Gürcüstan və İran koronavirus pandemiyası vaxtı
*Məqalə ilk dəfə dərc olunub: 13.04.2020
İrandan olan turist Şaxab Karimi Gürcüstana fevral ayında gəlib və planlaşdırılmış dörd gündən çox qalıb, amma Tbilisinin gəzməli yerlərini ziyarət etmək əvəzinə, əvvəl aeroportdan birbaşa infeksiya xəstəxanasına, oradan da karantin zonası olan Abastumani kurort şəhərinə aparılaraq, orada iki həftə qalmalı olub.
Nəticədə Şaxabda koronavirus aşkarlanmayıb, amma vətəninə qayıda bilməyib – İran Çindən sonra koronavirusun yayılması təhlükəsinə görə Gürcüstanın bütün əlaqələri kəsdiyi ikinci ölkədir.
Şaxab Kərimi xəstəxananı tərk etmək istədiyi vaxt jurnalistlərə şərh verərkən tibb işçiləri tərəfindən təzədən xəstəxanaya qaytarıldıqdan sonra Gürcüstanda məşhur oldu. Bu gün onu məşhur tok-şoulara dəvət edir, sosial məsafə saxlama tövsiyələrinə baxmayaraq, onunla küçədə selfi edirlər.
İran – koronavirusun sürətlə yayılması
İranda COVID-19 virusuna yoluxma faktı rəsmi olaraq 19 fevralda məlum oldu. Əvvəl ölkə hökuməti təhlükəyə önəm vermirdi və kütləvi yoluxma riskinə baxmayaraq, 21 fevralda parlament seçkiləri keçirdi.
Yoluxanların sayı artırdı, amma hökumət heç bir ciddi təhlükəsizlik tədbirləri görmürdü, ruhanilər isə inanclı insanları virusa baxmayaraq, nəticədə əsas infeksiya ocağına çevirilən Qum şəhərində müqəddəs yerləri ziyarət etməyə çağırırdı.
Nəticədə İran bir müddət Çindən sonra koronavirus infeksiyasının kütləvi şəkildə sürətlə yayıldığı ikinci ölkəyə çevirildi. Ancaq bir müddət sonra İtaliya, İspaniya, ABŞ onu qabaqladı.
Aprelin 8-də İranda 65 mindən çox yoluxma sayı qeydə alınıb, dörd minə yaxın insan həyatını itirib. Amma ölkənin bir çox vətəndaşı və beynəlxalq media İranda virusun yayılması rəqəmlərini süni şəkildə çox aşağı salındığını hesab edir. İran parlamentinin sədri, vitse-prezident, bir çox məmur və deputatlar koronavirusa yoluxub.
- İranda koronavirus: dünyada ən böyük yayılma və hakimiyyətin yalanı
- İranda koronavirusdan ölənlər üçün qardaşlıq məzarları – şəkillər peykdən çəkilib
Gürcüstan İranla hava əlaqəsini 23 fevraldan kəsib. 26 fevraldan isə bu ölkə vətəndaşlarının girişinə qadağa qoyub.
Koronavirus ilk dəfə Gürcüstana məhz İrandan gəlib – 49 yaşlı Gürcüstan vətəndaşı Amilin – ölkədə “bir saylı pasientin adı belədir” – düz Azərbaycan-Gürcüstan sərhədində hərarətini ölçüblər və dərhal infeksion xəstəxanaya aparıblar, burada onun diaqnozu təsdiq olunub.
Gürcüstanda ilk koronavirusa yoluxan da elə ilk sağalan oldu. Xəstəxananı tərk edən Amil, əhalisinin əksəriyyəti azərbaycanlılar olan Marneuli şəhərinə, evinə qayıdıb.
O, fevralın 21-də İrana yerli məscid üçün xalçalar almaq üçün uçmuşdu. Və yoluxmanın episentrində, müqəddəs Qum şəhərində olmuşdu. Amil İranda olarkən, baş verənlərdən tam xəbərsiz olduğunu deyir.
«Hər şey yaxşı idi. Mağazalar işləyir, insanlar müqəddəs yerləri ziyarət edirdi. Biz xalçaları aldıq və İranda hər hansı bir virusun yayılması haqda bir söz belə eşitmədik. Biz maska taxan bir adam belə görmədik. Ona görə də ailə üzvlərimiz bizə zəng vurub, bütün uçuşların təxirə salındığını deyəndə çox təəccübləndik. Bizim mikroavtobus tutub, Azərbaycan üzərindən gəlməkdən başqa çıxış yolumuz qalmadı», – Amil deyir.
Gürcüstandakı iranlılar
Bu gün Gürcüstanda minlərlə iranlı yaşayır. 2016-cı ildən 2018-ci ilə qədər bu ölkənin 11 min vətəndaşı müvəqqəti qeydiyyat alıb.
Bir çox iranlılar Gürcüstanda çoxdan yaşayır və öz biznesləri ilə məşğul olur, xüsusilə turizm və xidmət sahəsində.
Koronovirus pandemiyasına və Gürcüstanda fövqəladə vəziyyət elan olunduğuna görə bütün bu fəaliyyət dayandırılıb və turizm biznesinin bərpası perspektivləri hələ aydın deyil.
Yaranmış vəziyyətə görə Gürcüstandakı iranlılar ciddi problemlərlə qarşılaşıblar və ayaqda qalmağın yollanını axtarırlar.
Mohammed Xalexi Gürcüstanda 2009-cu ildən yaşayır. O, İran turistləri üçün Gürcüstana turlar təşkil edən “Sun Georgia” şirkətinin direktorudur. Mart və aprel ayları onun biznesi üçün ən yüklənmiş aylardan idi – bir çox iranlılar Gürcüstana Novruz bayramı münasibətilə məzuniyyətlərini keçirmək üçün gəlirdilər.
İndi koronavirus pandemiyasına görə biznesi dayanıb, ofisin icarə pulunu ödəyə bilmir, işinin gələcəyi isə qeyri-müəyyən olaraq qalır.
«İranlıların Gürcüstana marağı böyük idi. Hər gün ən azı 170 nəfər Tehran-Tbilisi reysi ilə gəlirdi», – Mohammad deyir.
İranlılar üçün 2010-cu ildən tətbiq olunan vizasız rejim və coğrafi yaxınlıq bu illər ərzində Gürcüstanı iranlı turistlər üçün cəlbedici yerə çevirib.
“Galt & Taggart” konsultasiya şirkətinin hesablamalarına görə, iranlılar hər ay Gürcüstanda səkkiz milyon dollar xərcləyirdilər.
Gürcüstan Statistika Komitəsinin məlumatına görə, 2019-cu il ərzində Gürcüstanı ziyarət edən hər bir turist orta hesabla 1,102 lari [təxminən 350$], iranlılar isə orta hesabla 2,092 lari [təxminən 660$], başqa sözlə, iki dəfə artıq xərcləyib. İranlılar ABŞ və Səudiyyə Ərəbistanından gələn qonaqlardan sonra ən çox pul xərcləyən turistlərdir.
Gürcüstana iranlı turistlər ən çox 2018-ci ildə gəlib – 291 min nəfər. 2019-cu ildə onlar azaldı – 142 min (cəmi beş milyon turistdən). Bunu Gürcüstan hökumətinin İran vətəndaşlarının sərhəddə yoxlanışının sərtləşdirilməsi və çoxlarının ölkəyə buraxılmaması ilə əlaqələndirirlər, buna görə İranın DİN də etirazını bildirdiyi.
Amma bir çox iranlıları bə çətinliklər qorxutmurdu. Son illərdə getdikcə daha çox iranlılar Gürcüstanı daimi yaşayış yeri kimi seçirdilər – onlar burada daşınmaz əmlak alır və öz bizneslərini açırdılar.
37 yaşlı Şahab Aştar iki il əvvəl Gürcüstana gəlib. O, burada öz ailəsi ilə yaşayır və gürcü şirkətlərindən birində marketinq üzrə menecer işləyirdi.
«Daha çox qeyri-müəyyənlik qorxudur. Əgər şirkətin gəliri yoxdursa, mənim pulumu necə ödəyəcək? Mənzil haqqını ödəyirəm və bilmirəm, yaxın aylarda kirayə pulunu ödəyə biləcəm ya yox».
Şahabın sözlərinə görə, Gürcüstanda yaşayan başqa həmvətənlərinin də problemləri yaranıb. Gürcüstanda iranlılar dünyadan öz ölkələrindən uzaq qalan və pandemiyanın sıfırdan başladıqları həyatlarını puç etdiyi bir çox mühacirlər kimi yaşayırlar.
Somaye Nokarizi Gürcüstanda 2006-cı ildən yaşayır. Onun şirkəti İrandan tikinti materialları, sement və dekorativ kərpic idxal edir. “Bir aydır ki, idxal dayandırılıb. Materiallar gəlmir, gəlir azalır. Bilirəm ki, bu il ağır olacaq”, – Somaye deyir.
Mohammed Cavad Moazeni artıq iki ildir ki, Gürcüstanda öz ailəsi ilə yaşayır. Pulunu mehmanxana biznesinə yatırıb, həm də səhm satışından qazanır. Mohammed deyir ki, pandemiyadan sonra oteli bağlanıb.
“Koronavirusun yayılması hamıya toxundu. Amma bu da gələcəkdə nəyə yatırım etməklə bağlı daha çox düşünmək imkanı verir”, – o hesab edir.
İranın Fereydan əyalətindən olan etnik gürcü, 35 yaşlı Mehdi Xodsiani də gəlirsiz qalıb. İxtisasca metallurq olan Mehdi 2009-cu ildə Gürcüstana köçüb və Gürcüstan vətəndaşlığını alıb.
Gürcü və farsi dilləri onun doğma dilləridir və Mehdi bu günə qədər tərcümələrlə qazanıb. Onun bürosu Tbilisidə Gürcüstan və xarici vətəndaşların hüquqi məsələləri həll etdiyi Ədliyyə Evinin yaxınlığında yerləşir.
«Mən özüm özümə iş tapıram və heç vaxt işin yoxluğundan şikayət etməmişəm. Amma İrandan uçuşlar dayandırıldığına və iranlıların artıq gəlmədiyinə görə, ofisimi bağlamalı oldum», – o deyir.
İkinci Gürcüstan vətəndaşlığının olmasına baxmayaraq, Mehdi sərhədlər açılsa və Gürcüstanda iqtisadi vəziyyət düzəlməsə, İrana qayıtmağa hazırdır. Onun sözlərinə görə, orada iş tapmaq daha asandır.
Amma heç də bütün iranlılar vətənə qayıtmaq istəmir. Şahab Aştar deyir ki, İranda o, daha çox qazanırdı, amma Gürcüstanda ailəsi ilə “azadlıq üçün” yerləşib. Və iqtisadi çətinliklərə baxmayaraq, qayıtmaq fikrində deyil.
«Sərhədləri bağlamasaydılar»
Sərhədlərin bağlanması və iki ölkə arasında əlaqənin müvəqqəti dayandırılması təkcə İrandan olan turistlər və ekspatlara zərbə endirmədi. Bir çox Gürcüstan vətəndaşının İranla işgüzar və şəxsi münasibətləri varıydı.
Gürcüstanda yaşayan müsəlmanlar İrana ancaq xalça almaq üçün getmir. Şeyx Mirtaq Əsədov JAMnews-a bildirib ki, Gürcüstandakı şiələr müntəzəm olaraq müqəddəs Qum şəhərini ziyarət edir. Ötən il orada Marneulidən150 nəfərlik qrup olub.
Tbilisidəki Qafqaz Universiteti artıq 15 ildir ki, İran universitetləri ilə əməkdaşlıq edir. Fevralın 22-də İrana səfər edən universitetin nümayəndə heyəti qayıdandan sonra tam tərkibdə karantinə düşdü.
Georgi Lobjanidze iranistdir. O, İrandakı cari hadisələri diqqətlə izləyir. Onun burada çox sayda tanışları və dostları var. Onun fikrincə, İranda virusun yayılmasına bu ölkədəki “xüsusi sosiallaşma üsulu” təsir edib.
«Onlar mağazalarda gəzməyi sevir. Çoxdan görüşməyən iranlılar salamlaşarkən üç dəfə öpüşür. Bu jest pandemiya və virusların yayılması baxımından çox təhlükəlidir. Onlar Novruz bayramı və Yeni ildə səyahət etməyi sevirlər. Mən İrandan xəbərləri izləyirəm və görürəm ki, evdə qalmaq çağırışlarına az adam riayət edir. Onla hələ də ölkə daxilində çox səyahət edirlər. İndi sərhədlər bağlı olmasaydı, bir çox İran turistləri Gürcüstana gələrdi».
Mütəxəssislər hesab edir ki, məhz vaxtında İranla bağlanan əlaqə digər ölçülərlə birlikdə Gürcüstanda yoluxma sayını azaldıb, burada regiondakı qonşulara nisbətən yoluxma sayı xeyli azdır.