Gürcüstanda yiyəsiz heyvanlar: humanizm problemi həll etmir?
Gürcüstanın iri şəhərlərində küçə heyvanlarını incitmir və təqib etmirlər. Onları müalicə və sterilizə edirlər. Bu, çoxalmaya nəzarətin ən populyar və humanist yoludur. Amma problem həll olunmur – küçə heyvanları azalmır və bunun öz səbəbləri var.
Koronavirus epidamiyası ilə bağlı Gürcüstanda fövqaladə vəziyyət elan olunub. Demək olar ki, heç yer işləmir, camaat da əsasən evində oturur.
Gürcüstanda əksər kafe və ya restoranların hər gün yedizdirdiyi öz “küçə iti” varıydı. İndi isə həmin kafe və restoranlar bağlıdır.
Heyvanların tullantıları ilə qidalana biləcəyi aqrar bazarlar da bağlanıb.
Tbilisidəki itlərlə selfi çəkdirməyi sevən və onlara dadlı yemək verən turistlər də yoxdur.
Yalan informasiyaların sayəsində isə daha bir problem yaranıb – yeni koronavirusun ev heyvanlarından insana keçə bilməsi ilə bağlı yalan informasiyanın yayıldığına görə, bəzi adamlar öz heyvanlarından imtina edib, onları küçəyə atıb.
“Hər gün sığınacağa çox zayda zənglər daxil olur, ailədən iti götürməyimizi xahiş edirlər, çünki onlar guya koronavirus ötürə bilirlər” – “İtlərin xilası və müdafiəsi assosiasiyasının” rəhbəri, Tbilisidə itlər üçün sığınacağı olan Tamaz Elizbaraşvili deyir.
Gürcüstanda bu fonda özləri təşkilatlanan və küçələrdəki heyvanları yemləyən könüllülər peyda olub. Onlar həm də yem alıb, Tbilisidən kənardakı regionlara göndərmək üçün Facebook vasitəsilə pul da yığırlar.
Karantinlə bağlı işsizliyin fonunda küçədə deyil, evlərdə yaşayan heyvanların da vəziyyəti ağırdır, çünki onların sahiblərinin də çox vaxt yemək almağa pulları olmur.
“Facebook” ac pişik və itlərinin yemlənməsində kömək istəyən insanların xahişləri ilə doludur.
Gürcüstan – küçə itləri üçün cənnət?
Gürcüstanda yiyəsiz heyvanlar çoxdur, bu xüsusilə ölkəyə ilk dəfə gələn turistlərin diqqətini çəkir.
2015-ci ilin məlumatlarına görə, təkcə Tbilisidə artıq 43 min it yaşayırdı.
Bu rəqəmlər ildən ilə artır və sayı azaltmaq mümkün olmur. Gürcüstanda onlara hər yerdə – şəhərlərdə, kəndlərdə, avtomagistrallarda və hətta onları azdırmaq üçün xüsusi olaraq gətirildiyi səhralıqlarda rast gəlmək olar.
Bu küçə itlərindən biri Batumidən olan Kupatadır, it demək olar ki, bütün dünyada məşhurlaşıb, onun hekayəsi beynəlxalq mediada işıqlandırılıb. Batumidən olan ağ-qara it uşaqları çox sevir, hər dəfə onlar yolu piyada keçidindən keçəndə, onları müşayiət edir, maşınları saxlayır və uşaqların təhlükəsiz yolun o biri tərəfinə keçmələrinə nəzarət edir.
İndi bütün şəhər Kupataya yemək gətirir. Batumiyə gələn qonaqlar onunla şəkil çəkdirməyə can atır. Batumi meriyası Kupataya üzərində “Xalqın seçimi” yazısı olan qəşəng yaşıl it evi bağışlayıb, bələdiyyənin evsiz heyvanlara dəstək proqramı isə “Kupatanın proqramı” adlandırılıb.
Amma təbii, bütün itlərin bəxti belə gətirmir. Gürcüstanda ev heyvanlarının vəziyyəti Batimidə ulduza çevirilmiş itin həyatından xeyli daha ağırdır.
Gürcüstanda küçə heyvanlarının çoxalmasına nəzarətlə bir neçə böyük şəhər bələdiyyəsi məşğul olur.
Məsələn, Tbilisidə bu, 2015-ci ildən fəaliyyət göstərən Tbilisi heyvanların monitoringi agentliyidir. Bəzi şəhərlərdə, məsələn, Batumidə bələdiyyə tender elan edir və evsiz heyvanlara qulluq prosesini hər hansı özəl şirkətə həvalə edir.
Sxem aşağıdakı kimidir: evsiz itlər və pişikləri tuturlar, sığınacağa gətirirlər, peyvənd vurur və sterilizə edirlər, onlara baytar müayinə edir və bütün bu prosedurlardan sonra əgər hər şey qaydasındadırsa heyvanı götürdükləri yerə, küçəyə buraxırlar.
İtlərə gəldikdə, onların hər birinin qulağında identifikasiya nömrəsi qeyd olunan birka olmalıdır. Bu, itin sterilizə olunduğu, peyvənd vurulduğunu və deməli ətrafdakılar üçün təhlükəsiz olduğu deməkdir.
Amma bütün bunlar böyük şəhərlərdə baş verir və bütövlükdə problemi həll etmir.
“Gürcüstanın müxtəlif regionlarından sahibsiz itlər paytaxta miqrasiya edir. Ona görə də bütün ölkədə vahid sistem olmalıdır – əgər bütün regionlarda sterilizasiya yoxdursa biz çoxalmanı azalda bilməyəcəyik” – Tbilisi meriyasının heyvanların monitorinqi xidmətinin rəhbəri Vaxtanq Lomdjariya deyir.
Çıxış yolu yeni qanundadır?
“Ev heyvanlarının müdafiəsi, çoxalmaya nəzarət və sosial təminat haqqında orqanik qanun” – Gürcüstan parlamentində irəli sürülmüş qanun lahiyəsi belə adlanır, amma artıq beşinci ildir ki, bu layihə komitələrdə müzakirəyə çıxarılmayıb.
Mütəxəssislərin fikrincə, qanunun beş-altı il sonra qəbulu əsas problemi, yəni ev heyvanlarının çoxalmasını həll edəcək, çünki qanun lahiyəsi ölkə üzrə küçədə tapılmış bütün heyvanları sterilizə etməyi/axtalamağı birbaşa tələb edir.
Ekspertlərin fikrincə, hökumət qanunu ona görə qəbul etməyə tələsmir ki, onu icra etmək üçün resursu yoxdur.
“Əgər qanun qəbul edilsə, hökumət böyük səylə işləməlidir. Layihəyə görə, ev heyvanının idarə olunması kənd təsərrüfatı nazirliyinin funksiyalarına daxil edilməlidir, amma görünən odur ki, nazirlik cavabdehlikdən boyun qaçırır”, – Tinatin Çavçanidze deyir.
Amma qanun layihəsini zoomüdafiəçilər də tənqid edir – ilk növbədə ona görə ki, orada bir kadastr kodunda (bir evdə, bir sahədə) beşdən artıq heyvan saxlamaqla bağlı qadağa nəzərdə tutulub, bu isə özəl sığınacaqların işini xeyli çətinləşdirəcək.
Ekspertlər hesab edir ki, qanun layihəsi ölkədə bir böyük problemin həllində kömək edəcək – Gürcüstan hələ də quduzluğun yayılması riski olan ölkələr sırasındadır.
“Küçədən pişik götürmək dəb halına çevrilib”
2000-ci ildən bu sahədə çalışan Tina Çavçanidze deyir ki, bir çox problemlərə baxmayaraq, vəziyyət yaxşılaşır. Əsas da odur ki, heyvanlara qarşı ictimai fikir dəyişir.
“Son illər ərzində ən çətin şey mentallığı dəyişmək olub. Əvvəllər küçədən it götürmək marginal bir hadisə idi. Əlbəttə hələ də cins itlər almaq populyardır, amma küçədən it və ya metis götürməyin dəb halına çevrilməsinə nail olmuşuq” – Tina Çavçanidze deyir.