Gürcüstan prezidentinin əfv etdiyi kişi 25 yaşlı ögey qızını amansızlıqla qətlə yetirib
Gürcüstan prezidenti zorakılıq əməlləri törətdiyinə görə məhkum olunan şəxslərin əfv aktını müvəqqəti olaraq dayandırıb. Bu haqda Giorgi Marqvelaşvili özü Barnova küçəsində baş verən qətllə bağlı brifinqdə bəyan edib.
Aprelin 13-də Tbilisidə Barnova küçəsində 25 yaşlı Tamar Qamrekelaşvili iki azyaşlı övladlarının gözü qarşısında boğazı kəsilərək qətl edilib. Polis artıq şübhəlini saxlayıb. Bu, 1972-ci il təvəllüdlü Vepxia Bakradzedir – öldürülən qadının anasının keçmiş əri.
Qətldə ailə zorakılığının əlamətləri var. Məlum olub ki, 2015-ci ildə Bakradze öz arvadına (Qamrekelaşvilinin anasına) qarşı zorakılıq əməlləri törətdiyi üçün məhkum olunub, amma bir neçə ay əvvəl prezident tərəfindən əfv olunub və azadlığa çıxıb.
__________________________
Prezident niyə ailədaxili zoxakılığa görə məhkum olunan şəxsi əfv edib?
Bu, Barnova küçəsindəki dəhşətli qətldən sarsılan cəmiyyətin verdiyi əsas sualdır. Öz arvadına qarşı zorakılıq əməlləri törətdiyi üçün cəza çəkən birini əfv etdiyi üçün prezidenti yekdilliklə həm iqtidar partiyası, həm müxalifət, həm də güc strukturlarının nümayəndələri tənqid edib.
Prezident Qadınlar Hərəkatı, vətəndaş cəmiyyəti fəalları və sadə Facebook istifadəçilərindən də nəsibini alıb. Marqvelaşvili bütün tənqidlərə hadisədən üç gün sonra, bazar ertəsi keçirilən xüsusi brifinqdə cavab verib və bildirib ki, ictimaiyyətin sualları “tam legitimdir”.
Prezidentin sözlərinə görə, islah müəssisəsindən alınan sənədlərdə Bakradze həm psixoloq, həm də administrasiya tərəfindən müsbət xarakterizə olunub. Əfv zamanı Vepxia Bakradzenin öz günahını qəbul etməsi, peşman olduğunu bildirməsi, dörd uşaq atası olması, ailəsinin onun azad edilməsini istəməsi də nəzərə alınıb.
Giorgi Marqvelaşvili vurğulayıb ki, komissiya ona Bakradzenin tam azad edilməsi xahişi ilə müraciət edib, o isə sadəcə cəza müddətini yarıya endirib.
“Mən bunu etməsəydim də, cəzasının 6-7 ayını qısaltmasaydım da, Bakradze onsuz da hökmdə nəzərdə tutulan cəzanı sona qədər çəkəndən sonra artıq azadlıqda olacaqdı”, – Giorgi Marqvelaşvili bildirib.
“Bütün bunlara baxmayaraq… belə bir cinayətə qadir olan insanı əfv etmək üçün bizdə motivasiya yaranmasını çox ağrılı və ağır qəbul edirik”, – Marqvelaşvili vurğulayıb.
Gələcəkdə yanlışlardan qaçmaq üçün prezident bildirib ki, o, zorakılıq əməllərinə görə məhkum edilən şəxslərə münasibətdə əfv aktnı müvəqqəti dayandırmaq haqda qərar qəbul edib.
“Bu prosesi dayandırıram, hələlik prosesin bütün aktorları ilə konsultasiyalar aparılacaq… O cümlədən də zorakılıq problemləri, qadınlara qarşı zorakılıq üzrə ixtisaslaşmış qruplarla, bəlkə onlar bizə konkret məsləhətlər və tövsiyələr verə bilər. Yalnız bundan sonra komissiya zorkılıq cinayətləri istiqamətində qərar qəbul edilməsi üzrə işi bərpa edəcək”, – Giorgi Margvelaşvili deyib.
Barnova küçəsində qətl
Aprelin 13-də törədilən cinayətin iki şahidi var – Tamar Qamrekelaşvilinin uşaqları, onlardan biri 6, ikincisi isə 3 yaşındadır.
Mərhumənin ailə üzvləri bildirirlər ki, həbsdə olduğu zaman da, azad ediləndən sonra da Bakradze keçmiş arvadını təhdid edib – o, qadını övladlarını öldürməklə şantaj edərək onunla barışmağını tələb edirmiş.
“Mən daima həm fiziki, həm də psixoloji zorakılığın təzyiqi altında yaşayırdım. Fevralın sonunda o məni evin yanında pusub, zorla maşına mindirdi. Kumisidə öz evinə apardı. Yol boyu bıçaqla təhdid edirdi. Artıq Kumisiyə çatanda, evdə məni zəncirləyib, iki həftə çölə buraxmadı. Mən yenə də onunla barışmağa razı olmayanadan sonra ya məni, ya da qızımı öldürəcəyi ilə təhdid elədi. Həmin gün mən Tamarla polisə getmişdim. Sonra o, uşaqların dalınca bağçaya getdi. Çox ağır hiss vardı içimdə. Başladım onun [qızının – red.] mobilinə zəng vurmağa. Cavab vermirdi… Sonra birdən o [Bakradze – red.], cavab verdi, gülərək dedi ki, “Sənin qızın artıq məzardadır”. Evlərinə qaçdım… uşaqları gördüm, analarının qanına bulaşmış vəziyyətdə”, – mərhumənin anası Natiya Kobadze “Interpress” agentliyinə danışıb.
Bakradzeyə bir ailə üzvünün digərini xüsusu amasızlıqla qətlə yetirməsini nəzərdə tutan 109.11-ci maddənin 3-cü hissəsinin “B” bəndi ilə ittiham irəli sürülüb. Bu cinayət 16 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Qadınlar Hərəkatı və müxalifət qanunvericiliyə dəyişiklik tələb edir
Ombusmenin 2017-ci il hesabatına əsasən, son üç ildə Gürcüstanda ailədaxili zorakılıq nəticəsində 40 qadın öldürülüb.
Barnova küçəsindəki qətl ola bilər ki, qanunvericiliyə dəyişikliklərin edilməsi üçün səbəb olsun.
Qadınlar Hərəkatı xüsusi petisiya yayıb, onlar son zamalar sayı kəskin artan qadınlara qarşı zorakı əməllərə görə cəzanın sərtləşdirilməsini istəyirlər.
“Bu qətllər adi qətllər deyil. Qadınları məhz qadın olduqları üçün öldürürlər – bu cür cinayətlər “femisid” adlanır… Femisid özü özlüyündə dsikriminasiya ilə bağlı olan kriminal cinayətdir, bu, qadınların zənn edilən qadınlıq vəzifəsini yerinə yetirmədiyi üçün ölümlə cəzalandırılmasıdır”, – Qadınlar Hərəkatının petisiyasında deyilir.
Petisiyada ölkə parlamentinə irəli sürülən əsas tələb Gürcüstanın Cinayət Məcəlləsinə dəyişiklik olunması və femisidin qadağan edilməsi ilə bağlı xüsusi maddənin daxil edilməsidir.
“Ya gender əlamətinə görə qətllərə ağırlaşdırıcı şərtlər kimi baxılmalı və 13 ildən 20 ilə qədər cəzalandırılmalıdır. İstintaq başqa ağırlaşdırıcı şərtlər də üzə çıxardıqda isə cani haqqında ömürlük azadlıqdan məhrumetmə hökmü çıxarılmalıdır”, – petisiyada deyilir.
Petisiyada həmçinin Gürcüstan prezidentinə femisidlə bağlı olan və ya digər gender əlamətli cinayətlər törədən cinayətkarlara qarşı əfv etmək hüququndan yararlanmamaq təklif olunur.
Dəyişikliklər edilməsi tələbi ilə müxalif “Avropa Gürcüstanı” partiyası da çıxış edib. Partiyanın təşəbbüsü ilə ailədaxili zorakılıq halında, polis həbs orderinə ehtiyac duyduğunda cinayət törətməkdə şübhəli bilinən şəxs 48 saat müddətinə saxlanılmalıdır.
“Bu cür saxlama böhranlı saatlarda münaqişənin deeskalasiyası üçün lazımdır. Bu zaman hüquq-mühafizə orqanları əməkdaşlarının da cinayətin dəlil-sübutunu axtarması, işin müvafiq kvalifikasiyası üçün vaxtı yaranmış olacaq, qurban isə cinayətkar tərəfindən heç bir təzyiqə məruz qalmadan ifadə verə biləcək”, – “Avropa Gürcüstanı” partiyasının nümayəndələri bildirir.
2017-ci ildə Gürcüstan rəsmən Avropa Şurasının qadınlara münasibətdə və ailədaxili zorakılığa qarşı konvensiyasına qoşulub. Bu o deməkdir ki, Gürcüstan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli və qadınlara qarşı törədilən, yaxud ailədaxili zorakılıqla əlaqəli olan əməlləri kriminallaşdırmalıdır.
Konvensiyaya əsasən, psixoloji və fiziki zorakılıq, seksual zorakılıq, cinsi orqanların şikəst edilməsi, evliliyə məcbur etmə, zorakı abort, sterilizasiya kimi əməllər kriminallaşdırılmalıdır.