Gürcüstan prezidenti nə dedi? Marqvelaşvilinin parlament qarşısında hesabatından ən önəmli hissələr
Gürcüstan prezidenti Georgi Marqvelaşvili bu gün Gürcüstan parlamenti qarşısında illik hesabatla çıxış edib. Bu, Marqvelaşvilinin sonuncu bu cür çıxışıdır, çünki 2018-ci ildə Gürcüstanda yeni prezident seçiləcək.
Prezidentin çıxışı 40 dəqiqə sürüb. Onun sözlərinə görə, ölkədə hələ də işsizlik yüksək səviyyədədir, məhkəmə siyasiləşib, siyasi sinif mövcud deyil, media stress rejimində çalışır, islahatlar isə aparılmır.
Hökumət prezidentin çıxışını populist hesab edib, müxalifət isə əmindir ki, o bir çox mövzulara toxunmayıb və çox “yumşaq” danışıb.
_________________________
“Biz çoxluğun işsiz olduğu ölkədə yaşayırıq”
Marqvelaşvilinin sözlərinə görə, o, rəsmi statistikaya etibar etmir və hesab edir ki, bu gün Gürcüstan sakinlərinin əksəriyyəti işsizdir və onların soyuducuları boşdur.
O, həmçinin təhlükəsiz olmayan əmək şəraiti haqda da danışıb:
“Bu gün məşğulluqla bağlı vəziyyət elədir ki, vətəndaşlarımız işdə həyatlarını riskə atmağa hazırdır, təki bu işdən məhrum olmasınlar. Bəziləri həqiqətən ölüm təhdidi olan işə gedirlər. Və mən təhlükəsizlik haqda danışmıram, məşğulluq haqda danışıraam”, – Marqvelaşvili deyib.
“Məhkəmə və güc strukturları siyasiləşib”
Prezidentin fikrincə, Gürcüstanda hüquq-mühafizə orqanları və məhkəmə siyasi asılı vəziyyətdədir.
Prezident vurğulayıb ki, zamanında “Gürcü arzusunun” araşdıracağına dair söz verdiyi bəzi “səs-küylü işlər” indiyə qədər sona çatdırılmayıb. Misal olaraq o, 2005-ci ildə Gürcüstanın baş naziri Zurab Jvaniyanın, 1993-cü ildə prezident Zviad Qamsaxurdianın ölüm işlərini göstərib. Bundan başqa, Marqvelaşvili 2012-ci ildə parlament seçkiləri gecəsi səkkiz aylıq Barbara Rafalyantsın ölümünü (o zaman “Gürcü arzusu” partiyasının liderləri uşağın ölümündə Saakaşvili tərəfdarlarını günahlandırmışdılar), o cümlədən də 2017-ci ilin mayında azərbaycanlı müxalif jurnalist Əfqan Muxtarlının Tbilisidən yoxa çıxmasını xatırladıb. Marqvelaşvili bildirib ki, o, bu işlərin araşdırılacağına ümid etmir, çünki hüquq-mühafizə orqanlarında hələ də “şübhəli reputasiyaya malik köhnə kadrlar” qalmaqdadır.
Onun sözlərinə görə, “Gürcü arzusu” məhkəmə islahatını qeyri-müəyyən müddətə təxirə salaraq, hələ də islahatlara başlamayıb.
“Məhkəmə sistemində islahatlar həqiqətən də çox mürəkkəbdir və bir gündə bunu eləmək mümkün deyil. Amma orada dəyişikliklərin edilməsi bizim ümumi borcumuz idi”, – prezident deyib.
Rusiya – təhlükə
Prezidentin sözlərinə görə, Rusiya “öz inkişafının aqressiv fazasındadır” və Gürcüstanın seçdiyi “strateji gözləmə” siyasəti bu mərhələdə doğru və adekvat seçimdir.
“Əsas hədəflərdən biri təxribata uymamaq və Rusiyaya ölkəmizə qarşı güc tətbiq etmək fürsəti verməməkdir”, – Marqvelaşvili qeyd edib.
O həmçinin bildirib ki, Rusiya təhlükə kimi Gürcüstanda hələ “yetəri qədər dərk edilmir”. Buna misal olaraq o, Təhlükəsizlik Şurasının ləğvini göstərib. Onun sözlərinə görə, bu qərar siyasi olub, çünki iqtidar partiyası prezident institutu ilə münaqişəyə girib. [Prezident yanında Milli Təhlükəsizlik Şurası konstitusiya dəyişikliyinə əsasən ləğv edilib — JAMnews].
“Media problemlərlə üzləşir”
Gürcüstan prezidentinin fikrincə, əvvəlki hakimiyyətdən fərqli olaraq, hazırkı hakimiyyət mediaya qarşı güc tətbiq etmir. Amma onlara ciddi problemlər yaradır.
“Media nümayəndələrindən soruşun – onlar stress rejimində, onları daha hansı çətinliklərin gözlədiyi rejimində çalışırlar”, – Marqvelaşvili deyib.
“Gürcüstanda siyasi sinif yoxa çıxıb”
Prezident Marqvelaşvili hesab edir ki, 2016-cı il seçkilərində hakimiyyət bilərəkdən siyasi sinfi məhv etdi və siyasi müxalifəti zəiflətdi.
Onun sözlərinə görə, son illərdə hakimiyyətin obrazı dəyişib, o, artıq vətəndaşların qorxduğu “təcavüzkar deyil”, amma bütün bu müddət ərzində siyasi müxalifətin güclənməsinə xidmət edən bircə qanun belə qəbul edilməyib, heç bir islahat aparılmayıb.
Prezidentin çıxışını həm hökumət, həm də müxalifət tənqid edir
Prezidentin çıxışı baş nazir Georgi Kvirikaşvilinin xoşuna gəlməyib. Onun sözlərinə görə, o, “daha dərin, analitik və konsentrə olunmuş çıxış” gözləyirmiş. Hökumətin digər nümayəndələri də təxminən eyni şeyi deyib.
Parlament çoxluğunun nümayəndəsi Nukri Kantariya prezidentin hesabatını “əşyalarını toplamış və danışmağa ərinən adamın çıxışı” adlandırıb. Bitərəf deputat Salome Zurabişvilinin təəssüratına görə, prezident növbəti prezident seçkilərinə hazırlaşır və onun çıxışı bir növ seçkiqabağı proqramdır.
Müxalifət bildirir ki, Marqvelaşvilinin çıxışından xüsusi bir şey gözləmirdilər. Amma onun vacib problemlər haqda “susmasını” qınayırlar.
“Prezident işğal altında olan ərazilərdə insanların oğurlanması, Arçil Tatunaşvilinin qətli, kriminalın artması haqda heç nə danışmadı. O siyasi təqiblər və (İvanişvilinin) qeyri-formal idarəçiliyini də xatırlamadı”, – “Avropa Gürcüstanı” fraksiyasının lideri David Bakradze bəyan edib.
Müxalif “Vahid Milli Hərəkat” partiyasının (Saakaşvilinin partiyası) üzvü Nika Meliya Marqvelaşvilinin çıxışını “orijinal” adlandırıb:
“Marqvelaşvilinin etdiyini təsəvvür eləmək mümkün deyil. O, beş il prezident olub, amma sadəcə boş havadan ibarət hesabatla çıxış etdi. O, əsas məsələlər haqda danışmadı”, – Nika Meliya deyib.