Gürcüstanın Xarici İşlər Nazirliyi bir nəfər Rusiya diplomatını “pesona non qrat” elan edib və ona ölkəni tərk etməsi üçün 7 gün vaxt verib.
Bununla Tbilisi “Skripalın işi” üzrə Böyük Britaniya ilə həmrəylik ifadə edib.
“Gürcüstan XİN-i Birləşmiş Krallıq ərazisində kimyəvi silah tətbiq edilməsi, bununla da üç nəfərin səhhətinə ağır zərər dəyməsinə və digər insanların həyatı və sağlamlığı üçün ciddi risk yaranmasına səbəb olması faktını pisləyir. Bu, ümumi təhlükəsizlik üçün ciddi təhdiddir”, – Gürcüstan XİN-in bəyanatında deyilir.
Bəyanatda qeyd olunub ki, “İsveçrənin Gürcüstandakı səfirli yanında Rusiya maraqları seksiyasının” əməkdaşı Gürcüstanı tərk etməlidir.
2008-ci il avqust müharibəsindən sonra Gürcüstan Rusiya ilə diplomatik əlaqələrini kəsib, artıq onuncu ildir ki, Tbilisidə Rusiya səfirliyi fəaliyyət göstərmir.
Rusiya vizalarının verilməsi ilə bağlı ehtiyaclar üçün və digər məsələlərlə əlaqədar İsveçrənin Tbilisidəki səfirliyi yanında Rusiya maraqları seksiyası fəaliyyət göstərir və orada ona qədər Rusiya diplomatı çalışır. Tbilisinin qərarına əsasən, onlardan biri Gürcüstanı tərk etməli olacaq.
Rusiya kəşfiyyatının keçmiş əməkdaşı Sergey Skripal və onun qızı martın 4-də Solsberi şəhərində ticarət mərkəzində zəhərlənib. Hazırda hər ikisi komadadır. Sergey Skripal Rusiyanı 2010-cu ildə tərk edib və Britaniya kəşfiyyatı ilə əməkdaşlığa başlayıb.
Böyük Britaniyanın baş naziri Tereza Mey bəyan edib ki, böyük ehtimalla Skripal Rusiya hakimiyyətinin sifarişi ilə zəhərlənib. Böyük Britaniya Rusiyanın 23 diplomatını ölkədən çıxarıb və digər ölkələri də eyni qərarı verməyə çağırıb.
Rusiya sui-qəsdlə bağlı hər hansı əlaqəsinin olduğunu inkar edir.
Skripalların zəhərlənməsi İkinci Dünya Müharibəsindən sonra Avropa ərazisində kütləvi qırğın silahının tətbiq edildiyi ilk hadisədir.
Skripalları istehsalı Sovet İttifaqında başlayan və Rusiyada davam etdirilən sinirləri iflic edən “Noviçok” maddəsi ilə zəhərləyiblər.