Gürcüstan quru sərhədlərini açır. Xarici qonaqlar üçün ətraflı bələdçi
İyunun 1-dən Gürcüstan bir il əvvəl 2020-ci il martın 15-də koronavirus pandemiyasına görə bağlanan quru sərhədini açacaq.
Bu o deməkdir ki, iyunun 1-dən xarici qonaqlar, o cümlədən də əvvəllər ancaq hava yolu ilə gələn turistlər Ölkə ərazisinə quru yolu ilə gələ biləcək.
Ağır böhran içində olan turizm industriyası çoxdan quru sərhədlərinin açılmasını tələb edir, çünki turistlərin əksəriyyəti Gürcüstana quru sərhədlərindən keçərək gəlir.
JAMnews ölkəyə quru yolu ilə gəlmək istəyənlərin hansı konkret qaydalara və şərtlərə əməl etməli olduqlarını araşdırıb və müəyyən edib:
İyunun 1-ə üç gün qalmış xarici qonaqların Gürcüstana quru yolu ilə gəlməsi haqda heç bir informasiya və protokol yoxdur.
Biz üç müxtəlif qurumla əlaqə saxladıq – hökumətin “qaynar xətti” (144), Xarici İşlər Nazirliyinin “qaynar xətti” və sərhəd polisinin “qaynar xətti” ilə. Üç yerin hərəsində bizə müxtəlif informasiya təqdim etdilər.
Hazırda biz nə bilirik:
Sərhədi keçərkən hansı sənədlərə ehtiyac var?
Ölkəyə giriş qaydaları peyvənd vurulanlar və vurulmayanlar üçün müxtəlifdir.
Peyvənd vurdurmuş qonaqlar üçün:
Peyvənd vurulmuş qonaqlar – tam vaksinasiyanı təsdiqləyən sənədə, yəni Kovid-pasporta sahib olan şəxslərdir.
Amma Gürcüstan gömrükçüsünün bu sənədi tanıması üçün ingilis və ya gürcü dilində olmalıdır (sərhəd polisindən bildiriblər ki, sənəd rus dilində də ola bilər). Əgər sənədin orijinalı başqa dildədirsə, onu ölkəyə gəlməzdən əvvəl tərcümə elətdirib, notarial qaydada təsdiqlətmək lazımdır.
Amma Gürcüstana gəlmək üçün bir Kovid-pasport yetərli deyil.
Bu sənədlə yanaşı qonaqlar son 72 saat ərzində mənfi nəticə vermiş PCR analizi haqda arayışa da sahib olmalıdırlar.
Qonaq bu sənədləri sərhəddə təqdim etdiyi zaman o, başqa heç bir şərtə əməl etməli olmayacaq – nə karantin, nə özünütəcrid.
Peyvənd vurdurmamış qonaqlar:
Vaksinasiyadan keçməmiş insanlar da Gürcüstana gələ biləcək, amma onlar çox sayda şərtlərə əməl etməli olacaqlar.
Quru yolu ilə ölkəyə gəlmək istəyən vaksinasiyadan keçməmiş şəxs ölkəyə gələndən bir neçə gün əvvəl qeydiyyatdan keçməlidir.
Bu linkdə (stopcov.ge əlavəsində) qeydiyyatdan keçmək mümkündür. Sərhəd polisinin qaynar xəttindən bildirdilər ki, vaksinasiyadan keçmiş şəxslərin də bu cür qeydiyyatdan keçməsinə ehtiyac var. Hökumətin 144 qaynar xətt nömrəsindən isə dedilər ki, vaksinasiyadan keçənlərin qeydiyyata ehtiyacı yoxdur.
Qeydiyyatdan keçəndən sonra şəxslərə kod veriləcək və onlar bu kodu mütləq sərhəddə göstərməli olacaqlar.
Bu koddan başqa, peyvənd vurulmamış qonağın son 72 saat ərzində mənfi nəticəli PCR testi olmalıdır. Bununla ona ölkəyə girməyə icazə veriləcək, hərçənd bu qonaq ölkədə növbəti 72 saat ərzində yenidən test verməli olacaq. O bu testi öz hesabına verir və harada analiz verə biləcəyini özü aydınlaşdırmalıdır. Gürcüstanda PCR testin qiyməti 20 dollardan 50 dollara qədərdir.
Ölkəyə girişindən növbəti testi verənə qədərki dövrdə qonaq azad şəkildə ölkədə hərəkət edir, nə karantin, nə də özünütəcrid rejiminə əəl etməyə borclu deyil.
Amma bununla yanaşı o, özü ilə mənfi nəticəli PCR testini də gəzdirməlidir. Əks halda 2 min lari (600 doollara yaxın) həcmində cərimə olunacaq. Bu sənəd mütləq ölkəyə giriş zamanı da lazım olacaq.
Gürcüstan hökuməti yanında Qurumlararası Koordinasiya Şurasının aparat rəhbəri Giorgi Qibradzenin sözlərinə görə, Gürcüstan həmçinin bütün qonaqlara tövsiyə edir ki, COVID-19 xəstəliyinin müalicəsilə bağlı bütün xərcləri ödəyən tibbi sığorta da əldə etdinlər. Amma bu tövsiyə mütləq xarakter daşımır.
Hansı ölkələrin vətəndaşları Gürcüstanın quru sərhədindən keçə bilər?
Bütün ölkələrin tam vaksinasiyadan keçmiş vətəndaşları Gürcüstana gələ bilər.
Peyvənd vurdurmamış vətəndaşlara gəlincə, ölkələr üzrə məhdudiyyətlər var.
Məsələn, peyvənd vurdurmamış Nigeriya və ya Hindistan vətəndaşları əgər işgüzar dəvət üzrə gəlmirsə və ya Gürcüstan vətəndaşı ilə nikahda deyilsə, Gürcüstanın quru sərhədindən istifadə edə bilməz.
Ancaq Gürcüstanla sadələşdirilmiş hərəkət rejimi olan ölkələrin peyvənd vurdurmamış vətəndaşları Gürcüstana quru yolu ilə gələ biləcək.
Gürcüstanın Aİ üzvü olan ölkələrlə, o cümlədən də bütün qonşu ölkələrlə, ABŞ, Böyük Britaniya, Ukrayna, Belarus, Moldova və digərləri ilə arasında bu rejim mövcuddur.
Əlavə informasiyanı haradan tapa bilərəm?
COVİD-19 pandemiyası zamanı əhaliyə kömək üçün yaradılmış Gürcüstan hökumətinin 144 qaynar xəttindən bizə bildirdilər ki, onlar əcnəbilərin Gürcüstana gəliş qaydaları haqda ətraflı məlumat oxuya biləcəyi link və ya sayt deyə bilmirlər.
Qaynar xəddə qeyd ediblər ki, ölkəyə sadələşdirilmiş giriş qaydaları 322-ci qətnamənin 164-cü sərəncamında qeyd olunub.
Hər iki istinad gürcü dilindədir və hüquqi dildə yazılıb, nəinki əcnəbilər, elə sadə gürcülər də onları anlamaqda çətinlik çəkə bilərlər.
Qaynar xəttən həmçinin bildirdilər ki, onlara xaricdən zəng vurmaq mümkün deyil.
JAMnews hökumətin stopcov.ge saytında ölkəyə giriş qaydaları haqda ingilis dilində məlumat tapmağa çalışıb, amma tapa bilməyib.
Gürcüstanın Xarici İşlər Nazirliyinin qaynar xəttinə vətəndaş kimi zəng vurub, informasiya almaq istədiyimiz zaman bizə bildirdilər ki, quru sərhədləri iyunun 1-də açılacaq (yəni üç gün sonra) və onlarda yeni qaydalar haqda informasiya yoxdur. Bizi Gürcüstanın sərhəd xidmətinə yönləndirdilər.
“Ümumiyyətlə Gürcüstana gəlmək istəyən istənilən şəxs saytda, Covid-19 bölməsində informasiya ala bilər”, – nazirliyin qaynar xəttindən bildirdilər. Bu bölmədə quru sərhədi ilə ölkəyə giriş qaydaları hələ yenilənməyib.
Koronavirus pandemiyasına görə Gürcüstan qurusərhədini bir il əvvəl, 2020-ci il martın 15-də bağlayıb. Bağlı sərhədlər turizm sahəsində çalışanlar üçün əsas problemlərdən biri hesab olunurdu, çünki turistlərin əksəriyyəti Gürcüstana quru sərhədi ilə gəlir.
Ağır böhran içində olan turizm sektoru çoxdan digər məhdudiyyətlərin yumşaldılması ilə yanaşı quru sərhədlərinin açılmasını tələb edir.
“Gürcüstan pandemiya zamanı sərhədlərini açan ilk ölkələrdən biridir”, – Gürcüstanın iqtisadiyyat nazirinin müavini Mariam Kvrivişvili mayın 27-də Gürcüstana gəlmiş turizm sektoru nümayəndələrinin, yəni inflyuenserlərin dəvət olunduğu Şato-Muxtranidə görüşü zamanı bildirib. O əlavə edib ki, bu, turizm sektoruna sürətlə bərpa olunmağa kömək edəcək.
Turizm sahəsinin işçiləri deyirlər ki, hələlik yay mövsümündə turizmin hansı perspektivlərinin olduğu aydın deyil.
Hazırkı mərhələdə Gürcüstanda vaksinasiya səviyyəsi hələ də aşağı səviyyədədir (bu da turizm sektorunda həlledici amil hesab olunur). Mayın 28-ə olan məlumata əsasən, ölkədə sutka ərzində 1056 koronavirusa yoluxma halı qeydə alınıb, 28 nəfər ölüb.