Gürcüstan vətəndaşları Rusiyanı ölkə üşün əsas təhlükə hesab edir
ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstanda sorğu etdiyi insanların əksəriyyəti (63 faiz) Rusiyanın ölkə üçün ən böyük təhlükə olduğunu söyləyib. NDI-ın sifarişi ilə sorğunu Qafqaz Tədqiqat Resursları Mərkəzi (CRRC) 2018-ci ilin mart-aprel aylarında bütün Gürcüstan miqyasında aparıb.
Sorğu edilənlərin fikrincə, milli təhlükəsizlik üçün ən böyük təhdid Rusiyanın hərbi təcavüzü (33 faiz), Abxaziya və Cənubi Osetiyanın işğalı, terror, Rusiya təbliğatı və Rusiyadan iqtisadi asılılıqdır. Ümumilikdə respondentlərin 53 faizi Rusiya ilə bağlı amilləri əsas gətirib. Təhdidlər arasında Türkiyənin Gürcüstandakı maraqları (5 faiz), dini (4 faiz) və etnik qarşıdurma (2 faiz), NATO-ya daxil olmaq da sadalanıb.
Təhlükə mənbəyi olan ölkələr sırasında Rusiyadan sonra Türkiyə (8 faiz) və ABŞ (5 faiz) da göstərilib. Eyni zamanda respondentlərin 30 faizi ABŞ-ı Gürcüstanın təhlükəsizliyinə ən çox dəstək olan ölkə adlandırır. 15 faiz isə Rusiyanın belə ölkə olduğunu bildirib.
26 faiz hesab edir ki, Gürcüstanın təhlükəsizliyinə ən çox NATO dəstək ola bilər. Gürcüstanın təhlükəsizliyini təmin edən komponentlər arasında müdafiə qabiliyyətinin öz gücü hesabına təmin edilməsi, Avropa İttifaqına daxil olmaq və demokratiyanın inkişaf etdirilməsi sadalanıb.
Sorğu edilənlərin yarısından çoxu (52 faiz) Gürcüstanı təhlükəsiz ölkə hesab edir. Amma bununla razı olmayanların da sayı çoxdur – 43 faiz. Demək olar ki, respondentlərin yarısı düşünür ki, son 3 ildə ölkənin müdafiə qabiliyyəti yaxşılaşmayıb, 49 faizin fikrincə isə gələcəkdə Gürcüstanın təhlükəsizliklə bağlı vəziyyəti yaxşılaşacaq.