”.
“Vəzifələr böyükdür. Digər tərəfdən, əlil qadınlar məlumat çatışmazlığından əziyyət çəkirlər və burada qanunvericiliyin düzgün tənzimlənməsində, həm ümumən qadınlara, həm də əlilliyi olan qadınlara, xüsusilə həssas qruplara qarşı həssas olmaqda dövlətin rolu önəmlidir. Həm icma daxilində, həm də xaricində məlumatlılığın artırılmasına diqqət yetirilməlidir”, – Gürcüstan Parlamentinin üzvü, Gender Bərabərliyi üzrə Daimi Parlament Şurasının sədri və konfrans iştirakçılarından biri Nino Tsilosani deyir.
Mövzu üzərində kim işləyib?
Layihənin nəticələrinin müzakirə olunduğu görüş “Tanadqomi” İnformasiya Tibbi-Psixoloji Mərkəzi və Əlil Qadınların Milli Şəbəkəsinin birgə təşkilatçılığı ilə “Şərq Tərəfdaşlığının beş ölkəsində əlilliyi olan qadınlara qarşı gender əsaslı zorakılıqla mübarizə” layihəsi çərçivəsində baş tutub.
“Tanadqomi” İnformasiya Tibbi-Psixoloji Mərkəzi Gürcüstanın qeyri-hökumət təşkilatıdır, onun missiyası profilaktik, maarifləndirici, diaqnostik və reabilitasiya proqramlarının həyata keçirilməsi və bu proqramların yayılması yolu ilə Gürcüstan əhalisinin fiziki və psixi sağlamlığının yaxşılaşdırılmasından ibarətdir.
Əlil Qadınların Milli Şəbəkəsi Gürcüstanın qeyri-hökumət təşkilatıdır və onun vəzifəsi əlil qadın və qızların mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının həyata keçirilməsini təşviq etməkdir.
Şəbəkə öz fəaliyyətini üç əsas istiqamət üzrə inkişaf etdirir:
- Həm qadınların səlahiyyətlərinin artırılması, həm də əlillik hərəkatında əlilliyi olan qadın və qızların liderliyinin inkişaf etdirilməsi və gücləndirilməsi.
- Əlil qadınların gender bərabərliyinə və məişət zorakılığına qarşı yönəlmiş tədbirlər.
- Əlil qadınların cinsi və reproduktiv sağlamlığının gücləndirilməsinə və hüquqlarının həyata keçirilməsinə yönəlmiş tədbirlər.
Layihə “BMT-Qadınlar” və BMT-nin Əhali Fondunun birgə həyata keçirdiyi “AŞ və gender bərabərliyi: Gender stereotiplərinin və gender əsaslı zorakılığın birgə aradan qaldırılması” proqramı çərçivəsində dəstəklənir.
Layihənin məqsədi beş Şərq Tərəfdaşlığı ölkəsində (Gürcüstan, Ermənistan, Moldova, Belarus, Azərbaycan) qərar qəbul edən şəxsləri və vətəndaş cəmiyyəti təşkilatlarını əlilliyi olan qadınlara qarşı gender əsaslı zorakılığın aradan qaldırılması üçün innovativ yanaşmaların tətbiqi üçün cəlb etməkdir.
Tbilisidə baş tutan görüşdə həmçinin “Tanatqa” İnformasiya Tibbi-Psixoloji Mərkəzinin icraçı direktoru Nino Tsereteli, Gürcüstan parlamentinin üzvü Rati İonatamişvili, Gürcüstan prezidentinin əlillik məsələləri üzrə müşaviri Simon Petridis, BMT Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya Regional Ofisinin Proqram Meneceri Olqa Osaulenko, Əlilliyi olan Qadınların Milli Şəbəkəsinin nümayəndəsi, layihə koordinatoru Tamar Maçaraşvili, layihənin ekspertləri – Moldovadan İrina Revina, Ermənistandan Qayane Qriqoryan, Belarusdan İrina Kuksik, Azərbaycandan Nurlana Həmzəyeva, İmereti bələdiyyələrinin gender şuralarının və qeyri-hökumət sektorunun nümayəndələri, habelə əlil qadınlar da iştirak ediblər.