2019-cu ilin noyabrında Cənubi Qafqazla sərhəddə saxlanılan həkim Vaja Qaprindaşvili Avropa İnsan Haqları Məhkəməsində Rusiyaya qarşı iddia qaldıracaq.
Qaprindaşvili osetin və Rusiya hərbçiləri tərəfindən “sərhədi qanunsuz keçməkdə” ittiham olunaraq saxlanılmışdı.
O, bir aydan çox müddətini Sxinvalidə həbsxanada keçirib.
Gürcüstan Ortopediya Assosiasiyasının prezidenti Vaja Qaprindaşvili noyabrın 9-da münaqişə zonasında Axalqori ətrafında saxlanılmışdı. Sxinvali bildirmişdi ki, Qaprindaşvili dövlət sərhədini qanunsuz keçərək, osetin tərəfinə gəlib. Ona qarşı əraziyə bilərəkdən qəsd ittihamı irəli sürülüb və noyabrın 15-də haqqında ilkin olaraq iki ay həbs qərarı çıxarılıb.
Həbsindən sonra Qaprindaşvili özünü günahkar saymayıb və Sxinvali həbsxanasında qaldığı müddətdə bildirib ki, dövlət sərhədi və Cənubi Osetiya Gürcüstan ərazisidir.
Sxinvali Qaprindaşvilinin bu addımını təxribat və yaxşı planlaşdırılmış aksiya adlandırıb.
Noyabrın 9-dan sonra həkim Sxinvali təcridxanasında olub. dekabrın 20-də Sxinvali məhkəməsi onu bir il və doqquz ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Beynəlxalq ictimaiyyət Gürcüstan hakimiyyəti ilə birlikdə həkimin azad edilməsində fəal şəkildə iştirak edib.
Tbilisidə mütəmadi olaraq Qaprindaşviliyə dəstək mitinqləri keçirilirdi və onun dərhal azadlığa buraxılması tələb olunurdu. Fəalların sözlərinə görə, Gürcüstan hökuməti həkimin azad edilməsi üçün kifayət qədər səy göstərməyib.
Dekabrın 28-də Qaprindaşvili gözlənilmədən azad edilib. Osetiyanın dövlət mediasının bildirdiyinə görə, həkimi respublikanın de-fakto prezidenti Anatoli Bibilov əfv edib.
Qaprindaşvilinin sözlərinə görə, o, Gürcüstan vətəndaşı kimi Rusiya dövləti tərəfindən zorakılığa məruz qalıb, çünki Sxinvali regionu Rusiyanın nəzarətindədir.
“Bütün məsələlər artıq Rusiya Federasiyası ilə müzakirə olunub. Bütün suallara oradan mənfi cavab alınıb – guya bunun onlara dəxli yoxdur. Mən mütləq Strasburq Məhkəməsinə müraciət edəcəm, çünki bu, sadəcə mənim şəxsi marağım deyil, Gürcüstanın marağıdır. Gürcüstan vətəndaşı kimi mən Rusiya dövləti tərəfindən zorakılığa məruz qalmışam”, – Vaja Qaprindaşvili bildirib.
Qaprindaşviliyə hüquqi yardımı “Empatiya” ictimai təşkilatı göstərəcək.