Gürcüstan sakinləri kimə etimad göstərirlər? NDI-nin hesabatından əsas rəqəmlər
Milli demokratiya institutunun (NDI) və CRRC-Gürcüstanın tədqiqatının nəticələrinə əsasən, rəyi soruşulanların əksəriyyəti – 60 faiz – hökumətin fəaliyyətini mənfi qiymətləndirirlər.
Ötən ilin dekabr ayı ilə müqayisədə – o zaman hökumətin işi 48 faizin xoşuna gəlmirdi – bu göstərici 12 faiz artıb. Digər dövlət idarələrinə və liderlərə münasibətdə də etimad azalıb.
•Gürcüstanın yeni prezidenti – Salome Zurabişvili kimdir
•Əhalinin yarısı kommunal xərcləri ödəmək iqtidarında deyil. Gürcüstanda necə yaşayırlar?
Ən vacib rəqəmləri diqqətinizə çatdırırıq:
* Nəzərə alın ki, tədqiqat çərçivəsində sorğu 13-29 iyul 2019-cu il tarixlərində, hökumətdə baş vermiş dəyişikliklərə qədər keçirilib.
Lider kimdir?
Siyasi liderlərin reytinqində ən məşhur şəxs Tbilisinin meri Kaxi Kaladze olub. Onun fəaliyyyəti rəyi soruşulanların daha böyük hissəsinin (45 faiz) xoşuna gəlir.
Cəmi 10 ay bundan əvvəl seçilmiş prezident Salome Zurabişvilinin fəaliyyətini sorğu iştirakçılarının 40 faizi pis və çox pis olaraq qiymətləndiriblər. Yalnız 12 faiz prezidentin işini müsbət dəyərləndirib.
O ki qaldı parlamentin sədri Arçil Talakvadzeyə, sorğu keçirilən vaxt o, bu vəzifəyə yenicə təyin edilmişdi. Həmin vaxt o, elə də çox populyar deyildi – rəyi soruşulanların əksəriyyətinin onun fəaliyyəti barədə anlayışı yox idi. 35 faiz bildirib ki, Talakvadzenin nə etdiyindən xəbərləri yoxdur.
Sorğunun keçirildiyi vaxt baş nazir Mamuka Baxtadze idi. Beləliklə, tədqiqatda yeni baş nazir Giorgi Qaxarianın fəaliyyəti haqqında məlumat yoxdur.
Əvəzində, tədqiqatdan görünür ki, istefa anına qədər Baxtadzenin işini əhalinin çox hissəsi nə yaxşı, nə də pis olaraq qiymətləndirməyib – orta mövqedə olanlar 34 faiz təşkil edib. Onun fəaliyyətini müsbət kimi yalnız 12 faiz, mənfi kimi isə 29 faiz dəyərləndirib.
Kilsə birinci yerdədir
Əvvəlki kimi kilsə liderdir.
Əhalinin 64 faizi bu institutun fəaliyyətini müsbət qiymətləndirir. 20 faiz onu orta adlandırır. Rəyi soruşulanların yalnız beş faizi bunu mənfi olaraq qəbul edirlər.
İnstitutlar arasında sonuncu yeri parlament tutur. Onun işi əhalinin 42 faizinin xoşuna gəlmir. Yalnız səkkiz faiz bundan razıdır. Bu gün parlamentin reytinqi son yeddi il ərzində ən aşağı səviyyədədir.
Etimad reytinqində kilsəyə ən ciddi rəqabəti ədliyyə evləri nümayiş etdirir. Sorğuda iştirak edənlərin 57 faizi əsas konsepsiyalarının yüzlərlə dövlət xidmətinin bir binada cəmləşdirilməsi olan bu qurumların işini müsbət dəyərləndirir.
Ənənəvi olaraq insanlar Gürcüstan ordusuna müsbət (53 faiz) yanaşırlar.
O ki qaldı polisə, rəyi soruşulanların 42 faizi onun işindən razıdır, 14 faiz narazıdır, 37 faiz isə orta kimi qiymətləndirirlər.
Xalq müdafiəçisi aparatına məhkəmədən daha çox (25 faiz) etimad göstərirlər. 37 faiz məhkəmələrin işini pis və çox pis kimi qiymətləndirib. Yalnız 10 faiz əmindir ki, məhkəmələr yaxşı işləyir. Prokurorluğun işi yalnız 12 faizin xoşuna gəlir. 27 faiz isə bunu mənfi dəyərləndirir.
Siyasi partiyalar
Sabah seçki keçirilsəydi, “Gürcü arzusu” partiyasını sorğuda iştirak edənlərin 20 faizi dəstəkləyərdi. “Vahid Milli hərəkat”ı doqquz faiz, Rusiya yönümlü “Vətənpərvərlər alyansı”nı və “Avropa Gürcüstanı”nı hərəsinə dörd faiz dəstəkləyirlər.
26 faiz deyir ki, kimə səs verəcəklərini bilmirlər, 19 faiz isə heç bir partiyaya səs verməzdi.
Bununla birlikdə, rəyi soruşulanların çoxu (45 faiz) deyir ki, partiyalardan heç biri onların baxışlarına uyğun deyil.
Əgər sabah parlament seçkiləri keçirilsəydi, siz seçkidə iştirak edərdinizmi sualına sorğuda iştirak edənlərin 41 faizi yox cavabı verib.
Əgər seçkidə iştirak etmək lazım gəlsəydi, əksəriyyət (57 faiz) kimə səs verəcəyini müəyyən etməyib.
Sorğu keçirilən vaxt Mamuka Xazaradzenin siyasi hərəkatı hələ təsis edilməmişdi və müvafiq olaraq, sorğu siyahısında onun adı yox idi.
20 iyun
Rəyi soruşulanların 43 faizinin fikrincə, 20 iyun hadisələrinə görə məsuliyyət hakimiyyətin üzərinə düşür. Əksəriyyət (68 faiz) həmçinin hesab edir ki, aksiyanı dağıdarkən hakimiyyət öz səlahiyyətlərini aşıb. 71 faiz düşünür ki, bu dağıdılmaya görə heç kim tələb olunan cəzanı almayıb.
Daxili işlər naziri Qaxaria istefaya getməlidirmi sualına cavabda rəylər müxtəlif olub. 46 faiz hesab edir ki, getməlidir, 39 faiz isə fikirləşir ki, getməməlidir.