Gürcüstan Parlamentinin sədri və prezidenti konstitusiya islahatlarını bölüşdürə bilmirlər
Gürcüstan Parlamentinin sədri İrakli Kobaxidze yeni Konstitusiya layihəsinin ümumxalq müzakirəsi təşəbbüsünə görə prezident Georgi Marqvelaşvilini tənqid edib.
Kobaxidze xüsusi bəyanatında bildirib ki, martın 10-dan prezident Ali qanun layihəsinin müzakirəsi məqsədilə ictimaiyyət nümayəndələri, siyasi partiyalar, diplomatlar və ekspertlərlə görüşlərə başlamağı planlaşdırır.
“Bu təşəbbüslə Gürcüstan prezidenti növbəti dəfə özünü Gürcüstan Parlamenti ilə qarşılaşdırır və əsas konstitusion demokratik instituta hörmətsizlik ifadə edir”, – Kobaxidze bildirib. O, həmçinin qeyd edib ki, martın 10-da baş tutacaq ilk görüşün vaxtı parlamentin plenar sessiyası ilə üst-üstə düşür, buna görə də Konstitusiya Komissiyasının üzvü olan 34 deputat bu görüşdə iştirak edə bilməyəcək.
Parlament spikeri xatırladıb ki, Gürcüstan qanunvericiliyinə görə, Konstitusiya layihəsinin ümumxalq müzakirələrini parlament təşkil edir. Və bu müzakirə yalnız Konstitusiya dəyişikləri haqda qanun layihəsi parlamentə təqdim olunandan sonra başlaya bilər. Bu isə hələ iki ay sonraya planlaşdırılıb.
Kobaxidze Marqvelaşvilini Konstitusiya Komissiyası qarşısında “süni maneələr yaratmaqdan” çəkindirib və onu qanunvericilik çərçivəsində hərəkət etməyə çağırıb.
Parlament sədrinin bəyanatına Prezident Administrasiyasının rəhbəri Georgi Abaşişvili cavab verib.
“Hələ ötən il dekabrın 12-də biz bəyan etdik ki, konstitusiya məsələləri ilə bağlı geniş müzakirə təmin edəcəyik… Konkret bu məsələyə gəlincə, prezidentin ünvanına səslənən təhdidlərin sırasına biri də əlavə olundu – Konstitusiyanın qarantı olan prezidəndə Konstitusiya haqda danışmaq qadağası. Bu məsələ ilə bağlı hər hansı real şərhə ehtiyac yoxdur”, – Abaşişvili bildirib.
Bir neçə gün əvvəl prezident Marqlvelaşvili hakim partiyanın ümumxalq prezident seçkilərinin ləğvi, dövlət başçısı seçimini parlamentə verilərək, onun səlahiyyətlərinin azaldılması ilə bağlı təklifindən narazılığını açıq ifadə etmişdi. Cavabında parlament sədri bildirmişdi ki, əgər Marqvelaşvili əksəriyyətin Konstitusiya təşəbbüslərini tənqid etməkdən əl çəkməsə, parlament planlaşdırıldığı kimi 2023-cü ildə deyil, artıq 2018-ci ildə ümumxalq prezident seçkilərini ləğv edə bilər.
“Gürcü arzusu” iqtidar partiyası Konstitusiya islahatları aparmaq qərarını ötən ilin oktyabrında keçirilən seçkilərdəki qalibiyyətdən dərhal sonra, ilk dəfə konstitusion çoxluğu qazandığı zaman açıqlamışdı. Ali Qanuna dəyişikliklər üzərində iş Konstitusiya Komissiyası çərçivəsində həyata keçirilir.