Gürcüstan üçün yeni şans
8 oktyabr gürcü siyasi landşaftının əhəmiyyətli dəyişikliklərinin başlanğıcıdır. Yavaş-yavaş post-sovet siyasi irsinin aradan qaldırılmasının zəif tərəfləri üzə çıxır. Baş tutan seçkilər göstərdi ki, indiki mərhələdə Gürcüstan birpartiyalı hakimiyyətin cazibəsindən çıxa bilmədi, bu da gürcü siyasətinin böyük qüsuru və problemi olaraq qalır.
Əsas təhlükə
“Gürcü arzusu 4 il ərzində məqsədyönlü şəkildə qanunverici və icraedici hakimiyyətin öz əlində cəmlənməsinə çalışıb. Koalisiyanın nümayiş etdirdiyi hakimiyyəti bölə bilməmək bacarıqsızlığı göstərdi ki, “Gürcü arzusu kommunist partiyasından miras qalan gürcü partiya siyasətinin dəyərlər deyil, hakimiyyət ətrafında birləşmək ənənəsini davam etdirir.
İkinci turun nəticələrinə görə “Gürcü arzusu konstitusion çoxluğa nail ola bilsə, bu gürcü demokratiyası üçün əsas təhlükə olacaq.
Bu təhlükəni gücləndirən məqam ondan ibarətdir ki, “Gürcü arzusunun və belə çıxır ki, bütün ölkənin qeyri-rəsmi lideri heç bir şəkildə gürcü seçicisi qarşısında hesabat verməyən oliqarx Birzina İvanişvilidir. Özünün dövləti idarə etmək və siyasi analiz bacarığına əmin olan İvanişvili hesab edir ki, ölkəni Yeltsin və Putin Rusiyasında olduğu kimi maliyyə imperiyası kimi idarə etmək olar.
Konstitusion çoxluq müxtəlif yönlü dəyər bazası və qeyri-şəffaf idarəçiliyi olan, pul və hakimiyyətin birləşdirdiyi partiyanın əlinə keçə bilər. Bu cür təhlükəli çoxluq nəzarət olunmayan birpartiyalı avtokratiyanın edə bildiyi bütün səhvləri buraxmağa məhkumdur. Buna görə də gürcü seçicisi majoritar dairələr üzrə parlament seçkilərinin ikinci mərhələsində əlindən gələni etməlidir ki, “Gürcü arzusu konstitusion çoxluğu əldə etməsin.
“Arzunun yeni “xuliqanlar
Sağ populist, ksenofob “Vətənpərvərlər alyansının parlamentə daxil olması “Gürcü arzusunun xeyrinə oldu. Sağ populist partiya əvvəlki çağırışda “Gürcü arzusudan olan parlament deputatları Meçiauri, Kantariya, Papuaşvili, Caşvliani və başqa “xuliqanların [Bu deputatlar anti-qərb və anti-liberal çıxışları ilə seçiliblər] yerinə yetirdiyi funksiyaları öz üzərinə götürəcək.
“Xuliqanlar autsorsinqi “Gürcü arzusuna əvvəlkindən daha nüfuzlu görünmək imkanı verəcək. Real olaraq isə “Gürcü arzusunun, onun qeyri-formal liderinin dəyərləri və zövqü qaraqüruhçu “Asaval-Dasavali qəzetinin və “Vətənpərvərlər alyansının dəyərlərinə yaxındır.
“Milli Hərəkatın dilemması
Oktyabrın 8-də keçirilən seçkilər göstərdi ki, hakimiyyətin əsas opponenti olan “Milli Hərəkatın özünü identifikasiya nağılı həyat qabiliyyətli deyil.
“Milli Hərəkatın ən böyük səhvlərindən biri özünü seçiciləri birləşdirə bilən yeganə “Qərb yönlü qüvvə kimi təqdim etməsi oldu. Seçkilərin nəticələri göstərdi ki, seçicilər onlarla həmfikir deyil. “Milli Hərəkat Gürcüstanda yeganə “Qərb yönlü qüvvə də deyil (və heç vaxt da olmayıb).
Bununla belə, “Milli Hərəkat göstərdi ki, stabil 20-30 faizlik elektorata malikdir. Partiya artıq anlamalıdır ki, ola bilsin daha heç vaxt təkbaşına, koalisiya üzrə tərəfdaşları olmadan hakimiyyət qura bilməyəcək.
Eyni zamanda 20-30 faiz demokratik ölkələrdə böyük, xalq partiyaları adını alan, seçicilərin böyük hissəsini təmsil edən partiyaların malik olduğu göstəricidir.
Belə demək olar ki, “Milli Hərəkat demokratik transformasiyanın yekun mərhələsini keçir.
Təəccüblü deyil ki, bu cür transformasiya partiya liderlərindən birini, keçmiş prezident Mixail Saakaşvilini qane etmədi. İvanişvili kimi onun üçün də hakimiyyət vahid və bölünməzdir. Bölünmüş hakimiyyət dəyərini itirir. Onun məsuliyyətsiz bəyanatı da bununla izah olunur – Saakaşvili 27% səs toplayan komandasını həm seçkilərin ikinci mərhələsini, həm də parlamentin işini boykot etməyə çağırdı.
Əslində hazırda “Milli Hərəkat stabil elektoratı olan və bu mənada konyuktur tərəddüdlərdən asılı olmayan yeganə partiyadır. “Milli Hərəkat parlament mandatlarından imtina etməklə özünə qəbir qazmasa, nə qədər paradoksal olsa da uzun müddətli perspektivdə məhz o 8 oktyabr seçkilərinin əsl qalibi ola bilər. Bunun üçün isə o özünün lideri Mixail Saakaşvili ilə vidalaşmalı olacaq.
“Milli Hərəkatın daha bir kobud səhvi kiçik Qərb yönlü partiyalara daimi hücumları oldu. Bu hücumlar özünü yeganə “Qərb yönlü qüvvə kimi təqdim etmək istəyi ilə bağlı olub. Deməli “Milli Hərəkata özünün bilavasitə rəqiblərindən daha çox sağ populist partiyaların güclənməsi xeyir eləyirdi.
“Kiçik partiyalar
“Milli Hərəkat sol, mərkəzçi və liberal partiyaların eroziyasına özünün (eksklüziv olmasa da) töhfəsini verdi. Bu partiyalar (xüsusən də ən köhnə gürcü partiyası olan “Respublika partiyası) yenilənə bilmədi. Bu gün onlar həyat qabiliyyətli deyillər.
“Milli Hərəkatdan fərqli olaraq, onlar öz elektoral bazalarını yarada bilmədilər. Keçmiş müdafiə naziri İrakli Alasaniyanın “Azad demokratları isə o dərəcədə qeyri-siyasi oldular ki, partiya işini parlamentdən kənarda davam etdirmək istəmədi və ya bacarmadı. Seçkilərdəki məğlubiyyətindən sonra partiya faktiki olaraq dağıldı. Partiyanı lideri İrakli Alasaniya və rəhbər tərkibin bir neçə başqa üzvü tərk etdi. Sözsüz ki, bu cür partiyalar yaşaya bilməyəcək.
“Etiraz elektoratı
8 oktyabr seçkiləri həm də onu göstərdi ki, etiraz elektoratı “Milli Hərəkata səs vermək istəmir və prinsipcə hansısa mövcud partiyalardan birinə səs verməkdənsə evdə oturmağı üstün tutur. “Etirazçı seçicini prioritetləri təhsil, sosial ədalət, ətraf mühitin mühafizəsi və s. olan mərkəzçi və ya sol partiyalar cəlb etməsə, onu mütləq sağ polulist partiyalar özlərinə cəlb edəcək (özü də bu, onlarda bu gün “Vətənpərvərlər alyansında alındığından daha yaxşı alınacaq).
Gürcüstan partiya siyasətinin radikal transformasiya mərhələsinə keçib. “Yuxarıda yaradılan, möhkəm elektoral bazası olmayan partiyalar məhv olmaq üzrədir. Bizim üçün həlledici məqam bu partıyaların kim tərəfindən və necə əvəz olunması olacaq.
Buna görə də son dörd ildə Gürcüstanın bu dəfə yuxarıdan deyil, məhz aşağıdan, post-sovet ölkəsindən Qərb demokratiyasına siyasi transformasiyaya nə dərəcədə hazır olduğunu göstərmək imkanı var. Bu dəfə biz öz uğursuzluqlarımızı yaxşı heç nə gözləmədiyimiz hökumətin ayağına yaza bilməyəcəyik.
Dərc olunub 10.10.2016