Pandemiya – Gürcüstanda hakim partiya üçün şans?
Koronavirus pandemiyası Gürcüstanda siyasi böhranın qızğın çağında ortaya çıxdı. Payızda parlament seçkiləri olacaq və seçkilərin hansı sistemlə keçiriləcəyi hələlik məlum deyil. Müxalifət və hökumət arasında qarşıd
urmanın karantin və fövqəladə vəziyyətə görə “pauzaya qoyulmasına” baxmayaraq, həll olunması uzaq görünür.
Gürcüstanda böhran daxili siyasi vəziyyətə necə təsir edir və pandemiya kimə sərf edir? JAMnews bu suala gürcü eskpertlərlə birlikdə cavab tapmağa çalışıb.
Böhranın qızğın vaxtı böhran
Ölkədə gərkinlik keçən ilin yayından, dövlət iyunun 20-də hökumətə qarşı nümayişi dağıdanda başladı.
Gərginlik öz pik həddinə noyabr ayında, hakim partiyanın söz verdiyi kimi tamamilə proporsional seçki sisteminə keçiddən imtina etməsi ilə çatdı. Bu, hakimiyyətin yenə də zor tətbiq etdiyi yeni etiraz aksiyalarına gətirib çıxardı. Onlarla insan həbs edildi.
Müxalifət tamamilə proporsional seçki sisteminə keçidi tələb edir. Onlar hesab edir ki, qarışıq sistem – bu zaman150 parlament üzvünün yarısı partiya siyahılarına görə, digər yarısı isə majoritar dairələr üzrə seçilir – lazımi dərəcədə seçicilərin iradəsini ifadə edə bilməz.
Böhranı bir növ həll etmək mümkün olub – martın 9-da hakim partiya “Gürcü arzusu”nun və birləşmiş müxalifət partiyalarının nümayəndələri ABŞ səfirinin vasitəsi ilə gələcək seçkilərin 120/30 sxemi ilə keçirilməsi haqda razılığa gəlib. Yəni 120 deputat partiya siyahıları ilə, 30 deputat isə təkmandatlı dairələrdə majoritar qaydada seçiləcək.
Amma demək olar ki, dərhal sonra münaqişə yenidən başladı – martın 10-da məhkəmə müxalif partiyalardan biri olan “Avropa Gürcüstanı” partiyasının sədri, Tbilisinin keçmiş meri Qiqa Uqulaveyə hökm oxudu, və o, 48 milyon larini [təxminən $17 mln] israf etdiyinə görə 3 il müddətinə həbs olundu.
Tezliklə daha bir müxalifət lideri, keçmiş müdafiə naziri İrakli Okruaşvili 2019-cu ilin iyununda “parlamentə hücumun” təşkilinə görə 5 il müddətinə həbs olundu.
Müxalifət bildirdi ki, bu, “siyasi məhbusların” azad olunması haqqında sazişin bəndlərinin pozulması və siyasi mübarizədə məhkəmələrin istifadə olunmasıdır. Və hətta aprelin əvvəlində böyük etiraz aksiyası anonsunu verib. Amma koronavirus epidemiyası, ölkədə fövqəladə vəziyyətin elan olunması və sərt karantin ölkədə siyasi həyatı demək olar ki, sıfıra endirdi.
Buna baxmayaraq, oktyabr seçkiləri yaxınlaşır, çox şeyin asılı olduğu seçki haqqında qanuna dəyişikliklər isə hakimiyyətin söz verməsinə baxmayaraq, hələ də qəbul olunmayıb.
Hakim partiya verdiyi sözü tutacaqmı? Gürcüstanın İctimai İşlər İnstitutunun professoru Tornike Şaraşenidze JAMnews-a müsahibəsində deyir:
“Bir siyasi partiya xalqı aldadır və “atır”sa, bu, daha bir neçə dəfə baş verə bilər. Amma düşünürəm ki, insanları bu dəfə “atmyacaqlar”… Bu dəfə bu (razılıq) qərb tərəfdaşlarının iştirakı ilə aparılan danışıqlar, kompromis nəticəsinə əldə olunmuş nəticədir və onlar (hakimiyyət) üçün bu, çox kobud qərar olardı”.
Böhran “Gürcü arzusu”na nə qədər kömək edib?
Tornike Şaraşenidzenin fikrinə görə, hökumətin müxalifətlə sazişinə əməl etməyə meyilli olmaslna daha bir səbəb odur ki, hakim partiya pandemiya səbəbindən yaranmış böhranda özünü daha əminli hiss edir:
«Hökumət istənilən halda bu böhranın öhdəsindən gəlməyi bacardı. Əlbəttə, bizim də, hökumətin də bəxti gətirdi ki, səhiyyə sahəsində normal mütəxəssislər öz yerlərində idi – həm Luqara labaratoriyasında, həm də Milli Xəstəliklərə Nəzarət Mərkəzində”.
Mayın 8-nə olan məlumata görə, Gürcüstanda 623 koronavirus infeksiyası aşkarlanıb, onlardan 288 nəfəri sağalıb, doqquz nəfəri həyatını itirib. Regiondakı qonşular Ermənistan və Azərbaycana nisbətdə Gürcüstanda yoluxma və ölümlər daha azdır. Mütəxəssislər bunu vaxtında verilmiş sərhədlərin bağlanması və sərt karantinin tətbiqi qərarları ilə əlaqələndirirlər.
Tornike Şaraşenidze hesab edir ki, indiki baş nazir Giorgi Qaxariya “Gürcü arzusu”nun bundan əvvəl təyin etdiyi baş nazirlər arasında “ən bacarıqlısıdır”.
Siyasət İnstitunun direktoru Korneli Kakaçiya həmçinin hesab edir ki, böhran hansısa mənada Gürcüstanın hakim partiyasının xeyrinə işlədi.
«Biz bilirik ki, böhran vəziyyəti yarananda – müharibə və ya pandemiya olanda bir çox ölkələrdə “bir bayraq altında birləşmə” baş verir, yəni cəmiyyət liderlər ətrafında birləşir və çoxpartiyalı baxışlar öz aktuallığını itrir”.
Kakaçiya hesab edir ki, faktiki olaraq böhran “Gürcü arzusu” hökumətinə öz reytinqini qaldırmağa kömək etdi, amma bu reytinqi qorumaq bir çox amildən asılıdır – ilk növbədə də hökumətin iqtisadi proqramından, hökumətin beynəlxalq yardım cəlb edə biləcəyindən və onu effektiv xərcləyə biləcəyindən asılıdır.
Hökuməti pul xilas edəcək?
Tornike Şaraşenidze hesab edir ki, indiki hökumətin uğuru beynəlxalq tərəfdaşlardan böhranın nəticələrinin qarşısını almaq üçün nə qədər kömək cəlb edə biləcəyindən asılıdır.
Hökumət büdcə və özəl sektora üç miliyard dollar cəlb edə biləcəyini bəyan edib.
«Amma bir məsələ var, siz nə qədər pul tapmısız, digər məsələ də o pulu nə qədər yaxşı xərcləmisiz, o pulları idarə etmək üçün sizin iqtisadi komandanız nə qədər yaxşıdır. Bu da çox vacibdir», – Şaraşenidze deyir.
Korneli Kakaçiya iddia edir ki, beynəlxalq yardımı cəlb etmək əvvəl olduğu kimi o qədər də asan olmayacaq, məsələn 2008-ci ildə, müharibədən sonra və maliyyə böhranının qızğın vaxtında Gürcüstan ümumilikdə dörd milyard dollardan çox yardım almışdı.
«Gürcüstana lazım olan pulu cəlb etmək o qədər də asan deyil, çünki rəqabət böyükdür. Bizdən başqa yardıma inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr iddia edir. Ehtiyatlar isə sonsuz deyil».
Bundan başqa ekspert hesab edir ki, vəsaitlərin cəlb olunmasına “əsas narrativ” Gürcüstan hökumətinin, ölkənin başqalarından az zərər görməsi bəyanatı mane ola bilər.
«Hökumətə həm biznes, həm də sadə vətəndaşlar, işini itirmiş insanlar üçün əsaslı proqram lazımdır. Bu, seçkiqabağı dövrdə böyük əhəmiyyət kəsb edəcək», – Kakaçiya hesab edir.
Müxalifətin şansı nə qədərdir?
Tornike Şaraşenidzenin fikrinə görə, böhran vaxtı müxalifətin bir hissəsi səhvə yol verdi: “Bəziləri susdu, bəziləri konstruktiv olmağa çalışdı, bəziləri də həddən artıq tənqidlə məşğul oldu”. Buna görə müxalifət cəbhəsinin vahidliyi pozuldu, hökumət isə bəzi opponentlərin qeyri-adekvat bənayatlarından yararlandı.
Eyni zamanda onun sözlərinə görə, “cücəni payızda sayarlar” və bir neçə ay ərzində vəziyyət dəyişə bilər.
Korneli Kakaçiya hesab edir ki, müxalifətin həddən ziyadə sərt fövqəladə vəziyyət rejimi, böyük cərimələr və məhdudiyyətlərə seçimli yanaşmalarla bağlı səsləndirdiyi tənqidlər çətin ki müxalifətin əlinə oynasın – onun fikrincə, hakimiyyət rahatlıqla cərimələri ləğv edə, bununla da narazılığı öz xeyrinə çevirə bilər.
Eyni zamanda Kakaçiya seçkilərin təhlükəsiz keçirilməsi ilə bağlı problemi xatırladır – çox güman ki, payıza qədər virus tam məğlub olunmayacaq və deməli, həm səsvermənin, həm də seçkiqabağı görüşlərin keçirilməsi problemli olacaq.
Tornike Şaraşenidze də hesab edir ki, ənənəvi passiv yaydan sonra müxalifətin seçkiqabağı kampaniyaya çox az vaxtı qalır, hakimiyyətin isə administrativ resurs kimi üstünlüyü var.
«Bu mənada da pandemiya müxalifətə ciddi zərbə vurdu», – Şaraşenidze hesab edir.