Gürcüstan parlamentinin spikeri: “Rusiyanın Ukraynaya hücumunu pisləyirik”
Şalva Papuaşvili Ukrayna haqda
“Gürcüstan Rusiyanın Ukraynaya hücumunu və onun regionlarının qanunsuz ilhaqını pisləyir, Rusiya Ukraynanın ərazi bütövlüyünü tanımalı və qoşunlarını işğal etdiyi ərazilərdən çıxarmalıdır”. Bu sözləri Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Krım Beynəlxalq Platformasının birinci parlament sammitində çıxışı zamanı deyib.
“Fevralın 24-də Ukrayna xalqı bombalı yağışdan oyandı. Ola bilsin ki, bu, Qərbdə çoxları üçün sürpriz olub, amma təəssüf ki, biz gürcülər, moldovalılar və ukraynalılar bunu artıq dəfələrlə yaşamışıq. Gürcü xalqı yaxşı bildiyiniz kimi, 2008-ci ildə, 1990-cı illərin əvvəllərində Abxaziya və Sxinvali bölgəsində belə hücumların qurbanı olub.
Biz Rusiya tanklarının Gürcüstanın kəndlərini necə məhv etdiyini, Rusiya təyyarələrinin yaxşı gələcəyə olan ümidlərimizi necə bombaladığını görmüşük. Yüz minlərlə insanın öz ata-baba yurdundan didərgin salınmasının şahidi olmuşuq, qırğınlardan, etnik təmizləmələrdən qaçanların övladları, əzizləri ilə birlikdə aylarla, illərlə soyuq zirzəmilərdə necə gizləndiyini görmüşük”.
- Azərbaycan Gürcüstanla müttəfiqliyə can atır. Əliyevin Tbilisi səfərinə sözardı
- Türkiyə Rusiyanın sanksiyalardan yayınmasına şərait yaradır? İstanbuldan icmal
- Keçmiş azərbaycanlı məmur Polşada “Putinin sifarişilə” saxlanılıb?
Papuaşvilinin bu bəyanatı Gürcüstanda anti-Qərb mesajı kimi qiymətləndirilən AŞPA-ya müraciətindən az sonra səsləndirilib. Oktyabrın 24-də Gürcüstan parlamentinin sədri Avropa Şurası Parlament Assambleyasının sədri Martinus Tini Koksa məktub yazıb.
Məktubda Şalva Papuaşvili qeyd edir ki, hakim “Gürcü arzusu” partiyası AŞPA bu qətnamədə keçmiş prezident Mixail Saakaşvilini siyasi məhbus adlandırdığına görə Avropa Şurasının Rusiyanı terrorçu rejim kimi tanıyan qətnaməsini dəstəkləyə bilməyib. Papuaşvili hesab edir ki, bu, qətnamənin mahiyyətinə və ruhuna uyğun gəlmir və “Avropa Şurası Parlament Assambleyasının dəyərlərinə və insan hüquqlarının müdafiəsi üzrə təşkilatın nüfuzuna xələl gətirir”.
Papuaşvilinin məktubda izah etdiyinə görə, Gürcüstanın Ukrayna ilə tam həmrəyliyinə baxmayaraq, aşağıdakı düzəlişin təsdiqlənməsi Gürcüstan nümayəndə heyətinin üzvlərinin qətnaməni dəstəkləməsini qeyri-mümkün edib.