Gürcüstan prezidentinin Cavaxetiya regionunda erməni icması ilə iki günü
Balıq fermasını ziyarət; gürcü dilini bilməyin önəmi, eyni zamanda Gürcüstan və Ermənistan vətəndaşı olmağın mümkünlüyü haqda müzakirələr; rəssamlıq məktəbində dərs; Surb Xaç kilsəsində dua – bunlar Gürcüstan prezidenti Salome Zurabişvlinin ölkənin Samtsxe-Cavaxeti yüksək dağlıq regionuna iki günlük səfərinin əsas məqamlarıdır.
Zurabişvili erməni icmasının kompakt yaşadığı Axalkalaki və Ninotsminda rayonlarında olub və bu, onun prezident seçiləndən sonra həmin regiona ilk səfəridir.
Bundan əvvəl Salome Zurabişvili buraya 2018-ci ilin oktyabrında gəlib, o zaman o, hələ prezidentliyə namizəd statusunda idi. Həmin vaxt onun erməni əhali ilə görüşün gedişatında səsləndirdiyi bəyanatlar Tbilisidə çox sayda qəzəbli şərhlərə səbəb olmuşdu. Yerli erməni əhalisini dəstəkləmək niyyəti ilə gələcək prezident türklər haqda qeyri-etik bəyanlara yol vermişdi.
•Seçicilərlə görüşdən sonra Gürcüstan prezidentliyinə namizədi necə ksenofobiyada günahlandırdılar?
• Salome Zurabişvili – Gürcüstanın yeni prezidenti kimdir?
Salome Zurabişvilinin səfəri aprelin 13-də regionda məşhur olan “Forel” balıqçılıq təsərrüfatını ziyarətdən başlayıb. Təsərrüfatın sahibi biznesmen Armen Xaçatryan balıq yetişdirilməsi prosesinin necə qurulduğunu əyani şəkildə prezidentə göstərib, onu və bütün qonaqları alabalıq və kürü dequstasiyasına dəvət edib.
Gürcü dili və ikili vətəndaşlıq
Səfərin ikinci günü gürcü dilinə həsr olunub. Zurabişvili yerli gürcü məktəbini və rəssamlıq məktədini ziyarət edib, orada region sakinləri üçün dövlət dili kimi gürcü dilini bilməyin necə önəmli olduğu haqda danışıb.
“Dil münasibətlərdə, mədəniyyətdə, dövlətin güclənməsi üçün əsas qapıdır. Mən gürcü dilinin bu ölkədə həqiqətən də dövlət dili, bütün vətəndaşların ortaq dili olmasına görə məsulam”, – Salome Zurabişvili bildirib
•Gürcüstanda erməni dili: bu dilin dövlət dili statusu almasının “tərəfdarları” və “əleyhdarları”
Prezident həmçinin 2018-ci ilin yayında qəbul edilmiş, itirilmiş Gürcüstan vətəndaşlığının bərpasına imkan verən mühüm qanunvericilik dəyişikliyi haqda da xatırladıb və bildirib ki, “dövlət əhalinin xahişinə müsbət cavab verib və əhalidən də qarşılıqlı addımlar gözləyir, əsasən də gürcü dilinə münasibətdə”.
Minlərlə yerli sakin üçün bu dəyişikliklər çox mürəkkəb vəziyyətdən çıxış yolu olub. Yüksək işsizlik səviyyəsi yerli sakinləri dolanışıq üçün Rusiyaya getməyə vadar edir və onlar orada Rusiya vətəndaşlığını qəbul edirlər. Həmçinin tarixi vətənləri kimi Ermənistan vətəndaşlığını qəbul edənlər də çoxdur.
Amma Gürcüstanda ikili vətəndaşlıq qadağandır – buna görə də bu insanların hamısı nəticədə Gürcüstan vətəndaşlığını itirib.
Qanuna edilən dəyişiklik digər ölkənin vətəndaşlığını itirmədən Gürcüstan vətəndaşlığını bərpa etməyə imkan verir.
“Mənim böyük istəyim var ki, hamı [Cavaxetiya sakinləri] Gürcüstanın tamhüquqlu vətəndaşları olsun. Amma bunun üçün sizin də bir addım atmanız vacibdir ki, vətəndaşlığın bərpası üçün lazım olan bu kiçik imtahanı verə biləcək qədər gürcü dilini öyrənəsiz. Bu, mahiyyət etibarilə rəmzi bir testdir, amma böyük anlamı var”, – Zurabişvili deyib.
Prezident bildirib ki, “dövlət gürcü dilini hamı üçün, ilk növbədə də uşaqlar üçün əlçatımlı etməkdən ötrü səylərini əsirgəməyəcək”. O deyib ki, atılacaq addımlardan biri Axalkalakidə gürcü dilində bağçanın açılması olacaq.
Salome Zurabişvili regionda populyar olan Surb Xaç kilsəsini də ziyarət edib və kilsə rəhbəri Ter Yeqişe Harutunyanla görüşüb.
Geriyə dönərkən, prezident Poka kəndindəki Müqəddəs Nina monastırında bir müddət vaxt keçirib.