Gürcüstan: iqtidar partiyası və müxalifət xarici diplomatların vasitəçiliyi ilə danışıqlar masasına oturublar
Gürcüstanda parlament seçkilərindən iki həftə sonra hələ də məlum deyil ki, onuncu çağırış parlamentin aqibəti necə olacaq.
Vəziyyət olduğu kimi qalır – müxalifət bildirir ki, hökumət seçkiləri saxtalaşdırıb və təkrar səsvermə tələb edir. Eyni zamanda bir faizlik baryeri aşan səkkiz siyasi qüvvənin hamısı parlamentdə yerlərini tutmaqdan imtina edir.
Bu iki həftə ərzində siyasi proseslər küçələrdə davam edib və iki siyasi qüvvə arasında gərginlik getdikcə artır. Müxalifət əsas tələbi təkrar seçki olan bir neçə izdihamlı mitinq keçirib. Hakimiyyət su şırnaqları tətbiq edərək və bir neçə fəalı saxlayaraq zor gücünə nümayişləri dağıdıb.
Hökumət və müxalifət dialoqun vacib olduğu fikrində uzlaşır. Amma hər iki tərəf qarşı tərəfin razı olmadığı ön şərt irəli sürür. Müxalifət bildirir ki, hökumətlə ancaq növbədənkənar seçkilər haqda danışacaq. Hökumətdən bəyan edirlər ki, dialo yalnız müxalifət seçki nəticələrini tanıdığı haqlda mümkün ola bilər.
Amma hər iki tərəfin hələ də öz fikrində qalmasına baxmayaraq son günlər ərzində bəzi dəyişikliklər baş verib.
Səfirlərlə görüş
Noyabrın 12-də parlament seçkilərindən sonra ilk dəfə müxalifəti və hökuməti bir masa ətrafına toplamaq mümkün olub.
Bu, səkkiz müxalif partiya liderləri ilə hökumət nümayəndəsi, parlament sədi Arçil Talakvadze arasında dörd saatlıq dialoq olub.
Görüş ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnanın iqamətgahında səfirin və digər diplomatların bilavasitə vasitəçiliyi ilə keçirilib. Görüşdə Avropa İttifaqı və Fransa səfirləri də iştirak edib.
Görüşdən sonra hər iki tərəf radikal bəyanatlardan çəkinib və ehtiyatlı şərhlərlə kifayətləniblər, baxmayaraq ki, mövqeləri eyni qalıb.
Müxalifət bildirir ki, noyabrın 14-ə planlaşdırılan izdihamlı mitinq həələ də qüvvəsində qalır. Müxalifətin növbədənkənar seçkilərlə bağlı əsas tələbi və parlamentə daxil olmamaq qərarı da olduğu kimi qalıb.
Bununla belə, müxalifət hökumətlə danışıqların bərpa edilməsi potensialını qəbul edir.
Görüş başa çatandan sonra Arçil Talakvadze iqtidar partiyasının adından bəyanatla çıxış edib. O qeyd edib ki, bu, dialoqun sadəcə ilk raundu olub və artıq ikinci raund nəzərdə tutulub.
“Əlbəttə, ictimaiyyətin ilk görüşdəcə ciddi razılaşmaların əldə ediləcəyi ilə bağlı gözləntiləri olmamalıdır, amma təkrar edirəm, siyasi dialoqmüsbət başlayıb və biz arqumentlərimizlə bölüşmüşük. Ən əsası odur ki, biz bir-birimizi konstruktiv mühitdə dinlədik, mən inanıram və ümid edirəm ki, dialoq konkret nəticə ilə yekunlaşacaq”, – Talakvadze deyib.
Müxalifət də danışıqlar prosesinin uzun müddətli olacağı ilə razılaşıb, çünki tərəflər kifayət qədər radikal mövqelərdədir.
Amma “Avropa Gürcüstanı” partiyasının lideri David Bakradze onu da bildirib ki, buna baxmayaraq, “güzəştlər mövcuddur, əgər tərəflər buna məsuliyyətlə yanaşsalar”.
“Gəlin bir və ya hətta iki görüşdə nəyinsə həll olacağına ümid etməyək. Bu, çox mürəkkəb mövzudur. Ölkə siyasi böhran içindədir və bizim vəzifəmiz addım-addım kompromis tapmaqdır”, – Bakradze deyib.
Bununla yanaşı o vurğulayıb ki, “müxalifət bu kompromisi tapmaq prosesində qəti mövqe tutub”.
“Qanunsuz və ölkə üçün ziyanlı olan şeylərin əsasında kompromis tapmaq mümkün deyil. Amma mən düşünürəm ki, kompromis yeri var və məsuliyyətli yanaşma ilə tərəflər razılığa gələ bilər”, – Bakradze görüşdən sonra deyib.
“Hələlik kompromis haqda danışmaq tezdir, biz öz mövqeyimizdə qətiyik – biz hökumət tərəfdən müəyyən mövqelərin dəyişməsini gözləyirik”, – “Aqmaşenebeli strategiyası” partiyasının lideri Georgi Vaşadze deyib.
“Qirçi” lideri Zurab Caparidzenin sözlərinə görə, hökumətlə görüş keçirilməsi faktının özü müsbət haldır. O deyib ki, görüşdə tərəflər mövqelərini bölüşüblər və növbəti dialoq haqda razılığa gəliblər.
“Ümumilikdə yaxşıdır ki, bizim görüşümüz baş tutdu, çünki şəxsən mənim üçün problem ondadır ki, artıq 4 ildir dövlət məmuru ilə danışmamışam, odur ki, danışıqların başlamasının özü artıq yaxşıdır”, – Caparidze deyib.
“Lelo” liderlərindən biri Badri Caparidze də qeyd edib ki, tərəflərin tələbləri eyni qalır:
“Bizim tələblərimiz eynidir. Biz bir-birimizlə tələblərimizi və dəyərləndirmələrimizi bölüşmüşük. Bugün biz sadəcə öz mövqelərimizi qeyd etdik, bu qədər”, – Badri Caparidze deyib.
Ümumi bəyanlardan başqa nə müxalifət, nə də hökumət nümayəndələri, nə də vasitəçilər görüşdə müzakirə olunan konkret məsələləri açıqlamayıblar.
Söhbət tərəflərin yaxınlaşmasından gedir, amma hələlik məlum deyil ki, bu, necə və kimin hesabına baş verəcək.
Qriqol Vaşadzenin tapmacası
Səfirin iqamətgahındakı görüşdə “Milli Hərəkat” partiyasını Qriqol Vaşadze təmsil edib.
Vaşadze görüşdən sonra KİV-lə danışmaq istəməyən yeganə müxalifətçi olub və görüşü şərhsiz tərk edib.
Vaşadze son zamanlarda öz bəyanatlarına görə diqqət mərkəzinə düşür.
Noyabrın 10-da “Milli Hərəkat” kimi böyük müxalif partiyanın lideri öz xəbər platformalarının birində müxalifətin hökumətlə dialoqlara razılaşmalı olduğu haqda bəyanat yerləşdirmişdi.
“Gürcüstan çox təhlükəli vəziyyətdədir – onun qarşısında dörd əsas məsələ dayanır: iqtisadi, sosial, siyasi və demoqrafik. Bu, nəzarətdən çıxan qlobal koronavirus pandemiyası ilə daha da dərinləşir. Mən beten siyasi partiyaları danışıqlar masası ətrafına əyləşməyə, küçə mitinqləri ilə yanaşı qanunvericilik kürsüsündən də yararlanmağa və dövləti dərin böhrandan çıxarmağa çağırıram”, – Vaşadzenin bəyanatında deyilir.
Vaşadze seçki nəticələrinə münasibətdə ən radikal mövqe tutan siyasi qüvvənin lideridir. “Vahid Milli Hərəkat” bu məsələdə heç bir güzəştin mümkün olmadığını və keçə mitinqlərinin vacibliyini bildirən partiyadır.
Müvafiq olaraq, Qriqol Vaşadzenin mövqeyi yalnız müxalif qüvvələr yox, elə onun öz komandasında da çaşqınlıq yaradıb.
Onun partiyadaşları çiyinlərini çəkir və deyirdilər ki, Vaşadze öz bəyanatını onlarla razılaşdırmayıb və Vaşadzenin mövqeyi partiya üçün qəbuledilməzdir.
Onun bəyanatları ajiotaj yaradandan sonra Vaşadze Facebook-da əlavə izahat yerləşdirməli olub və yazıb ki, etirazlar davam etməlidir, amma siyasi tərkibi də ora əlavə etmək lazımdır.
Bir gün sonra, noyabrın 11-də “Rustavi-2” telekanalına müsahibəsində Vaşadze bildirib ki, beynəlxalq ictimaiyyət bu dialoqu dəstəkləyir. O, deyib ki, diplomatlar hakimiyyət və müxalifət arasında demək olar ki, dialoqu planlaşdırıblar, amma bu dialoq pozulub.
Vaşadze bildirib ki, o, diplomatlarla gündəlik əsasda ünsiyyətdə olub, amma bu prosesdə hansı səfirliklərin və diplomatik missiyaların iştirak etdiyini dəqiqləşdirməyib.
Danışıqların niyə pozulduğu ilə bağlı suala Vaşadze belə cavab verib: “Bunu deyə bilmərəm”.
Amma bununla belə o deyib ki, hazırkı şərtlərlə parlamentə daxil olmağı mümkünsüz sayır:
“Bugünkü vəziyyətdə ideologiya və dəyərlərə sahib olan insanlar üçün parlamentə getmək mümkünsüzdür. Əgər həll yolu varsa da, bu, kombinə edilmiş yanaşma olmalıdır – etiraz və dialoq”.
Müxalifət Vaşadzenin hansısa dialoqun hazırlandığı və baş tutmadığı haqda bəyanatını şübhə altına alıb.
“Avropa Gürcüstanı” partiyasının lideri Qiqa Bokeriya açıq şəkildə bildirir ki, Vaşadze yalan danışır.
“Qirçi” lideri Zurab Caparidze də Facebook-da sual verib:
“Mən “Milli Hərəkat” partiyası sədrinin “Rustavi-2”-də müsahibəsinə baxdım. Mən anlaşılmazlıq və ikiüzlülük vəziyyətində qalmaq niyyətində deyiləm: “Milli Hərəkat” lideri yalan danışır? Hansı danışıqların pozulmasından söhbət gedir? Kim və nə vaxt bunu pozub? Hansı səbəblə?”.
Bütün bu olaylar müxalifətin həmrəyliyinə dair ictimai bəyanlara rəğmən müxalifət daxilində müəyyən ziddiyyətlərin olduğundan xəbər verir. Müxalifət bu problemlərin öhdəsindən gələ və birliyi qoruya biləcəkmi – seçkiləri saxtlaşdırılmış hesab edən bugünkü seçicilər üçün əsas suallardan biri budur.
Pompeonun səfəri
ABŞ-ın dövlət katibi Mayk Pompeo noyabrın 17-də Gürcüstana səfər edəcək.
Əvvəlcədən tərtib olunmuş görüşlər siyahısına müxalifət liderləri ilə görüş daxil deyil, baxmayaraq ki, müxalifət bu görüşü tələb edir və bu haqda ABŞ səfiri Kelli Deqnanla görüşdə də xatırladılıb.
Siyasi ekspertlər bunun son bir ildə ikinci dəfədir ki, Gürcüstan siyasi böhranla qarşılaşır və qarşı-qarşıya duran tərəflər xarici vasitəçilər olmadan danışıqlar apara bilmirlər.
Bu böhranlardan digəri də parlament seçkiləri ilə bağlı idi – müxalifət bir neçə ay ərzində seçki sisteminin dəyişdirilməsi tələbi ilə mütəmadi küçə mitinqləri keçirmişdi. Prosesə xarici diplomatlar müdaxilə edəndən sonra hökumət güzəştə getməli olmuşdu.
Buna görə də Mayk Pompeonun səfəri hazırkı siyasi böhranın çözümü üçün həlledici rol oynaya bilər.