Gürcüstan parlamentarlarının üçdə biri bizneslə məşğuldur
Gürcüstan parlamentinin üzvləri deklarasiyalarda qeyd olunmayan biznes aktivlərinə sahibdirlər və qanunvericiliklə qadağan olunmasına baxmayaraq, bizneslə məşğuldurlar. Parlament üzvlərinin fəaliyyətini araşdıran “Beynəlxalq şəffaflıq – Gürcüstan” qeyri-hökumət təşkilatı belə bir nəticəyə gəlib və bununla bağlı müvafiq hesabat açıqlayıb.
Bu hesabatdan aydın olur ki, 150 deputatın üçdə birindən çoxu – 51 deputat – bizleslə əlaqəlidir və istehsalatlarda payları var. On altı deputatda deklarasiya olunmamış biznes aktivləri aşkar olunub. Onlardan on dörd deputat hakim “Gürcü arzusu”, ikisi isə müxalif “Vətənpərvərlərin alyansı”nın üzvləridir.
Bundan əlavə, bəzi deputatların maraqları ilə bağlı olan və tenderlərdə iştirak edən şirkətlər də aşkar olunub. Bir ilə yaxın müddət ərzində özəlləşdirmə proseslərində parlament deputatları ilə bağlı olan üç şirkət iştirak edib. Hamısı da hakim partiyanın üzvləridir.
Misal üçün, “Gürcü arzusu”ndan olan majoritar deputat Kaxaber Okriaşvili udduğu tenderin şərtlərinə uyğun olaraq 16 milyon 585 min lari dəyərində müqavilə imzalayıb.
Bundan başqa, parlamentarlar statuslarına zidd olan fəaliyyətdə iştirak edir, – müəssisələrə rəhbərlik edir, müxtəlif biznes şirkətlərinin müşahidə şuralarının üzvləridir və s.
Misal üçün, doqquz deputat müxtəlif müəssisələrin direktorlarıdır, onlardan yeddi nəfər “Gürcü arzusu”, iki nəfər də müxalif “Vətənpərvərlərin alyansı” və “Avropa Gürcüstanı” partiyalarının üzvləridir.
Biznesdə bir sıra deputatın ailə üzvləri də fəallıq göstərir. İyirmi beş belə hal aşkar edilib, onlardan yeddisi deklarasiya olunmayıb. Hamısı da “Gürcü arzusu”nun üzvləri ilə bağlıdır.
On altı deputat əmlakının bir hissəsini deklarasiyaya daxil etməyib. Gürcüstan qanunvericiliyinə əsasən, parlament deputatlarına yuxarıda qeyd olunan fəaliyyət növlərilə məşğul olmaq qadağandır.
- Qanuna əsasən, gəlirlər haqqında deklarasiyanı düzgün doldurmayan vəzifəli şəxs 1000 lari həcmində cərimə alır.
- Vəzifəli şəxs deklarasiyanı düzgün doldurmasa və ya səhv məlumatlar daxil etsə,onun işi hüquq-mühafizə orqanlarında araşdırılmalıdır.
- Cinayət Məcəlləsinə əsasən, deklarasiyaya dəqiq olmayan və səhv məlumatların daxil edilməsinə görə cərimə və ya 120-200 saat ərzində ictimai işlər, tutduğu vəzifədən azad olunma və ya üç il müddətinə qədər həmin fəaliyyətlə məşğul olmaq qadağası tətbiq olunur. Bununla yanaşı, bizneslə məşğul olan deputatın işini parlament onun deputatlıq səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı araşdırmalıdır.
- Gürcüstanın parlamentinin sıravi üzvünün maaşı 3 min 790 laridir.